Çin başqa ölkələrdən hərbi texnika almayacaq – SƏBƏB

11:28 / 05.10.2021
731
Çinin məşhur analitiklərindən Cen Hu qeyd edib ki, Çin yaxın gələcəkdə
artıq heç bir ölkədən hərbi texnika və silah almayacaq. Analitikin sözlərinə
görə, ölkəsi üçün gərəkli bütün hərbi texnikanı Çin özü istehsal edəcək.
Sfera.az xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin
rəhbəri Elxan Şahinoğlu deyib.
O, bildirib ki, Cen Hu fikrini belə əsaslandırıb ki, müdafiə sahəsində
daxili istehsal Çinin müstəqilliyinin və təhlükəsizliyinin başlıca təminatıdır:
"Buna görə də, Çin hərbi texnologiyaları mənimsəməklə heç kimdən
asılı olmayacaq. Hədəf böyükdür. Yeni hərbi texnologiyaya yiyələnmək, istehsalı
təmin etmək üçün maliyyə və düşünən beyinlər lazımdır. Əlbəttə Çinin maliyyəsi
kifayət qədərdir. Ancaq bu çalışmalarda maliyyə işin yarısıdır. Çin uzun illərdir
texnologiyaları və elmi sahələrdəki müxtəlif icadları Qərb ölkələrindən
oğurlamaqla məşğuldur. Tək elə ABŞ-da texnoloji oğurluqlarla bağlı onlarla məhkəmə
işi və yüzlərlə həbslər həyata keçirilib.
Çin Qərb ölkələrindən hərbi texnika ala bilməyib. Pekin bu sahədə Moskva
ilə əməkdaşlığını davam etdirir. Ancaq Çin Rusiyadan yalnız hərbi texnika almaq
istəmir, həmin texnikanın birgə və ya təkbaşına istehsalına da çalışır. Bu
halda Moskva artıq tərəddüd edir. Doğrudur, Moskva Qərblə mübarizədə Pekini
özünün tərəfdaşı sayır. Ancaq Rusiyanın siyasi və ekspert dairələrində Çinlə hərbi
əməkdaşlıq məsələlərində ehtiyatlı olmanın vacibliyi də vurğulanır. Misal üçün
Rusiya Çinə hansısa silah və hərbi texnika satanda Hindistanı da unutmur, bu
ölkəyə də hərbi texnikanın satışını həyata keçirir. Bu hal isə Pekində
narazılıqla qarşılanır”.
Politoloqun sözlərinə görə, ABŞ-ın xarici və təhlükəsizlik siyasəti istər-istəməz
Rusiya ilə Çin arasındakı ittifaqı gücləndirir:
"Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev açıqlama verərək
ABŞ, Avstraliya və Böyük Britaniyanın formalaşdırdıqları AUKUS ittifaqının
Rusiya və Çinə qarşı formalaşan növbəti hərbi blok olduğunu vurğulayıb: "bu
yeni NATO-dur. ABŞ yeni hərbi bloka başqa ölkələri də qoşmaq istəyir. Misal
üçün ABŞ-ın formalaşdırdığı digər dördlüyün – ABŞ, Hindistan, Yaponiya və
Avstraliyanın məramı eynidir. ABŞ digər dövlətləri də antirusiya və antiçin
siyasət yürütməyə sürükləməyə çalışır”.
Turan Rzayev