“Sülhməramlıların Laçın dəhlizini karvansaraya çevirmək ixtiyarı yoxdur” - Politoloq

“Sülhməramlıların Laçın dəhlizini karvansaraya çevirmək ixtiyarı yoxdur” - Politoloq
"Gorus-Qafan yolunun suveren ərazimizdən keçən hissəsinə polis postu qurmaq Ermənistan ərazisindən keçərək Qarabağa qanunsuz daxil olan İran maşınlarının qarşısını almayacaq. Biz sadəcə, yollardan birinin qarşısını almış oluruq. Problemin kökü Gorus-Qafan yolunda deyil, Laçın dəhlizindədir”.

Bu sözləri Sfera.az-a açıqlamasında politoloq Qabil Hüseynli digər ölkələrə aid nəqliyyat vasitələrinin Rusiya Federasıyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz keçməsi haqda danışarkən deyib.
 
Onun sözlərinə görə, Azərbaycan Respublikasının razılığı olmadan digər ölkələrin hüquqi və fiziki şəxsləri və onlara aid nəqliyyat vasitələri ölkə ərazisinə daxil ola bilməz:

"Bu kimi hallar ölkəmizin qanunlarının pozulmasıdır. Təəssüf ki, bu gün belə hallar vaxtaşırı baş verir. Azərbaycan Respublikası və Rusiya Federasiyası Prezidentlərinin və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanat açıq şəkildə pozulur. Xüsusilə Rusiya sülhməramlıları müvəqqəti nəzarət etdikləri ərazilərdən xarici ölkələrə məxsus nəqliyyat vasitələrinin Azərbaycan ərazisinə girməsinə icazə verir. Burada məsələ İran və ya bir başqa ölkənin TIR-larının Qarabağa daxil olması və ya separatçılara dəstək verməsindən getmir. Məsələ bu qanunsuzluğa Rusiya sülhməramlılarının göz yummasıdır.
 
Rəsmi Bakı vaxt itirmədən heç olmasa Laçın dəhlizində nəzarət postları qurmalı, dəhliz vasitəsilə Qarabağa qanunsuz şəkildə daxil olan yüklərin qarşısını almalıdır. Bu gün Gorus-Qafan yolunun suveren ərazimizdən keçən hissəsinə polis postunun digəri də Laçın dəhlizində qurulmalıdır”.

Q.Hüseynlinin sözlərinə görə, Zəngəzur dəhlizi, Qazaxın 7 kəndi, Naxçıvanın Kərki ekskrlavı kimi məsələlər həllinin gözlədiyi bir vaxtda biz sülhməramlıların Laçın dəhlizi vasitəsilə Qarabağa başqa ölkələrin nəqliyyat vasitələrini qanunsuz şəkildə buraxması haqda danışırıq:

"10 noyabr bəyanatına görə, Rusiya sülhməramlılarına konkret səlahiyyət zonası və səlahiyyətlər verilib. Onların nə səlahiyyətlərini aşma, nə də səlahiyyət yerlərindən başqa yerlərə müdaxilə etmək ixtiyarı var. Laçın dəhlizi onların nəzarətinə regionda gərginliyin azalması fonunda müvvəqəti olaraq verilib. Lakin bu, sülhməramlılara Laçın dəhlizini karvansaraya çevirmək ixtiyarı vermir. Laçın dəhlizi vasitəsilə Qarabağa daha nələr daşınmadı ki? Qarabağın Azərbaycan torpağı olması ilə gec-tez hamı barışacaq. Bunun başqa yolu yoxdur.

Başda İran olmaqla, bütün qonşularımız anlamalıdır ki, sərhədlərindəki gömrük məntəqələrində riayət etdikləri qayda-qanunlar Laçın dəhlizi üçün də keçərlidir. Misal üçün, İran TIR-ları bu gün Astara gömrük məntəqəsindən keçərkən hansı qayda-qanunlara riayət edirsə, eynilə Laçın dəhlizindən istifadə edərkən də riayət etməlidir”.
 
Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR