Neft Fondu 1 milyard dollara alıcı tapa bilməyib

14:36 / 02.09.2021
1167
Bu ilin 8 ayında Dövlət Neft Fondu nəzərdə
tutulandan xeyli az məbləğdə xarici valyutanı manata dəyişib. Plana əsasən ilin
ilk 8 ayında Fond 4,784 milyard dollar vəsaiti manata dəyişərək büdcəyə köçürməliydi.
Amma yanvar-avqust aylarına dair açıqlanan məlumatlar göstərir ki, Fond nəzərdə
tutulandan 1 milyard dollardan az vəsaiti dəyişib.
Sfera.az bildirir ki, az vəsait dəyişdirilməsinin səbəbi
xarici valyutaya tələbin zəifləməsidir. Yanvar ayında valyuta bazarında tələb
artsa da, fevral ayından başlayaraq tələbin azalması və sabitləşməsi müşahidə edilib.
Buna görə də yanvar ayı istisna olmaqla hər ay satılan valyutanın dəyəri planlaşdırılan
aylıq konvertasiya dəyərindən, yəni 598 milyon dollardan az olub. Yanvarda 645
milyon dollar vəsait manata dəyişdirildikdən sonra fevraldan azalma baş verib və
sonrakı aylarda tələb sabitləşərək 450 milyon dollar ətrafında dəyişib. Səkkiz
aylıq dövrdə orta hesabla hər ay satılan valyutanın həcmi 467,1 milyon dollar
olub.
Tələbin azalması ilə əlaqədar valyuta satışı 8 ayda
3,740 milyard dollar təşkil edib. Halbuki, plana əsasən orta hesabla hər ay 598
milyon dollar satılmalıdır ki, bu da 8 aylıq dövrdə 4,784 milyard dollar edir.
Müqayisə göstərir ki, 8 aylıq müddətdə Neft Fondu nəzərdə
tutulandan 1,044 milyard dollar az vəsait satıb.
Əgər valyuta bazarında mövcud tələb dəyişməsə, ilin
yekununda dollar satışı planlaşdırılandan 1,5 milyard dollar az olacaq.
2021-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə
12,2 milyard manata qədər vəsaitin transfert edilməsi nəzərdə tutulub. Bu məqsədlə
7,176 milyard dollar dəyərində xarici valyuta manata dəyişdirilməlidir.
İlin yekununda dövlət büdcəsinin kəsiri proqnozlaşdırılandan xeyli az olarsa və valyuta bazarında tələb artmasa,
1,5 milyard dollarlıq vəsait Neft Fondunda qala bilər. Əks hallarda isə həmin vəsait
bir-iki ayın ərzində manata dəyişdirilməlidir.
Vasif