Ermənilərin fotosunu yaydığı gömrük qəbzləri ilə bağlı açıqlama: "Bəlkə də fotoşopla düzəldiblər, amma..."

10:27 / 13.09.2021
1593
"Ermənistan mediasında Azərbaycanın
Gorus-Qafan yolunun öz suveren ərazisindən keçən hissəsində İran maşınlarından
dövlət rüsumu aldığına dair qəbz paylaşılıb”.
Sfera.az xəbər verir ki, bu sözləri siyasi
şərhçi Asif Nərimanlı deyib. Onun sözlərinə görə, qəbzin üzərində "Cənub
Ərazi Baş Gömrük İdarəsi” qeydi var:
"Qafan-Gorus yolu bu idarəyə daxil
olmadığı üçün yayılan qəbz şübhə doğurub. Birincisi, qəbzi Qafan-Gorus yolunda İran
maşınlarının yoxlanılması ilə bağlı statusun şərh bölümündə "erməni mediası
belə bir qəbz yayır” qeydi ilə paylaşmışam: qəbz mütləqi-həqiqətdir deyə
yazmamışam.

İkincisi, qəbzin üzərindəki tarix "12
sentyabr 2021-ci il” göstərilir: ermənilərin qəbzi internetdən götürdüyü və
Qafan-Gorus yolu ilə bağlı təbliğatda istifadə etdikləri mümkündür, amma belə
qəbzlərin internetdən götürməyin mümkün olub-olmadığı maraqlıdır; ermənilərin
bu tarixdə qəbzi dərhal tapmaları şübhəlidir, amma istisna deyil ki, qəbz
fotoşopla da düzəldilə bilər. Hərçənd, Azərbaycanın öz suveren ərazisindən
keçən maşınlardan rüsum alması təbii haqqıdır və ermənilər "feyk-news”la heç
nəyi dəyişdirə bilməz, yaxud bizim əleyhimizə nəsə əldə edə bilməzlər.
Üçüncüsü, Gorus-Qafan yolunda İran
maşınlarının yoxlanılması işini Cənub Ərazi Baş Gömrük İdarəsi həyata keçirməsi
də mümkündür:
- Gorus-Qafan yolunda gömrük işi təşkil
edilmədiyi üçün bu idarəyə tapşırıla bilər;
- Bu yoldan əsasən İran maşınları keçdiyi
üçün cənub qonşumuzla gömrük işini həyata keçirən Cənub Ərazi Baş Gömrük
İdarəsi Gorus-Qafan yoluna da nəzarət edir;
- Həmin yol Azərbaycanın cənub rayonları olan
Zəngilan-Qubadlı ərazisinə düşür, lakin sərhədin rəsmi delimitasiyası həyata
keçirilmədiyi üçün gömrük sistemi qurulmayıb və gələcəkdə istisna deyil ki, bu
bölgə də Cənub Ərazi Baş Gömrük İdarəsinin səlahiyyət coğrafiyasına daxil
edilsin: o bölgədə hələ ki gömrük işinə ehtiyac olan yer Gorus-Qafan yolunun 21
kilometrliyidir və Gömrük İdarəsi həmin bölgədə de-fakto işləyir;
- Yaxud ümumiyyətlə gömrük işi qurulmayıb,
lakin İran maşınlarından dövlət rüsumun alınması qarşılığında verilən qəbzlər
Cənub Ərazi Baş Gömrük İdarəsinə aiddir.
Turan Rzayev