AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri ittihamlara cavab verdi – “Lehimizə olan məsələlər də var”

13:44 / 30.09.2021
1224
Xəbər
verdiyimiz kimi, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız
sessiyasında "Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri"
adlı qətnamə qəbul edib. Qəbul edilən qətnamə sosial şəbəkənin Azərbaycan
seqmentində, həmçinin siyasətçilər tərəfindən narazılıqla qarşılanıb. Azərbaycanın
AŞPA-dakı deputat qrupu əleyhimizə yönələn bu qətnamənin qarşısını ala bilməməklə
günahlandırılıb.
Məsələ
ilə bağlı Sfera.az-a açıqlama verən Azərbaycanın Avropa Şurası Parlament
Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq
əlaqələr və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib
ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında "Ermənistan
və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri" adlı qətnaməsində
Azərbaycan lehinə xeyli məsələr öz əksini tapıb:
"Misal
üçün, qətnamədə Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 4 minə yaxın azərbaycanlı
və onların taleyi, minalanmış ərazilər, Ağdam, Füzuli şəhərlərinin dağılması,
konfliktdən kənar yaşayış məskənlərinə Ermənistan silahlı qüvvələri tərəfindən
atəş açılması və hədəfə alınması kimi məsələlər də öz əksini tapıb. Bundan
başqa, Ermənistanın bizim tarixi, mədəni abidələrimizi dağıtması və s. məsələlər
də qətnamədə qeyd edilib”.
"Azərbaycanın AŞPA-dakı deputat qrupu bu qətnamənin əleyhinə səs verib. Bəli qətnamədə qeyri-obyektiv məsələlər də var. Məsələn, guya biz 44 günlük müharibə zamanı suriyalı terrorçulardan istifadə etmişik. Bundan başqa, Turkiyə ilə bağlı həqiqəti əks etdirməyən iddialar da var. Lakin qətnamənin içərisində bizi qane edən və milli maraqlarımıza uyğun məsələlər də mövcuddur”.
Turan
Rzayev