Azərbaycanda işçilərə çəkilən saatlıq xərc artıb

İqtisadiyyat
14:16 / 08.09.2021
1125
Azərbaycanda işçilərə çəkilən bir saatlıq əmək xərci orta hesabla 6,15 manat olub. 2020-ci ilin yekunlarına görə bu məbləğ 2019-cu ildəki xərc məbləğindən 1,09 manat yüksəkdir.
Sfera.az bildirir ki, əmək xərci işçi qüvvəsinin saxlanılmasına çəkilən xərcləri ifadə edir. Bura əməkhaqqı və əməkhaqqına daxil edilməyən ödəniş (vergi, məcburi sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta) və digər xərclər daxildir.
Sahələr üzrə götürdükdə işçi qüvvəsinin saxlanılmasına çəkilən ən böyük xərc mədənçıxarma sənayesindədir. Burada bir saatlıq xərc 28 manata yüksəlib. 2019-cu ilə nisbətən mədənçıxarma sənayesində saatlıq əmək xərci 3,4 manat artıb.
Maliyyə və sığorta fəaliyyətində saatlıq əmək xərci 13,9 manat olub. Bu sahədə işçi qüvvəsinin saxlanılmasına çəkilən saatlıq xərc 1,3 manat artıb.
Bir neçə sahədə işçi qüvvəsinin saxlanılmasına çəkilən saatlıq xərc ölkə üzrə orta göstəricidən yüksəkdir. Həmin sahələr peşə, elmi və texniki fəaliyyət (10 manat), informasiya və rabitə (8,56 manat), dövlət idarəetməsi və müdafiə; sosial təminat (7,66 manat), nəqliyyat (7,43 manat) və tikinti (6,31 manat) sahələridir.
Ölkəmizdə muzdlu işçilərin daha çox çalışdığı sahələrdə isə saatlıq xərclər orta göstəricidən azdır.
Ən çox muzdlu işçi təhsil sahəsində çalışır. Burada bir işçinin saxlanma xərci 5,9 manatdır.
Muzdlu işçilərin çox olduğu ticarət sahəsində işçilərin saxlanmasına 4,27 manat, emal sənayesində 5,4 manat, səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində 4,25 manat xərclənib.
Adıçəkilən sahələrdə muzdlu işçilərin 58 faizi çalışır.
Vasif
Sfera.az