Deputat Qurban Qurbanovun müdafiəsinə qalxdı: "Burada qəbahətli nə var?"

10:15 / 18.09.2021
951
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun ötən gün mətbuat konfransından öncə yarışın sponsorlarına aid pivə qablarının yığışdırılmasını tələb etməsi sosial şəbəkələrdə bir neçə gündür müzakirə obyektinə çevrilib. Məşqçinin bu davranışı bir qism tərəfindən etirazla qarşılansa da, onu müdafiə edənlər də az deyil.
Sfera.az bildirir ki, bununla bağlı deputat Fazil Mustafa da öz fikirlərini bölüşüb. O qeyd edib ki, ötən gün reallaşan "Qarabağ-Bazel”oyunu hər nə qədər heç-heçə tamamlansa da, milli komanda özünəməxsus səviyyəli futbol ortaya qoydu və hər kəsin təqdirini qazandı:
"İllərdir bu cür oyun intizamı və sistemi pozulmayan, parlaq liderləri olmadığı halda , kollektiv oyunla bunu kompensasiya edən bir komanda yaradılmasının və Azərbaycanın başının uca edilməsinin birbaşa Qurbanın böyük zəhməti hesabına başa gəldiyi kimsəyə sirr deyil. Həm də söhbət dünyada "Qarabağ" adının təbliğindən gedirsə, bu sahədə inanılmaz dərəcədə böyük bir təbliğat missiyasını da məhz bu komanda öz üzərinə götürərək ermənilərə mənəvi sarsıntı yaşatmağa nail olub. Bunlar öz yerində. İndi gələk mətbuat konfransında pivə qablarının masadan yığışdırılması məsələsinə. Bu cür durumlarda hər kəs birinci sualı özündən başlamalıdır. Şəxsən mən, bu cür situasiyada necə davranardım? Heç tərəddüdsüz o pivə qablarını qarşımdan dərhal yığışdırardım. İslam inancı ilə bağlı məqamı bir kənara qoyuram, baxmayaraq ki, bunun da məsələyə əhəmiyyətli təsiri var”.
Millət vəkili bildirib ki, hər hansı bir inanc insanın daxili məsələsi olduğundan, belə şərtlərdə inancı qabartmaq haqlı olaraq xoş qarşılanmır:
"Sadəcə bir səbəbə görə bunu edərdim: özümə rəva görmədiyim bir içkini başqası üçün reklam etməmək haqqıma görə. Mən Ronaldonun da oxşar hərəkətinə haqq qazandırmışdım. Mənşəyi bəlli olmayan içkini özüm içmirəmsə, başqalarına da tövsiyə etmirəmsə, necə reklam edə bilərəm? Masada məhz mənim üçün ayrılan sahədə öz hüququmu gerçəkləşdirməyə irad bildirmək nə dərəcədə məntiqli olardı?
Qurban Qurbanov da inanc və ya başqa səbəbdən zərərli hesab etdiyi bir içkini o anda özünə ayrılmış sahədə reklamdan imtina edibsə, burada qəbahət nə var? Başqasının qarşısından götürsəydi, buna irad səsləndirmək bəlkə də uyğun görünərdi, ancaq burada kimsənin pivə içmək və ya onu reklam etmək hüququna müdaxilə etməyib ki?”.
Günay Rəsulqızı
Sfera.az