Yeyinti məhsullarında xaricdən asılılığımız artır

İqtisadiyyat
12:08 / 07.09.2021
1300
Azərbaycan yeyinti məhsullarının xarici ticarətində müsbət saldonu təmin edə bilmir. Son illərdə qida məhsullarının ixracında artım olsa da, bu artım idxaldakı böyüməni əvəzləmək imkanına sahib deyil.
Sfera.az bildirir ki, 2021-ci ilin ilk 7 ayında qida məhsullarının ixrac dəyəri 1 milyard dolları ötüb. Qida məhsullarının idxalı isə 418 milyon dollar səviyyəsindədir. Müqayisədən görünür ki, ixracdan əldə etdiyimiz gəlirlərdən 2 dəfə çox vəsait xərclənərək ölkənin qida məhsullarına olan tələbatı ödənilir.
Azərbaycanın idxal etdiyi qida məhsullarının əsas hissəsini meyvə-tərəvəz (128,2 milyon dollar), piylər və yağlar (126,6 milyon dollar), buğda (103,8 milyon dollar), kərə yağı (45 milyon dollar), ət (38 milyon dollar), çay (37 milyon dollar), düyü (23 milyon dollar) təşkil edib.
İxrac etdiyimiz qida məhsullarında əsas paya meyvə-tərəvəz sahibdir. Bu məhsulların ixrac dəyəri 338 milyon dollar olub. Şəkər və ondan hazırlanan məmulatların (21,2 milyon dollar), heyvan və bitki mənşəli piylər və yağların (17,8 milyon dollar), tərəvəzlərin, meyvələrin emal məhsullarının (14,6 milyon dollar) ixrac dəyəri yüksəkdir.
Statistika göstərir ki, ölkəmiz bütün növ qida məhsullarının ticarətində kəsirlə üzləşir. Azərbaycan istər heyvan mənşəli, istər bitki mənşəli, istər, piy və yağların, istərsə də, hazır qidaların ticarətində mənfi saldoya malikdir. Bu məhsul qrupları arasında yalnız bitki mənşəli məhsullarda fərq minimum səviyyədədir. Burada ixracın idxalı ödəmə nisbəti 89-90 faizdir.
Amma digərlərində vəziyyət olduqca pisdir. Hazır qida məhsullarında ixrac idxalın 11-12 faizini, heyvan mənşəli məhsullarda 5-6 faizini, piy və yağlarda 13-14 faizini kompensasiya edə bilir.
Azərbaycan 2018-ci ilə qədər piylərin və yağların ticarətində müsbət saldoya sahib olub. Lakin həmin ildən bu məhsul qrupunda da mənfi fərq yaranıb və ötən müddətdə fərq bir qədər də böyüyüb.
Vasif
Sfera.az