“Azərbaycan istədiyi zaman havada, quruda və dənizdə...” – Türkiyəli general Yücel Karauzla MÜSAHİBƏ

“Azərbaycan istədiyi zaman havada, quruda və dənizdə...” – Türkiyəli general Yücel Karauzla MÜSAHİBƏ
Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, briqada generalı Yücel Karauzun Sfera.az-a müsahibəsi.

- Sentyabrın 12-sindən Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə "Üç qardaş - 2021” beynəlxalq təlimi keçirilir. Bu təlimləri necə qiymətləndirirsiniz?
 
- Əlbəttə, keçirilən bütün hərbi təlimlərin siyasi, sosial və digər nəticələri olmalıdır. Qeyd edim ki, sözügedən təlim 3 ölkə arasında bu formatda keçirilən ilk hərbi təlimdir. Digər tərəfdən, "Üç qardaş - 2021” beynəlxalq təlimi Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük müharibənin ildönümü ərəfəsində keçirilir. Bu mənada "Üç qardaş - 2021” beynəlxalq təliminin keçirilməsi həm də Azərbaycanın düşmənlərinə verilən ciddi bir siyasi mesajdır.
 
İstər Türkiyə, istər Pakistan, istərsə də Azərbaycan inkişaf etməkdə olan və gün-gündən güclənən regional güclərdir. Pakistan dünyanın 9 nüvə silahına sahib tək müsəlman ölkəsidir. Bu 3 ölkənin birlikdə hərbi təlim keçməsi bu mənada olduqca vacibdir.

Bildiyiniz kimi, 44 günlük müharibə sonrası 10 noyabr bəyanatı imzalanıb. Bəyanatı imzalayan tərəflər arasında Ermənistan da var. Rəsmi İrəvan bu mənada 10 noyabr bəyanatının tələblərini qeyd-şərtsiz yerinə yetirməlidir. Digər tərəfdən, Ermənistan Azərbaycana qarşı ərazi iddialarından birmənalı şəkildə imtina edib terrorçu əməllərinə son verməlidir.

Bunu ona görə qeyd edirəm ki, Türkiyə, Pakistan və Azərbaycanın birlikdə hərbi təlim keçməsi fərqli istiqamətlərə yozulmasın. Bu 3 ölkə heç bir ölkənin ərazi bütövlüyünü pozmaq, işğal etmək və s. kimi niyyətləri yoxdur. Ümumiyyətlə bu 3 ölkənin bir araya gəlməsi, hərbi təlimlər keçirməsi, qarşılıqlı əməkdaşlıq, müdafiə sənayesinin inkişafı, hərbi təcrübə mübadiləsi kimi qiymətləndirilə bilər. Əks bir düşüncənin heç bir əsası yoxdur.
 
- Sizcə, gələcəkdə hər 3 ölkədə ortaq qarşılıqlı hərbi bazalar və ya ortaq bir ordu yaradıla bilərmi?

- Bu barədə danışmaq hələ çox tezdir. Hazırda dünyada müharibə konsepsiyası əsaslı surətdə dəyişir. Təbii olaraq, ortaq ordu, ortaq hərbi baza kimi məfhumlar da tədricən öz mahiyyətini itirir. Daha dəqiq desək, bu kimi təşəbbüslər artıq köhnəlib. Baxın, İkinci Qarabağ müharibəsində Türkiyə və Pakistan Azərbaycana həm mənəvi, həm siyasi, həm də hərbi logistik dəstək verdi. Yəni, bu gün bizim danışmalı olduğumuz əsas məsələ 3 ölkə arasında inkişaf edən müdafiə sənayesi hərbi əməkdaşlıq və qarşılıqlı təcrübə mübadiləsidir.
 
Nəzərə almaq lazımdır ki, bu gün həm Türkiyənin, həm Pakistanın, həm də Azərbaycanın maraqları üst-üstə düşüb. Bu, əvvəl də belə idi, bu gün də belədir, sabah da belə olacaq.
 
- Yücel bəy, yeri gəlmişkən Azərbaycan və Türkiyənin region ölkələri tərəfindən ciddi izlənilən hərbi təlimlərindən biri də Xəzər dənizində oldu. Həmin təlimdən bəzi ölkələr narahatlıq ifadə etdi. Xüsusilə İran XİN-in sözçüsü Səid Xətibzadə Türkiyənin Xəzərdə hərbi mövcudluğunu dənizin statusuna görə qanunsuz adlandırıb...

