Qaribaşvilinin Azərbaycan səfərinin MƏQSƏDİ: “Oktyabrda keçiriləcək seçkilərdə...”

14:22 / 30.09.2021
817
"Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin Ermənistan və Azərbaycan arasında vasitəçilik etməsi regionda ümumi təhlükəsizliyə və sülhə xidmət edə bilər”.
Bunu Sfera.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. O, Gürcüstanın vasitəçiliyinin mümkün olmadığını vurğulayıb:
"İlk növbədə Rusiya buna imkan verməyəcək və rəsmi Tiflis yalnız iki ölkənin təkliflərini bir-birlərinə çatdıra bilər. Ermənistan-Azərbaycan arasında mümkün münasibətlərin normallaşması 10 noyabr və 11 yanvar razılaşmalarının yerinə yetirilməsindən sonra mümkündür. Burada əsas vasitəçi Rusiyadır.
İrakli Qaribaşvilinin Azərbaycana səfəri və apardığı danışıqlar ölkəsi ilə Azərbaycan arasında siyasi-iqtisadi əlaqələrin inkişafı və oktyabrda keçiriləcək seçkilərdə Azərbaycanın tam dəstəyinin almasına hesablanıb. Ona görə də bu səfər təkcə vasitəçilik missiyası kimi xarakterizə edilməməlidir”.
Müsahibimiz qeyd edib ki, Azərbaycan tərəfi Gürcüstanın vasitəçiliyinə müsbət yanaşır:
"Amma bu, Gürcüstanın görəcəyi iş deyil. Öncə, Ermənistan müstəqil siyasətə malik deyil, Rusiyadan asılıdır. Moskvadan verilən təlimatlar Yerevan üçün keçərlidir. Əgər, Yerevan Tiflisin vasitəçiliyinə razıdırsa, Moskva bunun qarşısını alacaq. Gürcüstanın vasitəçiliyi onda səmərəli və müsbət ola bilər ki, Ermənistan hakimiyyəti müstəqil siyasətə malik olsun. İndiki şərtlərlə Yerevan buna hazır deyil.
Bu il aprel ayında Gürcüstanın vasitəçiliyi ilə mina xəritələrinin verilməsi həyata keçirildi. Məlum oldu ki, Ermənistan Gürcüstanı da aldadıb. Rəsmi Tiflis yalnız humanitar missiyalarda vasitəçi ola bilər. Sülh müqaviləsi isə böyük dövlətlərin iştirakı və vasitəçiliyi ilə reallaşır”.
Xatırladaq ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 29-da Azərbaycan Respublikasına səfərə gəlmişdi.
Günay Rəsulqızı
Sfera.az