Alüminium son 10 ilin ən yüksək qiymətinə satılır

İqtisadiyyat
12:30 / 06.09.2021
1418
Bu gün Honkonq birjasında alüminium son 10 ilin ən yüksək qiymətinə satılıb.
Sfera.az birja məlumatlarına istinadən bildirir ki, alüminiumun bir tonu 2775 dollara yüksəlib. Mövcud qiymət səviyyəsi sonuncu dəfə 2011-ci ilin may ayında qeydə alınmışdı.
Bazar ertəsi əlvan metalın bir qədər də bahalaşması Qvineyada baş verən hadisələrlə bağlıdır. Qvineyada hakimiyyət çevrilişinin baş verməsi xəbəri alüminiumu daha da bahalaşdırıb.
Qvineya dünyada ən çox boksit xammalını hasil edən ölkələrdən biridir. Bu ölkə dünyanın ən böyük alüminium istehsalçısı olan Çinin idxal etdiyi boksidin əsas tədarükçülərindən hesab edilir. Çin alüminiumun böyük hissəsini məhz boksit xammalından əldə edir.
2020-ci ildə Qvineya 84,2 milyon ton boksit ixrac edib ki, bunun da çox hissəsini Çin alıb.
Dünyanın əsas alüminium istehsalçılarından olan Rusiyanın Rusal şirkətinin xammalla təminatının 30 faizi Qvineyanın payına düşür.
Qeyd edək ki, alüminiumun bahalaşması Azərbaycanın bu məhsulun satışından əldə etdiyi gəlirin artmasına səbəb olur. 2021-ci ilin ilk 7 ayında Azərbaycan 72,8 milyon dollar dəyərində alüminium satıb. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 21 milyon dollardan çox artıb. İxracın artmasında qiymətin yüksəlməsi daha böyük paya sahib olub.
Vasif
Sfera.az