“Regionda güc balansının dəyişməsinin vaxtı çoxdan çatıb” - Politoloq

12:03 / 27.09.2021
775
"İkinci Qarabağ
savaşının başlamasından bir il keçir. Bu bir il ərzində Azərbaycanın atdığı
addımlar və qazandığı zəfər həm regionda, həm də dünyada ciddi siyasi dəyişimlərin
yaşanmasına səbəb oldu”.
Bu sözləri Sfera.az-a "Atlas” Araşdırmalar Mərkəzinin
eksperti Samir Hümbətov deyib.
O, bildirib ki, uzun illərdir, dondurulmuş və həm də davam
edən münaqişənin bir gün ciddi, hərbi toqquşmaya çevriləcəyi şübhəsiz idi və
belə də oldu:
II Qarabağ savaşından öncə dəfələrlə Ermənistan tərəfi ciddi təxribatlara əl atmış və lokal xarakterli silahlı qarşıdurmalar yaşanmışdır. 2016-cı il aprel döyüşləri həm Ermənistan, həm də Azərbaycan baxımından bir neçə məsələni açmış oldu”.
Politoloqun sözlərinə görə, münaqişənin davam etdirilməsində
maraqlı oldan dövlətlər Qarabağ savaşının bitməsində maraqlı görünmürlər:
"Regionda güc balansının dəyişməsi vaxtı çoxdan çatıb.
Aprel döyüşlərindən sonra ikici böyük lokal toqquşma 2020-ci ilin iyul ayının
12-də Tovuz döyüşləri oldu. Bu döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin
general-mayoru Polad Həşimov şəhid oldu. Bu döyüşlərin digər önəmli hadisəsi Azərbaycan
Silahlı Qüvvələrinin müharibə başlayarsa hansı hərbi taktiki manevrlərdən
istifadə etməli olduğunu göstərdi.
Nəhayət, İkinci Qarabağ savaşı başlamadan
öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT Baş
Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı Ermənistan tərəfinin təxribatları
artırdığını və bunun nəticəsində regionda yenidən müharibənin alovlanacağı barəsində
həyəcan siqnalını vermiş oldu.
Bu hadisədən qısa müddət sonra Ermənistanın davam edən təxribatı
daha da intensivləşdi. I Qarabağ savaşı zamanı başqalarının köməyi sayəsində
"qələbə" əldə etmiş Ermənistan tərəfi yeni torpaqlar əldə etmək üçün
hücuma keçdi. Bu isə Ermənistan ordusunun sonu oldu. Ermənistanın hücumlarına
cavab olaraq Azərbaycan da əks-həmləyə başladı və beləliklə II Qarabağ savaşı
başladı”.
"1) Bu savaş Azərbaycanın 30 il ərzində həm siyasi, həm
iqtisadi, həm də hərbi sahdə ciddi uğurlar qazandığını göstərmiş oldu.
2) Münaqişənin 30 ilə yaxın davam etməsində maraqlı olan bəzi
qüvvələr, xüsusilə də Rusiyadakı və İrandakı bəzi qüvvələr Türkiyənin gücü
qarşısında geri addım ataraq II Qarabağ savaşında açıq şəkildə Ermənistana dəstək
verə bilmədilər.
3) Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevin qətiyyəti sayəsində ordumuz inamla irəlilədi və torpaqlarımız işğaldan
azad edildi və münaqişənin həllində ciddi uğurlar əldə edildi.
Müharibənin başlamasından bəri Türkiyənin, xüsusilə Prezident Rəcəb Tayyib Ərdoğanın göstərdiyi qətiyyət Azərbaycanın Zəfərə daha inamla addımlamasına şərait yaratdı. Bundan sonra Azərbaycan regionda əsas rola sahib ölkə olacağı heçkim üçün sirr deyil. İndi növbəti hədəf Zəngəzur dəhlizinin açılmasına və rus "sülhməramlıları"nın Qarabağdan çıxmasına münbit şərait yaratmaqdan ibarət olmalıdır. Bunun üçün isə kifayət qədər potensial mövcuddur”.
Turan Rzayev