Azərbaycanla Ermənistan “gizli sülh müqaviləsi” imzalayıb? – Tofiq Zülfüqarovdan AÇIQLAMA

15:30 / 17.09.2021
2217
Ermənistanda nəşr edilən "Hraparak” ("Meydan”) qəzeti
Moskvada Azərbaycan və Ermənistan nümayəndələri arasında aparılan "gizli sülh
danışıqları”nın yekunlaşdığını və bəzi detalların bəlli olduğunu iddia edib.
Maraqlıdır, bu iddialar nə dərəcədə doğrudur? Həqiqətən
də Moskvada Ermənistanla Azərbaycan arasında "sülh müqaviləsi” ətrafında
danışıqlar aparılıbmı?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq
Tofiq Zülfüqarov deyib ki, Ermənistan ilə Azərbaycan arasında yekun sülh
müqaviləsinin imzalanmasına dair danışıqların getməsi xəbəri doğru ola bilər. Ancaq
yekun nəticələrlə bağlı erməni mənbələrinin səsləndirdiyi iddialar həqiqəti əks
etdirmir:

"Uzun müddət bu işlə məşğul olan biri kimi deyə bilərəm
ki, yekun sülh müqaviləsinin imzalanması üçün ilk növbədə tərəflər qarşılıqlı
surətdə bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Bu bəndin olmadığı heç bir
razılaşma, sənəd və s. yekun sülh müqaviləsi sayıla bilməz. Ermənistan isə bu
gün Azərbaycanın ərazi bütövlüyünü tanısa, müstəqillik tarixi boyunca dövlətin
başlıca hədəfi olan ”Miadzum” planından imtina etməli olacaq.
Bir başqa məsələ isə odur ki, Nikol Paşinyan Baş
nazir seçildikdən sonra dövlət proqramı ilə bağlı bir çox sənəd imzalayıb.
Hansı ki, bu sənədlərin bir çoxu Qarabağla bağlıdır. Bu sənədlər içərisində
maliyyə sənədləri də var. Belə çıxır ki, Paşinyan imzaladığı, təsdiqlədiyi bir
çox dövlət sənədindən də imtina etməlidir”.
T.Zülfüqarov tərəflərin Zəngəzurdan keçən və Rusiyanın
nəzarət edəcəyi tranzit yol barədə razılığa gəlməsi haqda səslənən iddialara da
aydınlıq gətirib:
"İddiada qeyd edilir ki, Sünikdən (Zəngəzurdan - red)
keçən yolda erməni tərəfi sərhəd postları qoyacaq, azərbaycanlılar isə bu
yoldan istifadə etmək üçün pul ödəyəcək. Bu zaman belə bir sual yaranır. Rəsmi
Bakı belə bir tələbə nə üçün razı olmalıdır? Məsələ ondadır ki, 10 noyabr bəyanatında birmənalı
olaraq göstərilir ki, dəhlizin təhlükəsizliyini rus sülhməramlıları təmin etməli
və gec-tez, o dəhliz açılmalıdır. 10 noyabr bəyanatında azərbaycanlıların bu
yoldan istifadəsi üçün pul ödəməli olduğu qeyd edilməyib. Buna görə də düşünürəm
ki, səslənən iddialar erməni mediasının məqsədli surətdə yaydığı
dezinformasiyadır. Xəbərin həqiqət payı var, lakin səslənən iddiaların məqsədi
sadəcə Azərbaycan ictimaiyyətində təlatüm yaratmaqdır”.
Diplomat hesab edir ki, Zəngəzur dəhlizinin açılması
ermənilər üçün daha böyük əhəmiyyət kəsb edir:
Əgər konkret sülh müqaviləsi imzalanacaqsa, Ermənistan maksimalist mövqeyindən əl çəkməlidir. Bunun indiki zamanda heç bir əhəmiyyəti yoxdur”.
Turan Rzayev