“Səhvlərindən lazımi dərsləri almasalar...” – Putindən ABŞ-a sərt İTTİHAMLAR

Dünya
16:59 / 03.09.2021
1717
Rusiya prezidenti Vladimir Putin Taliban hökumətinin tanınması üçün açıqlamalardan kənarda atılan addımların qiymətləndirilməli olduğunu söyləyib.
Sfera.az xəbər verir ki, Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda Əfqanıstandakı son hadisələrlə bağlı fikirlərini bölüşüb.
Rusiya lideri Əfqanıstanda ABŞ və onun müttəfiqləri üçün işləyən, son nəticədə isə tərk edilən insanların sayına baxdıqca humanitar fəlakətə şahid olunduğunu bildirib.
O, ABŞ və müttəfiqlərinin Əfqanıstandan çəkildikdən sonra lazımi dərsləri almalı olduqlarını vurğulayıb, eyni səhvləri digər ölkələrə də tətbiq etməməyə səsləyib:
"Əfqanıstana daxil olduqlarını və burada çox sayda səhv etdiklərini söyləyirlər. İndi eyni səhvləri başqa ölkələrə tətbiq edirlər. Sanksiyalar nədir? Bir ölkənin öz qaydalarını başqa bir ölkəyə tətbiq etmək cəhdidir. Bunu dünyanın müxtəlif ölkələrinə qarşı davam etdirirlər. Səhvlərindən lazımi dərsləri almasalar, dünya siyasətində dəyişikliklər görə bilməyəcəyik”.
ABŞ-ın Əfqanıstandakı fəaliyyətləri üçün 1,5 trilyon dollardan çox pul xərclədiyini qeyd edən V. Putin "Amerikalılar son dərəcə praqmatik insanlardırlar, amma bu qədər xərcdən sonra nəticə nə oldu?”, - deyə ritorik sual ünvanlayıb.
O, ölkələrə demokratiyanı zorla tətbiq etməyin qəbuledilməz olduğunu da vurğulayıb:
"Bəzi insanların demokratiyaya ehtiyacı varsa, buna xalq özü qərar verməlidir, şiddətə əl atmağa ehtiyac yoxdur"
Sonda Putin Rusiyanın Əfqanıstanın bölünməsinin tərəfdarı olmadığını, Talibanın sivil cəmiyyətə nə qədər tez uyğunlaşarsa, onlarla ünsiyyət qurmaq, təsir etmək, bəzi suallar vermək və sivil cəmiyyətin qaydalarını izah etməyin daha asan olacağını diqqətə çatdırıb.
Əzizə Zeynal
Sfera.az