Azərbaycan təhsili pandemiya dövründə - Çatışan və çatışmayan tərəflər...

15:25 / 09.09.2021
1298
Artıq bir ildən çoxdur ki, pandemiya həyatımızın
ayrılmaz hissəsinə çevrilib. Bu ağır dönəm bir sıra sahələrə, o cümlədən təhsilə
də təsirsiz ötüşməyib.
Bəs, təhsil səviyyəsinin bərpası üçün Azərbaycanda
hansı proqramlar hazırlanmalıdır? Təhsil sahəsinin hansı istiqamətində islahatların
keçirilməsinə ehtiyac var?
Sfera.az saytı bununla bağlı Milli Məclisin Elm
və təhsil komitəsinin üzvlərinin fikirlərini öyrənib.
Millət vəkili Ceyhun Məmmədov saytımıza
açıqlamasında xatırladıb ki, dünya ölkələrində olduğu kimi Azərbaycanda da
pandemiya təhsilin keyfiyyət göstəricilərinə təsirsiz ötüşməyib:

"Ötən il distant təhsil təşkil olundu və birmənalı
olaraq deyə bilərik ki, bu təhsil forması ənənəvi təhsili əvəz edə bilmədi. Təhsilimizdə
müəyyən mənada geriləmə yaşandı. Həmin reallığı nəzərə alaraq, bu ildən ənənəvi
dərslərin bərpası gündəmə gəldi. Bildiyiniz kimi, bu ayın axırından artıq ənənəvi
tədrisə qayıdırıq. Hesab edirəm ki, ötən il baş verən itkiləri aradan qaldırmaq
üçün ciddi çalışmalıyıq. Əlavə dərslərin keçirilməsi, tələbələrin bilik və
bacarıqlarının inkişaf etdirilməsi istiqamətində addımlar atmalıyıq.
Ümumiyyətlə, bu gün dünyada təhsillə bağlı ciddi
proseslər gedir, yeni çağırışlar var, yeni tendensiyalar müşahidə olunur. Bu
baxımdan hazırkı mərhələdə tədris-təhsil dünyada gedən proseslərə və
reallıqlara uyğun qurulmalıdır. Elə etməliyik ki, ötən ildəki itkiləri bu il tələbə
və şagirdlər bərpa edə bilsinlər, təhsilimizi gücləndirə bilək”.
Müsahibimizin sözlərinə görə, hər bir ölkənin
inkişafı, onun güclü olması bilavasitə təhsillə bağlıdır:
"Bu reallığı nəzərə aldıqda, qarşımızda mühim
missiyanın olduğunu deyə bilərik. Təhsil sistemimizi gücləndirməyə
çalışmalıyıq. Elə sistem qurmalıyıq ki, tələbələr yüksək səviyyədə rəqabətə
davamlı təhsil ala bilsinlər. İnanıram ki, Azərbaycan qarşıda duran vəzifələrin
öhdəsindən layiqincə gələ biləcək və təhsilimizin keyfiyyətini daha
artıracağıq”.
Deputat Kamilə Əliyeva qeyd edib ki, pandemiya ən çox təhsil sahəsinə zərbə vurub:

