Dağı-daşı qızıldandır... – Şərqi Zəngəzurun böyük iqtisadi imkanları

Dağı-daşı qızıldandır... – Şərqi Zəngəzurun böyük iqtisadi imkanları
Azərbaycan Prezidentinin "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 2021-ci ilin iyulun 7-də imzaladığı Fərmanına uyğun olaraq Şərqi Zəngəzur adında iqtisadi rayon yaradılıb. Yeni bölgüyə əsasən, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları Şərqi Zəngəzur iqtisadi rayonunun tərkibinə daxil edilib. 

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil edilən inzibati rayonlar 27 ildən çox müddətdə işğal altında qalıb və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasından sonra azad edilib. İşğal dövründə regionda əvvəllər mövcud olan nəqliyyat, sənaye, kənd təsərrüfatı və digər sahələrə aid infrastruktur dağıdılıb. 

Sfera.az bildirir ki, yeni iqtisadi rayonun 7448 km² ərazisi var. İşğaldan azad edilmiş digər ərazilər kimi bu rayonların da bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməyə imkan yaradacaq. 

Şərqi Zəngəzurda həyat yenidən canlanacaq

Azərbaycan Şərqi Zəngəzurun inkişafı üçün zəruri olan bütün tədbirləri görəcək. Artıq bu istiqamətdə ilkin tədbirlər həyata keçirilir. 

Ərazidə ilk növbədə nəqliyyat infrasturkturu və elektrik şəbəkəsi yenidən qurulur. 
Regiondan keçəcək Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu çəkilir. Bu yol strateji əhəmiyyəti ilə seçilir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Avtomobil yoluna paralel olaraq Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun da təməlini qoyub. Dəmir yolunun da böyük strateji əhəmiyyəti var. Bu dəmir yolu azad edilən torpaqlara səfərlərin edilməsi, eyni zamanda yüklərin daşınması, həmçinin, ölkəmizin tranzit imkanlarının artırılması baxımından da böyük əhəmiyyət daşıyacaq.
 


Şərqi Zəngəzurda Xudafərin-Qubadlı-Laçın, Xanlıq-Qubadlı, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd, Şükürbəyli-Cəbrayıl-Hadrut yolları da çəkilir. 
Avtomobil yolları ilə bərabər iqtisadi rayonun ərazində hava limanı da inşa ediləcək. Laçın rayonunun ərazisində olacaq hava limanı strateji əhəmiyyət daşıyacaq.

İnfrastruktur baxımından digər mühüm layihələr elektrik şəbəkəsinin qurulmasıdır. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarının hər birində 110/35/10 kV-luq yarımstansiyalar tikilir. Bundan başqa "Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası artıq istismara verilib. Lev çayı üzərində qurulan və gücü 4,4 MVt olan stansiya Kəlbəcər rayonunun elektrik enerjisinə olan tələbatının bir hissəsini ödəyəcək. 

Şərqi Zəngəzur sənaye, aqrar və turizm regionuna çevriləcək

İnfrastruktur layihələrinin icrası işğaldan azad edilən rayonların Azərbaycan iqtisadiyyatına inteqrasiya edilməsi üçün ilk mühüm tədbirdir. Bu layihələr regionun iqtisadi imkanlarından istifadəni asanlaşdıracaq.
 
Regionun iqtisadi imkanları genişdir. Burada həm turizmi, həm mədənçıxarma sənayesini, həm də kənd təsərrüfatını, xüsusən onun heyvandarlıq sahəsini inkişaf etdirmək üçün böyük təbii imkanlar var. 

Ərazinin kurort-rekreasiya potensialı genişdir. Şərqi Zəngəzurda sağlamlıq, ekskursiya, kənd, ekoturizm və digər turizm növlərinin inkişafı mümkündür. 
Əvvəllər regionda bir neçə qoruq və yasaqlıqlar mövcud olub. Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonunda olmuş qoruq və yasaqlıqlar daim insanların diqqətini cəlb edib. 

Qoruqlar cənnəti...

Zəngilan rayonunda 1974-cü ildə Bəsitçay Dövlət Qoruğu yaradılmışdı. Qoruq Azərbaycanın cənub-qərbində, Bəsitçayın dərəsində yerləşirdi. Onun ərazisinin 79,4%-ni meşə ilə örtülü sahə, 14%-ni seyrək meşəlik təşkil edirdi. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir.
 
Laçın rayonunda 1987-ci ildə Qaragöl Dövlət Qoruğu yaradılıb. Qoruq Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhədində dəniz səviyyəsindən 2658 metr hündürlükdə yerləşir. Qoruğun ümumi sahəsi 240 ha-dır, bura 176 ha işıqlı Qaragölün su akvatoriyası və gölün sahil boyunca 100 metr enində 64 ha sahə aiddir.

İşıqlı Qaragölü sönmüş vulkan kraterini xatırladan relikt su mənbəyidir. Stratiqrafik cəhətdən Qaragöl rayonu yuxarı pliosen yaşlı suxurlar içərisindədir. Göl oktyabr ayının ikinci yarısından aprelin axırlarına kimi donmuş olur. Gölə heç bir yerdən su axımının olmamasına və suyun çox təmiz və şəfalı olmasına görə xalq bu gölə müqəddəs ibadət yeri kimi baxırdı. 
 