- İranın Türkiyənin Xəzər dənizində Azərbaycanla ortaq hərbi təlimlər keçirməsini bahanə edərək məsələni fərqli məcralara çəkməsinin heç bir mənası yoxdur. Əvvəla, ona görə ki, Türkiyənin Xəzər dənizində hər hansı bir hərbi bazası və ya dəniz gücü yoxdur. Rəsmi Tehran hansı əsasla Xəzərin statusuna dair razılaşmanın pozulduğunu iddia edir?

Hər bir ölkə müstəqildir və öz ərazi bütövlüyü çərçivəsində müstəqil qərarlar vermək səlahiyyətlərinə malikdir. Azərbaycan istədiyi zaman havada, quruda, dənizdə istədiyi ölkə və ya ölkələr ilə hərbi təlim keçirə bilər. Buna heç bir ölkənin müdaxilə etmək səlahiyyəti yoxdur.
 
Xatırlayırsınızsa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında oxuduğu "Ay Laçın” şeiri də İranda təhdid kimi qarşılanmışdı. İran indi də birgə təlimləri qanunsuz adlandırır.

İran beynəlxalq hüquqdan danışırsa, əvvəla Suriyada və İraqda beynəlxaq hüquqa zidd yerləşdirdiyi əsgərləri barədə danışmalıdır. Digər tərəfdən, rəsmi Tehran həm 1-ci Qarabağ müharibəsi, həm 44 günlük müharibə zamanı, həm də 28 illik işğal müddətində öz torpaqlarından həm Ermənistanın, həm də Qarabağdakı separatçıların istifadə etməsinə icazə verib. Bu da beynəlxalq hüquqa ziddir. Bu mənada İranın beynəlxalq hüquqa istinad etməsi ciddi qarşılana bilməz.
 
Rəsmi Tehran və digər ölkələr anlamalıdır ki, Türkiyənin Xəzər dənizində Azərbaycanla birlikdə hərbi təlimlər keçirməsinin məqsədi iki ölkə arasında hərbi sahədə əməkdaşlıq, təcrübə mübadiləsidir.
 
Söhbətləşdi: Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Qurban Qurbanov: "Sanki meydana çempion komanda çıxmamışdı"

"Futbolçularımı qələbə münasibətilə təbrik edirəm. Yaxşı oyun nümayiş etdirdilər".   Sfera.az xəbər verir ki, bu sözləri "Qarabağ"...

Azərbaycan çempionu olan “Qarabağ” klubu mükafatlandırıldı

Futbol üzrə Misli Premyer Liqasında 2024-2025-ci illər mövsümünün qalibi olan "Qarabağ" komandası mükafatlandırılıb.   Sfera.az xəbər ...

Tut yığmağa ağaca çıxmışdı, ölümlə nəticələndi

Mingəçevirdə 58 yaşlı kişi ağacdan yıxılaraq ölüb. Sfera.az xəbər verir ki, bədbəxt hadisə şəhərin “Şəfa bağları” adlanan ərazisində olan ...

May bu bürclər üçün ilin ən şanslı ayı olacaq

2025-ci ilin may ayı dörd bürc üçün şans ayı olacağını vəd edir.   Sfera.az-ın məlumatına görə, astroloqlar hesab edirlər ki, bürc dairəsinin bu nüma...

Azərbaycana təkcə bu ölkə səs verib

"Avroviziya 2025" beynəlxalq mahnı müsabiqəsinin yarımfinalında Azərbaycan 7 xalla sonuncu olub.   Sfera.az xəbər verir ki, ölkəmizə y...

Cavanşir Feyziyev: Xoşbəxtik ki, Bəxtiyar Vahabzadənin ömrü boyu arzuladığı bütün ideyalar artıq həyata keçib

Şəkidə mədəni-kütləvi tədbirlər tez-tez keçirilir. Ancaq Bəxtiyar Vahabzadəyə həsr olunan, unudulmaz şairin anadan olmasının100 illiyi, onun yaradıcılığı ilə ba...