Dünya Əsədlə mübarizədə uduzur - İlk addımı bu ölkə atdı

14:27 / 05.10.2021
1227
"Dünən Suriyada baş vermiş vətəndaş müharibəsindən sonra ilk dəfə
idi ki, Suriya Prezidenti Bəşər Əsəd və İordaniya kralı II Abdullah arasında
telefon danışığı baş tutub. Bu telefon danışığı zamanı iki ölkə arasında mövcud
durum, siyasi-iqtisadi və hərbi vəziyyətin müzakirə edildiyi qeyd edilib”.
Sfera.az bildirir ki, bunu politoloq Samir Hümbətov deyib. Onun sözlərinə görə, burada önəmli olan digər bir məsələ də vətəndaş
müharibəsi zamanı ABŞ-ın təkidi və Səudiyyə Ərəbistanının təşkilatçılığı ilə
2011-ci ilin oktyabr ayında Suriya Ərəb Ölkələri Birliyindən xaric edilməsi
idi:
"Həmin ərəb ölkələri Suriyanı birlikdən çıxarmaqla kifayətlənmədilər, üstəlik
Suriyadakı səfirliklərini bağladılar. Məsələ burasındadır ki, həmin proseslərin
içərisində İordaniya da vardı. Təbii ki, ərəb ölkələrinin hamısının Suriya ilə əlaqələrini
kəsdiyini demək yalnış olar. Oman, Misir, Şimali Afrikanın Ərəb ölkələri və
İraq Suriya ilə münasibətlərini davam etdirdi.
2011-ci ildə Suriyanı Ərəb Ölkələri Birliyindən çıxaran həmin ölkələrin
indi vəziyyətlə barışmağa məcbur olduğu görünür. Ona görə də son zamanlar həmin
ölkələrin Suriya ilə əlaqə qurması istiqamətində addımlar atdığını görmək
mümkündür”.
"Bunun isə bir neçə səbəbi ola bilər.
1) Suriya Ərəb Respublikasında İranın və Rusiyanın təsirini azaltmaq.
2) Suriyanı İsrailə qarşı sərgilədiyi düşmən mövqeyi yumşaltmaq.
3) ABŞ-dan sonra regionda digər güclərin təsirini kifayət qədər azaltmaq
və s.
Turan Rzayev