“Başdaşıma Xalq artisti yazılsın deyə, min dəfə yalvarmalıyam?” – Əməkdar artist Cavanşir Məmmədovla MÜSAHİBƏ

11:14 / 08.09.2021
2978
Əməkdar
artist Cavanşir Məmmədov Sfera.az-ın suallarını cavablandırıb.
Həmin
müsahibəni təqdim edirik:
-
Cavanşir bəy, pandemiya dönəmini necə keçirdiniz, xəstəliklə necə
mübarizə apardınız?
- Ataların
yaxşı bir sözü var: Palaza bürün, ellə sürün. Pandemiya ilə mübarizə aparmaq Səhiyyə
nazirliyimizin, dövlətimizin, eyni zamanda vətəndaşlarımızın işidir.
Prezidentimiz sağ olsun, vaxtında elə qabaqlayıcı tədbirlər görüb ki, digər ölkələrə
də nümunə olmuşuq. Yəni, bu ümumdünya, eyni zamanda ümumxalq mübarizəsidir. Tək
Cavanşir Məmmədov yox, başqaları da bu tövsiyələrə əməl etməlidir. COVİD-19 elə-belə
xəstəlik deyil, bütün dünyanı cənginə alıb.
- Koronavirus sizi də yaxalayıbmı?
- Bəli.
Noyabr ayında mən də, həyat yoldaşım da bu xəstəliyi keçirmişik. Ancaq
uşaqlarım yoluxmayıb. Vaksinləri də vurdurmuşuq, müalicə də almışıq. Şükürlər
olsun ki, yaxşıyıq.

