Ağ Evlə Pentaqon arasında Əfqanıstan krizi: Bir-birlərini təkzib edən açıqlamalar verdilər

10:53 / 29.09.2021
487
ABŞ-da Əfqanıstanla bağlı fikirlər haçalanıb.
Sfera.az bildirir ki, bu istiqamətdə Pentaqonla Ağ Ev arasında gərginlik yaşanıb. Belə ki, ABŞ-ın Baş Qərargahı rəisi General Mark Milley, müdafiə naziri Lloyd Austin və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri general Kennet Makkenzi ilə birlikdə Senatın Silahlı Qüvvələr Komitəsində Əfqanıstandan geri çəkilmə prosesi ilə əlaqəli detalları açıqlayıb.
Milley o vaxtkı müdafiə naziri Mark Esperin 9 Noyabr 2020-ci ildə Əfqanıstandakı qoşun sayının 2500-ə endirilənə qədər tədricən geri çəkilmə haqqında bir məktub göndərdiyini söyləyib:
"İki gün sonra isə, ABŞ ordusunun bütün qüvvələrini Əfqanıstandan ən gec 15 yanvar 2021 -ci ilə qədər çıxarmaq əmri aldım”.
ABŞ Prezidenti Co Baydenin 20 yanvar tarixində vəzifəyə başlayanda Əfqanıstanda 3500 ABŞ əsgəri, 5400 NATO əsgəri və 6300 müqaviləli personal olduğunu deyən Milley, ölkədəki vəziyyətin strateji bir çıxılmaz hala gəldiyini və Baydenin aprel ayında tamamilə geri çəkilməyə qərar verdiyini bildirib.
Baş Qərargahı rəisi çıxışında "Taliban”ın Əfqanıstanı bu qədər tez ələ keçirəcəyini təxmin etmədiklərini vurğulayıb. O, həmçinin "Taliban”nın hələ də Əl-Qaidə ilə əlaqələri olan "terror təşkilatı" olaraq qaldığını bildirib. Sözügedən terror təşkilatının yenidən dirçəlmə ehtimalı ilə bağlı xəbərdarlıq edən Milley
"Əfqanıstandakı Əl-Qaidə terroristləri 12 ay içində ABŞ-ı yenə təhdid edə bilər”, - deyə əlavə edib.
Digər tərəfdən Baş Qərargah rəisinin Co Baydenlə bağlı fikirləri Ağ Evin narazılığına səbəb olub. Milley çıxışında Baydenin iddialarını təkzib edib və rəhbərliyə özü və digər komandirlərin Əfqanıstanda 2500 əsgəri saxlamağı tövsiyə etdiyini, lakin bunun qəbul edilmədiyini deyib. Ağ Ev isə "tövsiyə” açıqlamasının həqiqətə uyğun olmadığını bildirib.
Bununla bağlı Ağ Evin mətbuat katibi Jen Psaki sosial şəbəkə hesabında "Əfqanıstanda müharibəni bitirmək milli maraqlarımıza uyğun idi. Bayden bu mövzuda tövsiyələrin fərqli olduğunu qeyd etmişdi. Lakin əvvəlki rəhbərliyin razılaşmasına əsasən, yekdilliklə 2500 əsgəri Əfqanıstanda buraxmağın gərginliyə səbəb olacağına qərar verildi. Müdafiə Naziri, Baş Qərargah rəisi və general Kennet Makkenzi də bunu vurğuladı”, - deyə qeyd edib.
Xatırladaq ki, bundan öncə də Co Bayden ABC televiziyasına müsahibəsi zamanı Əfqanıstanda 2500 əsgərin saxlanılması ilə bağlı tövsiyələri təkzib etmişdi.
Günay Rəsulqızı
Sfera.az