Pandemiya təhsilə hansı problemləri yaradıb? - Açıqlama

Pandemiya təhsilə hansı problemləri yaradıb? - Açıqlama
"Pandemiya ali məktəblər qarşısında üç problem yaradıb”.

Sfera.az bildirir ki, bunu deputat Etibar Əliyev deyib. Onun sözlərinə görə, ilk problem mövcud vəziyyəti nəzərə almaqla təhsil prosesini təşkil etmək və keyfiyyətli təhsil verməyə nail olmaqdır:

"İkincisi, virtual məkanda işləmək bacarıqları olmayan müəllimlərə yardımçı olmaq, texnoloji uçurumu aradan qaldırmaq, üçüncüsü, çıxılmaz vəziyyətlə üzləşən tələbələrə dəstək durmaqdır. Distant təhsil ətrafında geniş imitasiyalar mövcuddur. Bu təhsil formasının ənənəvi təhsildən üstünlükləri qabaqcıl təhsil texnologiyalardan istifadəyə imkanlar yaratması, təhsilin fərdi xarakterini gücləndirməsi, auditoriyalarda dərs demək imkanı olmayan böyük alimləri təhsil prosesinə cəlb etməsi, təhsili geniş insan kütlələri üçün əlçatan etməsidir.

Mənfi tərəfləri isə təhsilalanla təhsilverənin birbaşa əlaqələrinin istisnası, İKT alətlərindən istifadədə qeyri-bərabərlik,  biliyin yoxlanılmasında identifikasiya problemləri, təhsialanlara daim nəzarətin təşkil oluna bilməməsidir. Bu fərqlər onu təlqin edir ki, bütün universitetlər və tələbələrlə bağlı  universal qərar qəbul etmək mümkün deyil. Tələbələrin distant təhsilin keyfiyyətinə verdiyi qiymət fərqlidir. Ali məktəblər prosesi fərqli şəkildə həyata keçirirlər. Qanunverici baza hələlik formalaşmayıb”.

Millət vəkili qeyd edib ki, ali məktəblərin yeganə gəlir mənbəyi olan təhsil haqlarının 83-85  faizi müəllimlərin əmək haqlarına sərf olunur:
"Bu o deməkdir ki, ali məktəblər böyük xərc tələb edən distant təhsil mərkəzlərinin yaradılması işində maliyyə çatışmazlıqları ilə üzbəüz qalırlar. Bir neçə ali məktəb istisna olmaqla, elektron kitabxanalar sistemli fəaliyyət göstərmirlər. Bu baxımdan təhsilin iki forması arasında böyük keyfiyyət fərqləri yaranır. Distant təhsil süni əlaçıların sayını xeyli artırdı. Demək sui-istifadə halları xeyli çoxdur.

İlk öncə "Distant təhsil mədəniyyəti" deyilən anlayışın çərçivəsində maarifçilik işlərinə böyük ehtiyac var. Təəssüflər olsun ki, televiziya və kütləvi informasiya vasitələrini belə mövzular maraqlandırmır. Monitorinqlər aparılmır. Belə bir situasiyada insanlar dərslərin hansı formada davam etdirilməsi barədə rasional qərar gözləyirlər”.
 
İnci
 

OXŞAR XƏBƏRLƏR