- Operativ Qərargahın pandemiya dönəmində
bir sıra qərarları oldu. Bir qisminə narazılıqlar var idi, bir qismi artıq cəmiyyət
tərəfindən qəbul edilib. Bəs, Cavanşir Məmmədov vətəndaş kimi bu qərarlardan
razıdırmı?
- Qərarlara
sözüm yoxdur. Əvvəla, qərarlar diqqətlə analiz edilib, sonra verilməlidir. Həftədə
bir qərar vermək olmaz – xəstəlik və ya qeyri- məsələ ilə bağlı. 500 xəstə azaldı və ya çoxaldı, buna əsasən, qərar
dəyişmək düzgün deyil. Bu baxımdan düşünürəm ki, tələsmək lazım deyil. Digər tərəfdən bu dönəmdə səsləndirilən müəyyən
təkliflərlə razılaşmadım. Məsələ parlamentdə müzakirə ediləndə bir-iki deputat toylarla
bağlı fikirlər irəli sürmüşdülər. Təklif etmişdilər ki, həmin məclislər onlayn
formada təşkil edilsin. Həmin deputatın özünə sual verirəm: Sən öz övladına onlayn
toy edərsənmi? O zaman elə cəbhədə düşmənlərimizlə onlayn vuruşaq da....
Bu o
deməkdir ki, deputat seçiciləri ilə görüşmədiyini etiraf edir. Əgər görüşsəydi,
onların fikrini öyrənərdi. Düşünürəm ki, hər bir millət vəkili ilk olaraq
seçiciləri ilə görüşməli, məsələni müzakirə etməli, sonra isə parlamentin
müzakirəsinə çıxarmalıdır. Əminəm ki, heç bir seçici bu təkliflə razılaşmazdı.
Onlayn toy edərlər? Düşünmürlər ki, bu millətin 50 faizi toyla dolanır? Bunun
qızıl satanı, taksi sürəni, video çəkəni var, şadlıq sarayının işçiləri,
musiqiçiləri var və.s. Gündəlik 5-10 manata dolanan adamlardan danışıram. Bir lazımsız təklif çox sayda əhalinin
narazılığına səbəb ola bilər. Toylarda qonaqlar 14-16 nəfər yox, masaların
arxasında ara məsafəsi gözlənilməklə 6-8 nəfər əyləşə bilərlər. Və ya şadlıq
saraylarının qapısında inzibatçılar qonaqları yoxlayıb zala buraxa bilərlər.
Millətimizin iki ilə yaxın toy etməməsi həm də insanların artımına zərbədir. 20
ildən sonra əsgər çatışmazlığı ilə üzləşə bilərik. Bütün bunların hamısını nəzərə
alıb bu fikrə gəldim. Deputatlarımız sağ olsunlar ki, sonradan xalqın istəyini
, ümumi vəziyyətini nəzərə alıb fikirlərinə aydınlıq gətirdilər.
- Toylardan söz düşmüşkən, məclislər hələ
bir neçə aydır ki, bərpa olunub. Amma bundan öncə, həmkarlarınız qazanclarını təmin
etmək üçün digər ölkələrə, xüsusilə Rusiyaya üz tutdular, hətta daimi yaşamaq
fikrində olanlar da oldu. Maraqlıdır, siz də oxşar addım atmaq fikrində
oldunuzmu həmin zamanlarda?
-
Onlar Rusiyaya çörəklərinin dalınca getdilər. Mən də düşündüm ki, həmin çətin
dönəmdən çıxmaq üçün maşınımı satım, ailəmi dolandırım.
- Səhv etmiriksə, iki maşınınız və bir
evinizi satışa qoymusunuz...
- Bəli. Ehtiyacım olduğuna görə bu addımı atmalı oldum. Nə yatdım, nə yuxu görəm
ki...Adam durduğu yerə maşınını satmaz. Mən 50 il vətənimə, xalqıma xidmət
etmişəm, canımı qoymuşam. 1983-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
Avropada, 17 xarici dövlətlərdə keçirilən
tədbirlərdə, konsertlərdə iştirak etmişəm. 2006-cı ildə Prezidentin sərəncamı
ilə Əməkdar artist fəxri adına layiq görülmüşəm.
2013-cü ildə Xalq artisti adı
üçün Mədəniyyət nazirliyinə, Prezident Aparatına müraciət etmişəm. O vaxtdan bu
yana 8 il keçib. Bu yaxınlarda da müraciət etsəm də, məsələyə baxılacağı
bildirildi. Mənim yanımda çıxış edənlər, məndən sənətin sirrini öyrənənlər fəxri
adlara layiq görülürlər. Lap yaxşı. Mən isə,
16 ildir əməkdar artistəm. Dövlətimizdən ev istəməmişəm, prezident təqaüdü istəməmişəm.
Quru addır da. PA-da qəbulda da olmuşam – mənə bildiriblər ki, sizi xalq sevir,
qismət olarsa, fəxri ad da alarsan, gözləmək lazımdır. Cabbar Qaryağdıoğlu,
Seyid Şuşinskinin adı olmayıb heç. Düzdür, onlar o dövrdə də, bu dövrdə də
musiqi tariximizdə yaşayan böyük sənətkarlarımızdan
olublar. Ancaq onlara da ölümündən sonra titul verilsəydi, yaxşı olardı. Necə
ki, milli qəhrəmanlarımıza verilib – onlar da milli musiqimizin qəhrəmanlarıdır.
Digər tərəfdən, onlar çörək qazanıb ailələrini dolandırıblar. Mən isə həm dövlətçiliyimizə,
həm xalqıma xidmət etmişəm, həm də kömək etmişəm. Bir xeyriyyəçi kimi də imkan
daxilində pandemiya dövründə xalqın yanında olmuşam, indi isə özümüzə kömək
lazımdır. Eyni zamanda vergi ödəyicisi
kimi rəhmətlik Səməd Səmədovla mən birincilər sırasında olmuşuq. Toy qiymətlərinə
gəldikdə isə heç vaxt mənə müraciət edənləri incitməmişəm. 16 nəfərlə , 26
illik duet ortağım, həmkarım, əməkdar artist
Firuzə İbadova ilə birlikdə 3 min manata toya getmişəm.
- Amma titullarla bağlı müzakirələr də birmənalı
deyil. Zaman-zaman hətta buna ehtiyacınız olmadığı da vurğulanıb.
- Mənim
yaşım ötür axı. Nəvəm sabah desə ki, gedirəm babamı yad etməyə, onun 3-5 dostu
da ziyarət etmək istəyəcək. Qəbiristanlığa gəldilər, gördülər ki qəbir daşıma "Respublikanın
Əməkdar artisti” yazılıb. Mən də elə-belə mahnılar oxumamışam, Üzeyir Hacıbəyovun
bəstələrindən tutmuş, müasir bəstəkarlara qədər hamısı. Bəs, nəvəmə deməzlər
ki, deyirdin babam böyük sənətkar olub, niyə Xalq artisti adı verməyiblər? Mənim
başdaşıma Xalq artisti yazılsın deyə, min dəfə yalvarmalıyam? Zəhmətimə qiymət
verilməsini xahiş edirəm. Deyirlər ki, sən konsert verib adam toplamısan?


