SSRİ-nin ən ötkəm qadın naziri niyə intihar etmişdi? – Xruşovun sevgilisi, yoxsa xilaskarı?

11:07 / 22.09.2021
1232
1950-ci
illərdən sonra SSRİ-nin siyasi elitasında tanınmış simalardan biri də
Yekaterina Furtseva olub. Əslində, kənardan çox xoşbəxt və şanslı
görünən Furtsevanın həyatı o qədər də rahat olmayıb. Sfera.az bu sirli xanım siyasətçinin həyat yoluna işıq salmağa çalışıb.
1910-cu ildə Tverdə anadan olan Yekaterina Furtseva
atasını erkən yaşlarında itirib. O, anasına kömək etmək üçün yeddiillik təhsildən
sonra əmək fəaliyyətinə başlayıb, toxuculuq fabrikində işləyib. Ağır həyat tərzi
ilə barışmayan Furtseva uğurlu gələcəyi üçün bütün gücündən istifadə edib və
ali təhsil almağı qarşısına məqsəd qoyub.

İşlədiyi toxuculuq fabrikinin komsomol təşkilatının
fəallarından biri sayılan Furtseva axşam məktəbində tam orta təhsilini başa
vurduqdan sonra, elə komsomol təşkilatının göndərişi ilə Lomonosov adına Kimya
Texnologiyaları İnstitutuna daxil olub. Ali təhsil aldıqdan sonra o, fəaliyyətini
komsomol və partiya orqanlarına bağlayıb.
Artıq 1935-ci ildə Yekaterina Furtseva Ümumittifaq
Komsomol Təşkilatının mərkəzi aparatında işləyib. Sovet-alman müharibəsi başlayanda o, Moskvadakı zavod və fabriklərin
Kuybışevə təxliyyə olunmasında fəal iştirak edib. Çevikliyi, iş bacarığı, fəallığı
nəzərə alınaraq 1941-ci ildə, əvvəlcə
onu Kuybışev şəhər Partiya Komitəsinin katibi, 1942-ci ildə isə Moskva şəhər
Frunze rayon Partiya Komitəsinin birinci katibi təyin ediblər.
Furtsevanın Nikita Xruşovla tanışlığı və yaxın
münasibəti 1949-cu ildə Xruşovun Moskva vilayət Partiya Komitəsinin birinci
katibi
vəzifəsinə təyinatından sonra başlayıb. Bu tanışlıq Furtsevanın siyasi
karyerasında mühüm rol oynayıb. Belə ki, Xruşov qısa xidməti münasibətlərdən
sonra Furtsevanı Moskvaya ikinci katib təyin edib.
Furtsevanın siyasət yollarında yanan "yaşıl işıqlar” bununla yekunlaşmayıb. Stalinin vəfatından
sonra hakimiyyəti ələ keçirən Xruşov kadr "islahat”larında Furtsevaya böyük
etimad göstərib, ona Moskva şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsini
həvalə edib.

Paytaxtın 44 yaşlı birinci katibi Mərkəzi Komitədə ən
ötkəm məmurlardan biri sayılıb. Siyasi Büro üzvü olaraq ölkə üçün taleyüklü məsələlərdə
xanım siyasətçi əsas söz sahiblərindən biri olub.
Yekaterina Furtseva Stalin komandasından qalan məmurların
Xruşova qarşı təzyiqlərinin qarşısının alınmasında xüsusi fəallıq göstərib və
sözsüz ki, bunun müqabilində yeni vəzifə "bonus”ları qazanıb.
1957-ci ildə isə Furtsevanın Xruşova nümayiş
etdirdiyi sədaqət onun Kremldəki mövqelərini daha da möhkəmləndirib. Belə ki, həmin
il Molotov, Kaqanoviç, Malenkov, Bulqanin, Voroşilov və Şepilov Xruşovu SSRİ rəhbərliyindən
kənarlaşdırmağa cəhd ediblər. Mərkəzi Komitənin növbəti iclasında tribunaya
çıxan Molotov müzakirə olunacaq məsələni kənara qoyaraq Xruşovun yarıtmaz
siyasi fəaliyyəti haqda çıxış edib. O cümlədən, yuxarıda adları çəkilənlər də
çıxışlarını bu mövzunun üzərində qurublar. Xruşov deyilənlərlə
razılaşmayaraq bu məsələnin yalnız plenumda müzakirə edilməsinin mümkünlüyünü
söyləyib:
"Məni bu vəzifəyə plenum seçib, bu vəzifədən də
plenum azad edə bilər”.

