BMT sessiyası: Arzular və reallıqlar

BMT sessiyası: Arzular və reallıqlar
"BMT Baş Assambleyası adəti üzrə sentyabrın 20-də öz işinə başladı. Böyük və kiçik ölkələrin liderləri BMT tribunasından istifadə edərək çıxışlar edir, dərdlərini beynəlxalq aləmə anladırlar”.
 
Sfera.az xəbər veri ki, bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu BMT Baş Assambleyasının bu ilki işi haqda danışarkən deyib.
O bildirib, ABŞ Prezidenti Co Bayden prezident kimi ilk çıxışını BMT-nin 76-cı sessiyasında etdi:

Baydenin çıxışı zamanı iki tezis diqqəti çəkib: "Birincisi, Baydenin sözlərinə görə, Amerika ilk dəfədir ki, heç yerdə müharibə aparmır.  İkincisi, Amerika "soyuq müharibənin” bərpasında maraqlı deyil, müxtəlif dövlətlərlə anlaşmazlılqarı danışıqlar yolu ilə həll etməyə maraq göstərir. Amerika hazırda müharibə aparmasa da bu durum uzun çəkməyəcək. Amerika İkinci Dünya müharibəsindən sonra böyüklü-kiçikli onlarla müharibədə ya iştirak edib, ya da səbəbkarı olub. Bu sırada 1950-ci illərdə Koreya, 1960-1970-ci illərdə Vyetnam müharibələrini göstərmək olar, Qrenada adasına desant çıxarma, İraq, Əfqanıstana hərbi müdaxilələr, Afrika və Cənubi Amerikadakı müharibələrdə və çevrilişlərdə qeyri-rəsmi iştiraklar da bu qəbilədəndir.
 
E. Şahinoğlunun sözlərinə görə, Baydenin Amerika qoşunlarını Əfqanıstandan çıxartması başqa münaqişədə iştirak etməyəcəyi anlamına gəlmir:

"Digər tərəfdən, Amerikanın xarici və təhlükəsizlik siyasətində davamlılıq yoxdur. Yəni Baydendən sonrakı prezident Ağ Evin indiki rəhbərindən fərqli olaraq hesab edə bilər ki, Amerikaya kiçik müharibə lazımdır və qoşunlarını istədiyi bölgəyə göndərə bilər. Bu zaman Baydenin 2021-ci ilin sentyabrında "biz müharibə istəmirik” sözləri xatırlanmayacaq.

Co Baydenin "biz soyuq müharibə istəmirik” qərarını yalnız Ağ Ev sahibi verə bilməz. Əgər Konqres, Pentaqon, Dövlət Departamenti və ya Mərkəzi Kəşfiyyat İdarəsi hesab edirlərsə ki, Rusiyanın və ya Çinin siyasəti Amerika üçün real təhlükədir, bu halda Ağ Evdə oturan şəxs fərqli siyasət yürüdə, Moskva və Pekinə qarşı sanskiyalardan imtina edə bilməyəcək. Bayden çıxışında özü də dedi ki, kiçik dövlətləri və tərəfdaşlarını xarici təzyiqlərdən qoruyacaqlar. Belə olan halda Bayden misal üçün keçmiş prezidentlər Barak Obama və Donald Tramp kimi Ukraynanı Rusiyadan qorumalıdır.
 
Politoloq bildirib ki, Çin də Amerika ilə münasibətlərdə gərginlik istəmir:
 
"Ancaq əgər Çin bölgədə hərbi gücünü artırırsa, müxtəlif adalara, o cümlədən Tayvana iddia edirsə, qonşuları – Hindistan, Yaponiya və Avstraliya ilə sərt dildə danışırsa, Amerikanın özündə texnologiyaları oğurlamaqla məşğuldursa, tərəfdaşlıq alınmayacaq. 
 
İran prezidenti İbrahim Rəisi BMT sessiyasına videkonfrans vasitəsilə qatılaraq ABŞ-ı bu sözlərlə sərt tənqid etdi: "Bu il iki hadisə baş verdi. Yanvarın 6-da ABŞ Konrqesinə hücum edildi, avqust ayında Əfqanıstan Amerikanın işğalından qurtuldu. Kapitoli binasından Kabilə qədər hamıya ismarıc göndərildi:
ABŞ-ın hegemonist sistemi inamsızlıq yaradır”. İndi bu sözlərin qarşılığında Baydenin Tehranla necə dil tapacağı sual doğurur. O biri tərəfdən Amerikanın strateji müttəfiqi İsrail Vaşinqtonu Tehrana qarşı siyasətini sərtləşdirməyə çağırır.
 
Politoloqun sözlərinə görə, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan sentyabrın 21-də BMT Baş Assambleyasında çıxışında məlum tezisini təkrarladı:
 
"Dünya 5-dən böyükdür”. Başqa sözlə, dünyanın problemlərinə yalnız BMT-nin 5 daimi üzvü – ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa əncam çəkməməlidirlər, başqalarının da bu sıraya qoşulması əhəmiyyətlidir. Ərdoğan bu tezisi illərdir dönə-dönə təkrarlasa da, 5 daimi üzv BMT-də inhisarçılıqlarını başqaları ilə bölüşmək fikrində deyillər. Halbuki öz bölgələrinin söz sahibi olan Türkiyənin, Hindistanın, Almaniyanın, Yaponiyanın və ya Braziliya kimi dövlətlərin BMT daimi üzvlüyü ədalətli qərar olardı. Ərdoğan həm də bu dövlətlər üçün ədalət tələb edir.
 
Bu Azərbaycanın müharibədə qazandığı qələbədən sonra BMT-nin ilk sessiyası idi. Ona görə də Ərdoğan çıxışında bu mövzudan yan keçmədi: "Azərbaycan özünümüdafiə hüququndan istifadə edərək Təhlükəsizlik Şurasının illərdir tətbiq olunmayan qərarlarına mövzu olan torpaqlarındakı işğala son verib. Bu hadisə bölgədə daimi sülh adına yeni fürsət pəncərələrinin açılmasına şərait yaradıb. Tərəflərin atacağı hər bir müsbət addımı dəstəkləmək qərarındayıq”.
Bu abzasda həm BMT qətnamələri əsasında Azərbaycanın öz ərazilərini azad etmək haqqından yararlandığı, həm də regional əməkdaşlıq üçün imkanların açıldığı ismarıcı var".
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Meyxanaçı Ağamirzənin qızı ABŞ-də yaşayırmış

"Əsas nigarançılıq oğlan övladlarından olur. Qız belədir ki, ona nəyisə izah edəndə başa düşür. Lakin oğlan başqa adamlara qoşula bilir".   ...

İrəvanda qasırğa: 2 təyyarə eniş edə bilmir

Ermənistanın paytaxtı İrəvan şəhərində iki təyyarə güclü küləyə görə yerə enə bilmir.   Sfera.az xəbər verir ki, bu barədə “Sputnik Armeni...

Şəhid polkovnik-leytenantın 13 yaşlı qızı vəfat etdi

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Zaur Cəfərovun 13 yaşlı qızı Səlbi Cəfərli bu gün vəfat edib.   Sfera.az xəbər verir ki, yeniyetmə k...

Paytaxt yolları gecə saatlarında keçilməz oldu -SİYAHI

Üç günlük qeyri-iş gününün sonuncu günündə, xüsusilə də Bakı-Sumqayıt şosesi və paytaxta cənub istiqamətdən girişdə yollarda nəqliyyat sıxlığı müşahidə olunur. ...

"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?"

"Bir nəfər yazıb ki, icbari tibbi sığorta ilə MRT (Maqnit Rezonans Tomoqrafiyası) müayinəsindən keçməyə çalışdım. Növbəm 811-ci idi. Özü də ağır xəstəlikdə...

Valideynlərin günahının qurbanı olan UŞAQLAR...

Dünyaya gələn hər uşaq, hər körpə ölkənin qanuni vətəndaşı, tamhüquqlu fərdidir. Bu, normal ailələrdə doğulan, yaxud vətəndaşların qanunsuz, nikaha girmədən dün...