Azərbaycanda kərə yağı istehlakı azalıb: Qiymət artımının təsiri, yoxsa sağlam həyata keçid?

İqtisadiyyat
11:54 / 04.10.2021
560
Azərbaycanda 2014-cü illə müqayisədə kərə yağı istehlakında ciddi azalma müşahidə olunur. 2014-cü ildə ölkəmizdə 44,5 min ton kərə yağı istehlak edildiyi halda 2020-ci ildə istehlak miqdarı 36,4 min ton təşkil edib.
Sfera.az bildirir ki, kərə yağı istehlakı 2018-ci ildə 32 min tona qədər azalmışdı. Amma 2019 və 2020-ci illərdə istehlakda yenidən artım baş verib.
Son 2 ildə istehlakda artım olsa da, 7 il əvvəlki tarixlə müqayisədə istehlak miqdarı xeyli azdır.
Ümumilikdə, 2007-2014-cü illərdə kərə yağı istehlakında davamlı artım olub. Bu müddətdə istehlak miqdarı 20,2 min tondan 44,5 min tona qədər yüksəlib. 2010-2015-ci illər ərzində kərə yağının istehlakı 40 min tondan artıq olub.
2014-cü ildən sonra kərə yağı istehlakının azalması 2 amillə əlaqələndirilə bilər. Birinci əsas amil devalvasiyadan sonra kərə yağının qiymətinin kəskin artmasıdır. 2014-cü ildə pərakəndə bazarda kərə yağının bir kiloqramının orta qiyməti 6,8 manat olub. Orta qiymət 2016-cı ildə 9,5 manata, 2018-ci ildə 16 manata yüksəlib. Müqayisə göstərir ki, 2014-2018-ci illər ərzində kərə yağının pərakəndə satış qiyməti 9,2 manat və ya 135,3 faiz (2,35 dəfə) artıb. Qısa müddətdə kəskin qiymət artımı həmin məhsulun alış miqdarını xeyli azaldıb.
2018-2020-ci illərdə isə kərə yağının qiymətində ciddi dəyişiklik baş verməyib. Bu müddətdə orta qiymət 0,4-0,5 manat yüksəlib. Qiymətin 2 il ərzində sabit qalması kərə yağı istehlakının yenidən artırılmasına kömək edib.
Kərə yağı istehlakının azalmasına təsir edən ikinci amil əhalinin yağ rasionunun dəyişməsidir. Bu amil qısa müddətdə istehlakın azalmasına ciddi təsir göstərməsə də, müəyyən təsir imkanları olub.
Əhali son illərdə bitki mənşəli yağların istehlakını artırır, zeytun, qarğıdalı və günəbaxan yağlarının istehlakı artıb. Bu amil digər yağların, o cümlədən kərə yağının istehlakının azalmasına təsir edib.
Azərbaycanda son illərdə kərə yağı istehlakının azalması onun idxalını da azaldıb. İdxal miqdarı 2014-cü ildəki 21,7 min tondan 2018-ci ildəki 9,76 min tona qədər geriləyib. 2020-ci ildə isə idxal tələbin artması ilə yenidən artaraq 15 min tonu ötüb.
2021-ci ildə kərə yağının qiymətində ciddi dəyişiklik olmadığından ehtimal edə bilərik ki, bu il kərə yağının istehlak miqdarında bir qədər artım baş verəcək.
Vasif
Sfera.az