“İlham Əliyevə, Mehriban və Leyla Əliyevalara dərin təşəkkürümü bildirirəm” - Emin Ağalarov

“İlham Əliyevə, Mehriban və Leyla Əliyevalara dərin təşəkkürümü bildirirəm” - Emin Ağalarov

İyulun 9-10-da Bakının "Sea Breeze” qəsəbəsində, Xəzər dənizinin sahilində "İsti günlər” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Sfera.az Azərtac-a istinadən xəbər verir ki, festivalda Qriqori Leps, Polad Bülbüloğlu, Filip Kirkorov, Stas Mixaylov, Polina Qaqarina, Vladimir Presnyakov, Nyuşa, Leonid Aqutin, Sergey Lazarev, Timati, "A-Studio”, Nikolay Baskov, Valeriya, Ani Lorak, EMIN, Aleksey Vorobyov, MBAND, Potap və Nastya, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, "Rast” qrupu, Səmra Rəhimli, Burito, A-DESSA, Ciqan, Svetlana Loboda, Yeva Polna, N`everqrin, Vlad Sokolovski, Yulianna Karaulova və bir çox digər artistlər iştirak edəcəklər.

Festivalın qonaqlarını iki gün ərzində Rusiyanın ən yaxşı artistlərinin parlaq nömrələri, möhtəşəm qırmızı cığır, çoxsaylı müsahibələr gözləyir. Tədbiri ən yaxşı quruluşçu rejissorlar hazırlayırlar. Festival həm AzTV (birbaşa), həm də Rusiyanın Birinci kanalı ilə yayımlanacaq.

"İsti günlər”in təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

"İsti günlər” Beynəlxalq Musiqi Festivalı hər il keçiriləcək. Əgər builki proqram iki gün üçün nəzərdə tutulubsa, gələn il artıq üç-dörd gün çəkəcək, artistlərin və çıxışların sayı da artacaq.

Festivalın təşkilatçısı Emin Ağalarov deyib: "Söz yox ki, çoxlu yay musiqi festivalları mövcuddur. Amma artıq bu gün sizi əmin edə bilərəm ki, bu festival musiqi həyatında həqiqətən əlamətdar hadisəyə çevriləcək. Mənə çox xoşdur ki, "İsti günlər” festivalı doğma Bakı şəhərimdə keçiriləcək.

Dövlət səviyyəsində kömək olmadan bu miqyasda tədbiri təşkil etmək mümkün deyil. Mən göstərdikləri yüksək diqqətə və dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, habelə Leyla Əliyevaya şəxsən dərin təşəkkürümü bildirirəm. Öz tərəfimdən əmin etmək istəyirəm ki, festival ən yüksək standartlara uyğun təşkil ediləcək, Rusiyanın və Azərbaycanın mədəni həyatında möhtəşəm və əlamətdar hadisəyə çevriləcək”.







OXŞAR XƏBƏRLƏR