Dövlət bankları kredit qoyuluşunu azaldır - SƏBƏB

İqtisadiyyat
14:55 / 08.09.2021
874
Azərbaycanda kredit qoyuluşunda dövlət banklarının payı yenidən azalır. 2020-ci ilin sonuna olan məlumata əsasən kreditlərin 19,1 faizini dövlət bankları verdiyi halda, 2021-ci ilin avqustun 1-də kredit qoyuluşunda onların payı 17,9 faizə düşüb.
Sfera.az bildirir ki, Azərbaycanda 2 dövlət bankı var. Bunlar "Azərbaycan Beynəlxalq Bankı” ASC və "Azər Türk Bank” ASC-dir.
Hər iki bank tərəfindən kredit qoyuluşunun həcmi avqustun əvvəlində 2,87 milyard manat təşkil edib. Son 3 ildə kredit qoyuluşunun həcmi artsa da, onun cəmi kreditlərin payında ciddi artım görünmür. Bunun səbəbi özəl bankların kredit qoyuluşunu daha sürətlə artırmasıdır.
Dinamika göstərir ki, qarşıdakı dövrlərdə də kredit bazarında dövlət banklarının payı azalacaq. Kredit qoyuluşunda dövlət banklarının payının azalması uzunmüddətli tendensiyadır və bu prosesin növbəti illərdə də müşahidə edilməsi gözlənilir.
2005-ci ildə cəmi kredit qoyuluşunun 52 faizi dövlət banklarının payına düşürdü. Sonralar "Kapital Bank”ın özəlləşdirilməsi ilə özəl bankların payında artım gücləndi. Nəticədə kredit qoyuluşunda dövlət banklarının payı 2010-cu ildə 42,6 faizə, 2015-ci ildə 33,6 faizə, 2018-ci ildə 16,1 faizə gerilədi.
Üç il əvvəl dövlət banklarının kredit qoyuluşunun minimum həddə düşməsi "Azərbaycan Beynəlxalq Bankı”nın maliyyə problemləri ilə üzləşməsi ilə bağlıdır.
Ən böyük dövlət bankının son dövrdə maliyyə vəziyyətinin yaxşılaşması isə kredit qoyuluşunun artmasına imkan verdi ki, bununla da dövlət banklarının kredit qoyuluşunda payı 2020-ci ildə 19,1 faiz oldu.
Vasif
Sfera.az