Laçın rayonunda 1961-ci ildə Laçın Dövlət Yasaqlığı da yaradılıb. Yasaqlığın yaradılmasında məqsəd buradakı heyvan və quşları qoruyub saxlamaq və artırmaq olub.

Qubadlı rayonunun ərazisində Qubadlı Dövlət Yasaqlığı mövcud olub. Bu yasaqlıq sonradan Bəşitçay Dövlət Qoruğuna tabe olmaqla Qubadlı və Laçın rayonlarının ərazisində geniş sahəni əhatə edib. Yasaqlıq Qubadlı rayonunun şimal və Laçın rayonunun cənub hissəsini əhatə edir, dağ-bozqır sahələrdən ibarətdir. Bu yasaqlığın yaradılmasında məqsəd həmin ərazilərin heyvanlar aləmini, xüsusilə buradakı, cüyür, çöl donuzu, qırqovul və s. heyvan və quşları qorumaqdır. 

Zəngilan rayonunun İranla sərhəd olan Araz çayı sahilində 1993-cü ilin iyun ayında Arazboyu Yasaqlıq yaradılıb. Uzunluğu 50 km, eni 50-100 metr bəzi yerlərdə isə 200-250 m, məsafəni əhatə edən bu yasaqlıq 5 min hektardır. 
Yasaqlığın yaradılmasında əsas məqsəd burada olan fauna və floranın qorunmasıdır. Bura yayı isti, qışı mülayim olan iqlimə malikdir. 

Qarabağın dağlıq hissəsinin digər mühüm xüsusiyyəti buraların böyük müalicə əhəmiyyəti olan mineral su yataqları ilə zəngin olmasıdır. Burada 120-dək müxtəlif tərkibli mineral su yataqları var. Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd və başqa mineral sular diqqəti xüsusilə cəlb edirlər.

Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür.

İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilib. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.

Dağı-daşı qızıldandır...

Region əlvan metal filiz yataqları ilə zəngindir. Regionun ən dəyərli əlvan metal filizi qızıldır. Qızıl 3 rayonda aşkarlanıb. Kəlbəcərin Qızılbulaq faydalı qazıntı yatağında 13,6 ton qızıl, Zod yatağında 112,5 ton qızıl, Zəngilan rayonunun Vejnəli yatağında 6,5 ton qızıl ehtiyatı mövcuddur. Ümumilikdə, işğal altında olmuş ərazilərdə 132,6 ton qızıl olduğu proqnozlaşdırılır.
 
Regionda mis ehtiyatı da çoxdur. Kəlbəcərin Qızılbulaq yatağında 48 min ton, Dəmirli yatağında 1000 ton, Canyataq-Gülyataq yatağında 600 ton, Zəngilanın Vejnəli yatağında 3000 ton mis olduğu təxmin edilir.
 

Regionda aşkarlanan yüksək dəyəri olan digər əlvan metal civədir. Maye halında olan bu metal 2 rayonda  - Kəlbəcər və Laçında aşkarlanıb. Kəlbəcər rayonunda 4 Civə yatağı aşkarlanıb. Laçın rayonunda isə 2 yataq mövcuddur. 
 
Şərqi Zəngəzurda həmçinin sink və qurğuşun ehtiyatı da mövcuddur. 

Regionun təbii-coğrafi xüsusiyyətləri burada heyvandarlığın inkişaf etdirilməsinə imkan verir. Xüsusən Kəlbəcər, Laçın və Qubadlı rayonlarında heyvandarlığın inkişafı üçün yaxşı potensial var. 

Vasif
Sfera.az

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi







OXŞAR XƏBƏRLƏR

Hava dəyişkənliyi psixoloji problemlərə yol aça bilər? - Psixoloqdan AÇIQLAMA

Son günlərdə hava şəraitinin dəyişkənliyi bəzi insanlar üçün xoş qarşılansa da, digərləri üçün mənfi təsir göstərir. Küləkli və ya yağışlı hava şəraiti istirahə...

Bu tarixdən İSTİLƏR DÜŞÜR - Yay havası olacaq

İyulun ikinci ongünlüyünə qədəm qoysaq da, əsl yay havası özünü hələ indi-indi göstərməyə başlayır. Paytaxt Bakı bu səhəri gözlənilməz yağış və sərinliklə qarşı...

Bakıda əməliyyat: 21 kq narkotik aşkarlandı

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirib.   Bu barədə Sfera.az-a Daxili İşlər Na...

Məktəblərdə rus bölmələri bağlanacaq? - Nazir AÇIQLADI

Bu gün Azərbaycan məktəblərində rus bölmələrinin bağlanması gündəmdə deyil.     Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin ...

Modriç bu klubla müqavilə imzaladı

Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç İtaliyanın "Milan" klubu ilə müqavilə imzalayıb.   Sfera.az xəbər verir ki, bu barədə insayder Fabri...

Bu şəxslərə yeni mənzillər VERİLƏCƏK​​​​​​​

Azərbaycanda müharibə əlilləri və şəhid ailələrinin dövlət tərəfindən xüsusi mənzil şəraitinin və sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində tədbi...