Ermənistanın BMT-yə şikayətinə Azərbaycan necə reaksiya verəcək?

13:40 / 18.09.2021
1553
"Ermənistan Azərbaycan tərəfindən ermənilərin kütləvi olaraq irqi ayrı-seçkiliyə məruz qoyulması iddiasındadır”.
Sfera.az bildirir ki, bunu tanınmış hüquqşünas Sahib Məmmədov deyib. O, Ermənistanın "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə Konvensiya"ya istinad edərək Azərbaycanı BMT-nin Beynəlxalq Ədalət məhkəməsinə şikayət etdiyini xatırladıb:
"Bu, sadəcə Ermənistan dövlətinin həyasızlığını hüquq müstəvisinə gətirir. Məhkəmə nə vəd edir? Azərbaycan və Ermənistan Beynəlxalq Ədalət Məhkəməsinin ipso-fakto tərəfi olsalar da, məhkəmənin ona qarşı veriləcək şikayətlərlə bağlı yurisdiksiyasını tanımağa dair bəyanat verməyib. Bu o deməkdir ki, Azərbaycan məhkəmənin qəbul edəcəyi istənilən qərarı birtərəfli verilmiş qərar kimi qəbul edəcək”.
Hüquqşünas qeyd edib ki, dünya ölkələrindən yalnız 78 dövlət bu məhkəmənin yurisdiksiyasını qəbul edib və onlara qarşı şikayəti də yalnız digər bəyanat vermiş dövlətlər verə bilər:
"Praktikada belə hal var ki, iki mübahisə edən dövlət razılaşma ilə məhkəmənin yurisdiksiyasını qəbul edə bilər. Azərbaycan və Ermənistan arasında belə razılaşma yoxdur. Ermənistan şikayəti birtərəfli qaydada verib.
Bu halda Azərbaycan nə etməlidir? Birincisi, dərhal çox sanballı şəkildə hazırlanmış konturmemorandum təqdim etməlidir. İkincisi, Ermənistana qarşı Azərbaycana vurduğu ziyanla bağlı iddia verməli və iddiada dəymiş ziyana görə təzminatın ödənilməsi tələb olunmalıdır.
Günay Rəsulqızı
Sfera.az