İclas çox gərgin, mübahisəli keçib. Furtseva anlayıb
ki, iclasın son qərarı plenumun üzvlərinin dəvət olunması ilə nəticələnəcək.
Mübahisələrin davam etdiyi bir məqamda Furtseva qəfil ayağa qalxaraq tualetə
getmək üçün icazə istəyib. Kişilər üçün tualet iclas zalının lap yaxınlığında yerləşib, qadınlar üçün
isə binanın tamam əks istiqamətində olub. Ora gedib qayıtmaq üçün ən azı 10 dəqiqə
vaxt lazım olduğunu hamı bilib. Bunu nəzərə alan Furtseva zaldan çıxan kimi öz
otağına tələsib və Xruşovun tərəfdarlarına tez zəng edərək məsələni agah edib,
onları təlimatlandırıb.
Beləliklə, plenum üzvləri yığışdıqdan sonra məsələ müzakirə olunub, Xruşovu "təslim”
etmək mümkün olmayıb.
Müasirləri həmin plenumda xanım siyasətçinin fəallığını
və hərəkətlərini əsl siyasi möcüzə adlandırıblar. Həmçinin Furtsevanın həmin
plenumda Xruşov əleyhinə çıxanları "antipartiya qrupu” adlandırması da Kremlin
siyasi həyatında ən cəsarətli addımlardan biri sayılıb. Bu hadisədən sonra
Furtesavanı "Xruşovun xilaskarı” adlandırıblar.
"Bütün xarici səfərlərdə nümayəndə heyətinə
Furtsevanı da əlavə edin. O mənə həmişə lazımdır...”

Həmin dövrdə Xruşovla Furtseva arasında sevgi
münasibətlərinin olması haqda çox söhbətlər gəzib. Hətta bu söhbətlər Xruşovun ailəsində də müzakirə
mövzusuna çevrilib. Çoxları Kremldə Furtsevanı "Xruşovun sevgilisi” kimi qəbul
edib. Amma bu söhbətlər heç vaxt öz təsdiqini tapmayıb. Onların arasında vahid
komanda üzvləri kimi sırf işgüzar münasibətlərin olması daha çox təsdiqlənib. Sonda
cazibədar xanım siyasətçinin başqaları ilə sevgi oyunları bu şayələrə son
qoyub.
Furtseva
birinci dəfə Bitkov adlı təyyarəçi ilə ailə həyatı qurub. Çütlüyün bir qız
övladları dünyaya gəlib. Bitkov müharibədən qayıtdıqdan sonra Furtsevaya başqa
bir qadınla sevgi münasibətində olduğunu etiraf edib. Bunun qarşılığında
Furtsevanın etirafı daha "sərt” səslənib. O, Bitkova xəyanət etdiyini bildirib,
qızlarının atasının heç də Bitkov olmadığını söyləyib. Beləliklə, ailə birliyi
dağılıb. 1954-cü ildə Furtseva ikinci dəfə Fryubinlə ailə həyatı qurub. Bu
nikahdan Fryubin daha çox "qazanıb”. O, Furtsevanın sayəsində əvvəlcə Çexoslovakiyaya
səfir göndərilib, sonra SSRİ xarici işlər nazirinin müavini vəzifəsinə təyin
edilib. Amma bu sevda da uzun çəkməyib, Fryubin Fursevanın qızını qəbul edə
bilməyib və o, Furtsevaya görə atdığı birinci ailəsinin yanına qayıdıb.

1960-cı
ildə SSRİ-nin mədəniyyət naziri təyin olunan Yekaterina Furtsevanın siyasi fəaliyyətində
yeni era başlayıb. O, bu sahədə bir çox yeniliklərə imza atıb. Xüsusilə, xarici
ölkələrə qastrol məsələsində mədəniyyət və incəsənət nümayəndələrinin "KQB”
qadağalarına xanım nazir birdəfəlik son qoyub.
Elə
Müslüm Maqomayevin Milanın "La Skala” teatrında təcrübəyə getməsində qarşıya
çıxan maneələri də Furtseva aradan qaldırıb. Həmin dövrdə istənilən bir müğənni
üçün Milan opera teatrına getmək çox müşkül məsələ sayılıb. O vaxtlar xaricə
göndərilənlərin tərcümeyi-halı şəffaf və qüsursuz olmalı idi. Müslüm
Maqomayevin tərcümeyi-halında isə "boşanıb”, "komsomolçu olmayıb” kimi qeydlər
onun səfərinin üstündən xətt çəkmək üçün yetərli sayılıb. Buna baxmayaraq, o,
maneələri keçə bilib. Və təbii ki, bu maneələr Furtsevanın sayəsində keçilib.

İşində
son dərəcə ciddi və tələbkar olan Furtseva şəxsi həyatında bir o qədər sərbəst, əyləncəyə meylli qadın olub. Gecə
yarıyadək davam edən məclislər onun həyatında adi hala çevrilib. İçkiyə meyilli
olan Fureseva bəzən səhərə qədər dostları və rəfiqələri ilə bütün gecəni qədəh
toqquşdurmaqla keçirib. Amma bu həyat tərzi onun xoşbəxt taleyindən irəli gəlməyib.
Anası vəfat etdikdən, qızı ailə qurub onun yanından köçdükdən sonra tənhalıq
Furtsevanı sıxıb. O isə bu sıxıntıların "qisasını” alkoqollu işkilərdən alıb.
Sonluq isə acınacaqlı yekunlaşıb.
İlham Cəmiloğlu
Sfera.az