"Düzdür, şagirdlər, tələbələr onlayn dərslərə
qoşulurdular, amma bu heç də əyani təhsilin verdiyi keyfiyyəti əvəz etmədi.
Lakin sevindirici haldır ki, sentyabr ayının 22-də artıq ibtidai siniflər,
29-dan isə 5-11-ci siniflər, o cümlədən tələbələr əyani təhsilə başlayacaqlar.
Ümidvaram ki, həm müəllimlər, həm bütövlükdə təhsil işçilərimiz, şagird və tələbələrimiz,
eləcə də valideynlərimiz üzərlərinə düşən məsuliyyəti dərk edərək, əyani təhsilə
öz töhfələrini verəcəklər. Bütün sahələrdə olduğu kimi, ölkəmizdə də mütəmadi
olaraq təhsil sahənsində islahatlar aparılır. Düşünürəm ki, Təhsil Nazirliyi,
aidiyyatı qurumlar pandemiyanın təhsilə vurduğu ziyanı aradan qaldırmaq üçün
lazım gəldikcə müəyyən tədbirlər görəcək və bu istiqamətdə də islahatlar
aparılacaq. Çünki təhsil bizim gələcəyimizdir və övladlarımızın parlaq gələcəyə
sahib olmaları üçün dövlət tərəfindən bütün tədbirlər görülməkdədir”.
Digər müsahibimiz millət vəkili İsa Həbibbəylinin
fikrincə, həm ali məktəb , həm də orta məktəb pilləsində tədris işinin təşkili
və davam etdirilməsi təşkilatçılardan çox, yaranan epidemioloji vəziyyətdən
asılıdır:

"Bu durum istər-istəməz operativ olaraq zəruri
qərarların verilməsini tələb edir. Buna baxmayaraq, yaranmış şəraitdə maksimum
imkanlardan istifadə edərək, önləyici tədbirlər görmək şərtilə canlı ünsiyyət əsasında
qurulan təhsilə üstünlük verilməsini faydalı hesab edirəm. Müşahidələrimə əsasən,
Təhsil Nazirliyi də bu istiqamətdə zəruri addımlar atır. Qurum epidemioloji vəziyyətlə
əlaqədar olaraq, məktəblərin fəaliyyəti ilə bağlı hamısına eyni göstərişlər
vermir. Konkret olaraq həmin məktəbdəki
epidemioloji vəziyyətdən çıxış edərək qərarlar qəbul olunub.
Eyni zamanda məktəblərdə bu vəziyyətin
obyektiv qiymətləndirilməsi istiqamətində Təhsil Nazirliyi ilə əlaqə
yaradılması baxımından monitorinq qruplarının yaradılmasını da faydalı hesab
edirəm. Hər bir məktəbdəki real durum haqda Operativ Qərargah yəqin ki, məlumatlar
verəcək və buna uyğun da qərarlar qəbul olunacaq. Bunlar nazirliyin apardığı səmərəli
axtarışlardır, epidemioloji vəziyyətin diqtə etdiyi axtarışlardır. Bir növ
epidemioloji şərait daxilində təhsil sahəsində keçirilən islahat yönümlü tədbirlərdir.
Bu cür axtarışların mümkün qədər genişlənməyinin, ardıcıl olmağının tərəfdarıyam.
Çünki təhsilin qızıl qaydası olan üz-üzə (ənənəvi) təhsilə şərait yaratmaq
hamımızın borcudur”.
Deputat qeyd edib ki, yeni nəslin sağlamlığı
da vacib olduğu üçün kəskin vəziyyət yaranarsa, onlayn rejimdə distant təhsilin
keçirilməsini yalnız dəstəkləmək lazımdır:

Azərbaycanda orta məktəblərin yarıdan çoxunda
bir növbəli tədris təşkil olunur. Belə müəssisələrdə sinifləri iki yerə bölməklə,
iki növbəli dərs qurmaqla canlı təhsili qaydaya salmaq asandır. Bununla ilboyu
kənd rayonlarında distant təhsilə də ehtiyac olmaz – şagirdlərin sayı az,
siniflərin sayı isə xeylidir. Dövlətin apardığı siyasət sayəsində Azərbaycanda
məktəb tikintisi istiqamətində böyük irəliləyişlər əldə olunub. Bütün bunlar millətimizin gələcəyi olan yeni
nəslin daha keyfiyyətli təhsil alması üçün düşünülmüş yollardır və bu
imkanlardan istifadə olunur. Mövcud proses ölkədə pandemiya şəraitində təhsilin
təşkili haqqında bədbin düşünməyə əsas vermir, əksinə, gələcəyə nikbin baxmaq
üçün kifayət qədər arqumentlər var”.
Günay Rəsulqızı

Qeyd: Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.