Bəli, mənim Şəfa stadionunda, Heydər Əliyev
Sarayında konsertlərim olub, Azərbaycanın kəndi-kəsəyi qalmayıb ki, konsertim
olmasın. Onların hamısının xərcini cibimdən çəkmişəm. Necə oldu, bir il içində
adama iki fəxri ad verildi? Mümkünsüzdü.
Yeni mədəniyyət nazirimizi Anar Kərimov çıxışlarından birində qeyd etdi
ki, fəxri adı olanlar nazirlikdə canlı ifaları ilə yenidən attestasiyadan keçəcəklər.
Nazirimizin bu fikrinə bir çox müğənnilər ciddi şəkildə dəstək oldular və minnətdarlıqlarını
bildirdilər. Fonoqramla ifa etmək olar, amma bir-iki mahnı, qalan mahnılar canlı
şəkildə olmalıdır. Artıq nazirimizin bu fikrini televiziya kanalları da müsbət
qəbul ediblər. Dəvət edəndə əvvəlcədən fonoqramla bərabər canlı ifa da tələb
edirlər. Fonoqramla da canlı oxumaq olar, "minusovka”nın üstünə. Fonoqram
oxuyan adama Əməkdar artisti, Xalq artisti adı verərlər? Sual verəndə ki,
Üzeyir Hacıbəyov neçəndi ildə anadan olub, nə vaxt dünyasını dəyişib, bilmirlər.
Qara Qarayevə Cəfər Cabbarlı deyənlər, Asəf Zeynallını tanımayanlar da var. Bəli,
belə Əməkdar artistlərimiz olub. Baxın, Şuşa işğaldan azad edildi, dünyada görülməmiş, yüksək səviyyədə festival
keçirildi orada. Fəxrəddin Manafov şuşalı idi, niyə yox idi orada? Zöhrə
Abdullayeva Şuşa deyə-deyə getdi.
- Atanız İrşad Məmmədov da şuşalıdır. Sizə də
dəvət gəlməmişdi?
- Bəli, atam şuşalı, anam isə naxçıvanlıdır. Ancaq mənə festivala görə dəvət gəlməyib. Özü də şuşalı olduğumu bilirlər. Qəssab Abışın nəvəsiyəm, babamın evi də dağılmış
şəkildə Şuşa türməsinin yanındadır. Şuşa bazarında isə ət dükkanı var idi. Abış
kişini Qarabağda tanımayan yoxdur. O, Flora Kərimovanın da babasıdı, mənim də.

Ümumiyyətlə sual edirəm, Fikrət Əmirovun bir oğlu var, niyə işsizdir? Niyə
onunla bir adam maraqlanmır? Cəmil
Əmirov elə-belə musiqiçi deyil, böyük bəstəkarın oğludur. Uzun illər Rafiq
Babayevin orkestrında çalışıb. Yaxud, Rəşid Behbudovun qızı Rəşidə Behbudova, o
da müğənnidir. Niyə Xalq artisti adı yoxdur? O cür kişinin qızını niyə bir dəfə
televiziyalara çağırmırlar. Niyə, hansı səbəbdən küskün olduqlarını
soruşmurlar? Elə adamları yaddan çıxarmaq olmaz. Bu da prezidentin işi deyil.
Bakı Şəhər Mədəniyyət şöbəsi, nazirlik, müəyyən qurumlar var. Düzdür, işlər
çoxdur, amma onların arasında dediyim məsələ də var axı.

- Sənətkarların övladlarından söz açdınız. Bəs
sizin övladlarınızla bağlı vəziyyət necədir? Bir qızınız və bir oğlunuz var.
Onların durumundan razısınızmı?
-
Oğlum işləyir. Amma qızım səbəbsiz şəkildə işdən çıxarılıb. Evimizlə 100 metr məsafədə
yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışırdı, adi işçi idi
– 375 manat maaş alırdı. Ailəsi var, uşağı var. Lakin yeni nazir gələn kimi kiminsə
təklifi ilə bir qrup işçi işindən kənarlaşdırıldı. O cümlədən, mənim qızım 5
ildir orada çalışırdı. Onunla bərabər Xan Şuşinskinin nəvəsi də işindən
uzaqlaşdırıldı. İki övladım var, ikisinin də iki ali təhsili var, ailəlidirlər.
Qızımın çıxarış ərizəsində işə gecikdiyinə görə bu addımın atıldığı qeyd
olunub. İşdən azad edilən adama vaxt verirlər ki, özünə iş tapsın. Əvvəla, məsafə
uzaq deyil ki, bu adam işə geciksin. Sübut kimi yoxlanış kameralarına da baxa
bilərdilər. Həm də əgər müəyyən səbəbdən işə gecikibsə, bir işçinin 5 il ərzində
işə 5-10 dəqiqə gecikməsi təəccüb doğurmamalıdır. Ondan izahat alınıb xəbərdarlıq
edilə bilərdi. Qızım bu günə qədər işsizdir, onu işinə qaytarsalar da,
qaytarmasalar da minnətdaram.

Fotolar: Nuh Tarverdiyev