Yeni hədəf: Azərbaycan 2025-ci ilə qədər...

Yeni hədəf: Azərbaycan 2025-ci ilə qədər...
Azərbaycan 2025-ci ilə qədər qeyri-neft ixracının iki dəfə artırılmasını hədəfləyir.

Sfera.az xəbər verir ki, bu haqda məlumat Maliyyə Nazirliyinin açıqlamasında yer alıb. 

Nazirlik bildirir ki, Azərbaycanda tətbiq edilən iqtisadi siyasətin əsas hədəfi dünyada baş verən hadisələrə və qlobal iqtisadi çağırışlara çevik reaksiya verməklə iqtisadi inkişafın davamlılığını təmin etməkdir: 

"Bu baxımdan əsas etibarilə qeyri-neft məhsullarının ixracının artırılması və investisiyaların təşviqinin sürətləndirilməsi siyasəti ortamüddətli dövrdə də davam etdiriləcək. Bütün bunların fonunda xarici ticarətdə ixracın strukturunun diversifikasiyasına nail olmaq, qeyri-neft məhsullarının ixracını dəstəkləyərək və təşviq edərək ixracın əsas tərkib hissəsinə çevirmək hədəflənir. 2022-ci il və ortamüddətli dövrdə məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində rəqabətqabiliyyətli ixracın artırılması, əlverişli biznes mühitinin inkişaf etdirilməsi və əlavə dəyərli məhsulların yaradılması ilə 2025-ci ilə qədər qeyri-neft ixracının iki dəfə artırılması hədəflənir”.

Azərbaycan bu hədəfə çatmaq üçün qeyri neft-qaz mallarının ixrac dəyərini 4 milyard dollara qədər artırmalıdır. 2019-cu ildə ölkəmizin ixracı 1,96 milyard dollar, 2020-ci ildə 1,85 milyard dollar təşkil edib. İxracın iki dəfə artırılması məqsədilə ixrac dəyəri 3,7-3,9 milyard dollar olmalıdır. 

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR