“Çin hədəfdirsə, demək Rusiya da hədəfdir” - Politoloq

Siyasət
11:18 / 28.09.2021
727
"Sentyabrın
25-də 4 ölkənin - ABŞ, Hindistan, Avstraliya və Yaponiyanın liderləri
Vaşinqtonda bir araya gəlib. Liderlər koronavirusla mübarizədən tutmuş, iqlim dəyişikliklərinə
qədər bir çox mövzunu müzakirə edib. Ancaq dördlüyün əsas narahatlıq yaradan
mövzusu fərqlidir – Çin”.
Sfera.az
xəbər verir ki, bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan
Şahinoğlu qeyd edib.
O
bildirib ki, Pekin mövcud dördlüyü özü üçün real təhlükə kimi qiymətləndirir: "Təsadüfi
deyil ki, Pekin Vaşinqtonda toplaşan dördlüyün "uğur qazanmayacağını” bəyan
edib. Halbuki dördlüyün ilk müzakirə etdiyi mövzu koronavirusla mübarizə olub.
Buna baxmayaraq, Pekin dördlüyün bütün təşəbbüslərinin nəticəsiz qalacağını
vurğulayıb. Çində Vaşinqton toplantısını daha qəzəbli şərh edənlər də az
olmayıb.
Bundan əvvəl
Vaşintonda Avstraliya-ABŞ-Böyük Britaniya ittifaqının yaradıldığı elan
edilmişdi. Pekin bu ittifaqı da özünə qarşı qurulmuş oyun kimi qiymətləndirib.
Qısa adı AUKUS (3 ölkənin ingilis dilində adlarının ilk başlıqlarıdır) olan
birlik Hind və Sakit okean bölgəsində əməkdaşlıq edəcəklərini gizlətmirlər.
Avstraliya bu məqsədlə Amerika texnologiyaları əsasında atom sualtı gəmilər
istehsal edəcək.
Hindistan
və Yaponiya ilə birlikdə dördlükdə yer alan Avstraliyanın Baş naziri Skot
Morrison Vaşinqtondakı toplantıda çıxışında Hind və Sakit okean bölgəsindən danışıb:
"Biz Hind və Sakit okean ölkələriyik. Bu bölgədə sülh və inkişafa ehtiyac var.
Bütün məsələlər millətlərə hörmət və danışıqlar, o cümlədən beynəlxalq hüquq əsasında
həll olunmalıdır”.
Politoloq
qeyd edib ki, Şübhəsiz Avstraliyanın baş naziri əks-qütbdə Çini nəzərdə tutub:
Dördlüyün sammiti çərçivəsində ABŞ Prezidenti Co Bayden Hindistanın Baş naziri Narendra Modi ilə ayrıca görüşüb. İki ölkə arasında sıx əlaqələr mövcuddur. Hindistan da Avstraliya kimi Çinin regional siyasətindən narazıdır. Ötən il iki ölkə arasındakı sərhəddə baş verən insidentlər də buna sübutdur.
Buna
baxmayaraq, Narendra Modi Co Baydenlə görüşün rəsmi hissəsində Çinin adını çəkməyib.
İki lider koronavirusa qarşı ortaq vaksinin istehsalı ilə bağlı fikir mübadiləsi
aparıblar. Bayden ümid etdiyini bildirib ki, Hindistanın milyard doz vaksin
istehsalına az qalıb. Öz növbəsində Narendra Modi verilən dəstəyə görə Baydenə
bu sözlərlə minnətdarlığını bildirib: "Ortaq vaksin istehsalı Hind və Sakit
okean ölkələrinin virusa qarşı mübarizəsini daha effektli edəcək. Bundan başqa
Hindistan kiçik və kasıb ölkələri də vaksinlərlə təmin etməyə hazırdır”.
Sammitdə
çıxış edən Yaponiyanın Baş naziri Esixide Suqa ittifaqdan məmnun qaldığını
bildirib: "Biz dörd demokratik ölkə olaraq müxtəlif çağırışlara hazır
olmalıyıq. Digər tərəfdən Hind və Sakit okean bölgəsində barış və inkişafa təkan
verməliyik”.
Turan
Rzayev