“İran tanklarının üzərinə Xamneyinin bu fikirlərini yazmaqla…” - MÜSAHİBƏ

“İran tanklarının üzərinə Xamneyinin bu fikirlərini yazmaqla…” - MÜSAHİBƏ
Siyasi şərhçi Asif Nərimanlının Sfera.az-a müsahibəsi.

- Asif bəy, İran Azərbaycanla sərhəddə, Culfa-Aslandüz-Muğan istiqamətində hərbi təlimlərə start verib. Sizcə, rəsmi Tehranın indi hərəkətə keçməsi nəylə bağlı ola bilər?


- 30 illik işğal dövründə sərhədin nəzarətsiz hissəsindən istədiyi şəkildə istifadə edən Tehran Arazboyu (Culfa-Aslandüz-Muğan) istiqamətdə ilk dəfə açıq mesaj xarakteri daşıyan hərbi təlimlərə başlayıb. Azərbaycanın Gorus-Qafan yolunda İranın Xankəndiyə yük daşımasının qarşısını kəsməsi fonunda təlimlər də Bakıya qarşı təzyiq xarakterlidir. 
 
- İranın İkinci Qarabağ müharibəsindən sonra narahatlığı bəlli idi, lakin bunu niyə Gorus-Qafan yolunda baş verənlərdən dərhal sonra göstərməyə başladı?

- Gorus-Qafan yolu pazlın bir hissəsidir. İşğal başa çatdıqdan sonra İranın Cənubi Qafqaza girişi böyük ölçüdə Azərbaycandan asılı vəziyyətə düşüb. Onu da deyim ki, Zəngəzur dəhlizinin açılmasından sonra bu asılılıq ikiqat artacaq. Bunu anlayan Tehran dəhlizə alternativ marşrut üzərində fəaliyyətini aktivləşdirdi. Hərçənd Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisinə düşən hissəsində üzləşdiyi maneə Bakının Zəngəzur dəhlizi açılmadan da Tehranın bölgədəki maraqlarını çəmbərə ala biləcəyini təsdiqlədi. Yol məsələsində istədiyinə nail olmayan İranın bu qədər aqressivləşməsi Bakıdan asılılığı həzm edə bilməməkdən qaynaqlanır. Görünür, diplomatik kanallarla Bakıdan istədiyini ala bilmədiyi üçün təlimlərlə hərbi müstəvidə təsir etməyə çalışır.
 
- Asif bəy, qeyd etdiniz ki, Gorus-Qafan yolu pazlın bir hissəsidir, lakin İranı qorxuya salan Türkiyə və İsrail faktoru da var...

- Düzdür, İran fakitiki olaraq, sərhəd istiqamətində keçirdiyi təlimlərlə bu iki ölkənin Qarabağda olmasını qəbul etmədiyinin mesajını verir.
İkinici Qarabağ müharibəsinin nəticəsindən bölgədə ən çox itkiyə məruz qalan ölkə İran oldu. Türkiyənin bölgəyə gəlişi ilə İran faktiki olaraq Cənubi Qafqazdan sıxışdırılıb çıxarılır. Tehran Türkiyə və Azərbaycanın son təlimlərini - həm işğaldan azad edilmiş ərazilərdə, həm də Xəzərdə - özünə qarşı təhlükə olaraq görür. O ki qaldı İsrailə, bu dövlət İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olub. Odur ki, İsrail şirkətləri bu gün işğaldan azad olunmuş ərazilərin bərpası prosesində iştirak edirlər. İran bunu "İsrailin öz sərhədlərinə gəlişi” kimi qəbul edir və davranışları ciddi narahatlığından xəbər verir. Təlimlərdə iştirak edən hərbi texnikanın üzərində Xamneinin "İsrail önümüzdəki 25 ili görməyəcək” sözlərinin əks olunması da iransayağı mesaj hesab oluna bilər.

- Necə düşünürsüz, hazırkı İran-Azərbaycan gərginliyi fonunda rəsmi Bakı Tehranın işğaldan azad edilən ərazilərin bərpa prosesində iştirakına razı olacaq?

- Baş verənlər İranın işğaldan azad olunmuş ərazilərinin bərpası prosesində iştirak istəyinin Bakı tərəfindən geri çevrildiyini deməyə əsas verir. Tehran bərpa prosesi başlayanda Bakıya "İran şirkətlərinin iştirakı” təklifini gətirmişdi və hər fürsətdə bunu irəli sürürdü də. Rəsmi Bakı haqlı olaraq, bu təklifə isti baxmır, çünki işğal dövründə Qarabağın talanmasından tutmuş, oradakı maddi-mədəni irsimizin saxtalaşdırılmasına qədər bütün prosesin müəlliflərindən biri də elə İran idi.

İran ərazilərin bərpası prosesində iştirak haqqını qazanmaqla bölgədə Türkiyə qarşısında, eləcə də prosesdə iştirak edən İsrail şirkətlərinə qarşı balansı müəyyən qədər də olsa təmin etmək istəyir. Əslində sərhəd boyu təlimlərin hədəflərindən biri də Bakıya "İran şirkətlərinin bərpa prosesində iştirakı” təklifini qəbul etdirməkdir. Lakin işğal dövründə bütün "körpüləri yandıran” və bu gün də Xankəndidəki separatçılara dəstək verən İranın bu istəyinə nail olması çətin görünür.

- Asif bəy, Azərbaycan və Türkiyə Naxçıvanda "Sarsılmaz qardaşlıq-2021” təliminə start verdi. Təlim iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq sazişinə əsas keçirilir, lakin özündə konkret mesajları da ehtiva edir...
 
- Türkiyə Naxçıvanda bu təlimlərə başlamaqla əvvəllər olduğu kimi, indi də Tehrana, Azərbaycana qarşı təhdidin ona qarşı təhdid olduğunun mesajını verir. Dünən gecə saatlarında Türkiyə PUA-larının İranla sərhəddə kəşfiyyat uçuşları həyata keçirdiyinə dair məlumatlar da yayılmışdı.
İranın Arazboyu təlimlərinə mesaj elə Araz çayının üzərindən verilir. "Sarsılmaz qardaşlıq-2021” təlimi çərçivəsində bayraqdəyişmə mərasimi Araz çayı üzərindəki "Ümid” körpüsündə keçirilib. Mənə elə gəlir ki, "Sarsılmaz qardaşlıq-2021” təlimi Türkiyədən İrana Araz çayı üzərində verilən yerində bir cavabdır.

Söhbətləşdi: Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR