Almaniyada dünyanın ən yaşlı nasistinin məhkəməsi başlayır

10:25 / 08.10.2021
835
Almaniyada nasist dövründə yəhudilərə qarşı törədilən
kütləvi qırğında rol oynadığı üçün 100 yaşlı keçmiş hərbi düşərgə gözətçisi
Jozef Şuts mühakimə olunur.
Sfera.az xəbər verir ki, bununla da o, nasist
Almaniyası dövründə törədilən cinayətlərə görə mühakimə olunan ən yaşlı şübhəli
olub.
Jozef Şuts 1942-1945-ci illər arasında Berlinin şimalında
yerləşən Oranienburqdakı Saşenhauzen düşərgəsindəki 3518 məhbusun öldürülməsinə
bilərəkdən və könüllü şəkildə kömək etməkdə günahlandırılır.
Ona qarşı irəli sürülən ittihamlara 1942-ci ildə sovet
əsirlərinin güllələnməsi, eləcə də edama kömək etmək və "Zyklon B” zəhərli qazından
istifadə edərək məhbusların qətlə yetirilməsi daxildir.
Məhkəmənin mətbuat xidmətindən verilən məlumata əsasən,
Jozef Şuts kimisə şəxsi güllələməkdə deyil, gözətçi olaraq bu hərəkətlərə macal
verməkdə və belə cinayətlərin düşərgədə baş verməsindən xəbərdar olaraq hər
hansı addım atmamaqda günahlandırılır.
Əzizə Zeynal