Bu il ÜDM istehsalı 50 milyard dollara çatacaq

İqtisadiyyat
13:42 / 07.09.2021
2059
2021-ci ilin yekununda Azərbaycanda ümumi daxili məhsul (ÜDM) istehsalı cari qiymətlərlə 50 milyard dollara çatacaq. ÜDM-nin cari qiymətlərlə dəyərinin yanvar-iyul aylarındakı səviyyəsi göstərir ki, ilin sonunda ümumi istehsal göstəricisinin 85 milyard manata çatması realdır.
Sfera.az xatırladır ki, yanvar-iyul ayları ərzində 47,26 milyard manat dəyərində ÜDM istehsal edilib. Bu məbləğ ötən ilin eyni dövrü ilə müqayisədə 7,26 milyard manat, 2019-cu ilin eyni dövrünə nisbətən isə 2,8 milyard manat çoxdur.
İlk 7 ayda ÜDM-nin nominal dəyərinin artımı neft və qaz qiymətlərinin yüksəlməsi, eyni zamanda neft və qaz hasilatının artması ilə izah edilir. Bu dinamika növbəti aylarda da davam edəcək. Belə ki, "OPEC+” çərçivəsində əldə edilən razılaşmaya görə ilin sonuna kimi neft hasilatı tədricən artırılacaq.
Gözlənilir ki, artıma baxmayaraq neft qiymətləri 65-75 dollar intervalında qalacaq.
Neftlə yanaşı qazın hasilatında və dəyərində də artım var. Artıq Avropa bazarında günlük qaz qiymətləri hər 1000 kub metr həcmindəki məhsul üzrə 650 dollara çatıb. Qarşıdan soyuq havaların gəlməsini nəzərə alsaq, qaz qiymətlərinin bir qədər də artması ehtimalı böyükdür.
Qeyri neft-qaz sektorunda da istehsal həcmlərinin genişlənməsi müşahidə edilir. Azərbaycanda ÜDM istehsalının 60-65 faizi qeyri neft-qaz sektorunda formalaşır. 2021-ci ilin 7 ayında qeyri neft-qaz mallarının ixracında rekord qeydə alınır, eyni zamanda daxildə ticarətin həcmi böyüyür.
Qeyri neft-qaz mallarının daxili və xarici ticarətinin böyüməsinə tələbin güclənməsi ilə bərabər qiymətlərin yüksəlməsi də təsir edir. Ölkəmizdə və yaxın regionlarda inflyasiya səviyyəsi son 4 ilin ən yüksək səviyyəsinə çatıb.
Ehtimal edilir ki, kəmiyyət və qiymət göstəricilərinin dəyişməsi qeyri neft-qaz mallarının dövriyyəsində artımı sonrakı 5 ayda da dəstəkləyəcək. Bu dəyişiklik isə öz növbəsində ÜDM istehsalının nominal dəyərinin bir qədər də yüksəlməsinə səbəb olacaq.
İlin son 5 ayında ÜDM-nin dəyərinin artmasına dövlət xərclərinin yüksəlməsi də təsir göstərəcək. Adətən ilin ikinci yarısında ÜDM istehsalının həcmi birinci yarısına nisbətən yüksək olur. Bunun da əsas səbəblərindən biri dövlət xərclərinin ilin ikinci yarısında yüksəlməsidir. Məsələn, 2019-cu ilin yekununda ÜDM istehsalı 48,2 milyard dollar olmuşdu. Bunun 26,2 milyard dolları və ya 54,4 faizi ilin ikinci yarısında istehsal edilmişdi. 2020-ci ildə də oxşar vəziyyət olub. Xüsusi karantin rejiminin bütünlüklə ilin ikinci yarısında tətbiqinə baxmayaraq 42,6 milyard dollar dəyərindəki ÜDM istehsalının 22,7 milyard dolları, yəni 53 faizindən çoxu iyul-dekabr dövründə istehsal edilib.
Bütün amilləri nəzərə alsaq, 2021-ci ilin yekununda ÜDM istehsalının həcminin 84-85 milyard manata çatacağını proqnozlaşdırmaq olar. Bu məbləğ dollar ifadəsində 50 milyarda bərabərdir. Əgər proqnoz özünü doğruldarsa, 2021-ci ildə ÜDM-nin cari qiymətlərlə istehsalında son 6 ilin ən yüksək göstəricisi əldə ediləcək.
Azərbaycanda ÜDM istehsalında ən yüksək göstərici 2014-cü ildə qeydə alınıb. Həmin ildə istehsalın dəyəri 75,23 milyard dollar olub. Daha sonra istehsal dəyəri kiçilərək 2016-cı ildə 37,9 milyard dollara düşüb. 2021-ci ildə proqnozlaşdırılan həcm 2015-ci ildən sonrakı ən yüksək nəticə olacaq.
Vasif
Sfera.az