Bu ölkələr Azərbaycandan daha çox qeyri-neft məhsulu alır - SİYAHI

Bu ölkələr Azərbaycandan daha çox qeyri-neft məhsulu alır - SİYAHI
2021-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycandan daha çox qeyri-neft məhsulunu Rusiya və Türkiyə alıb. Adıçəkilən ölkələrlə bərabər İsveçrə, Gürcüstan və ABŞ da Azərbaycanın qeyri-neft məhsullarını digərlərinə nisbətən çox idxal edib. 

Sfera.az bildirir ki, ilk 7 ayda ixrac etdiyimiz qeyri-neft mallarının dəyəri 1,4 milyard dollar olub. Bunun 467,9 milyon dollarını Rusiya, 359,3 milyon dollarını Türkiyə alıb. Rusiya və Türkiyənin aldığı malların dəyəri 827,2 milyon dollar olmaqla cəmi ixracın 59,1 faizini təşkil edib. 

Bu dövrdə İsveçrə 129,5 milyon dollarlıq, Gürcüstan 94  milyon dollarlıq, ABŞ 33,7  milyon dollarlıq qeyri-neft sektoruna aid mal alıb.

Ümumilikdə, adıçəkilən 5 ölkə 1,084 milyard dollar dəyərində mal alıb. Bu, ümumi ixracın 77,4 faizi deməkdir. 

Normallaşma prosesinin davam etdiyi dövrdə iyul ayı ərzində ixracda artım 55,7% təşkil etməklə 192 milyon dollar olub. 2021-ci ilin iyul ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6% artaraq 43 milyon dollar, qeyri-yeyinti məhsulları üzrə isə 80,1% artaraq 149 milyon dollar təşkil edib.

2021-ci ilin iyul ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (64 milyon dollar) birincidir. Bu siyahıda Türkiyə ikinci (49,9 milyon dollar) və Gürcüstan üçüncü (13,9 milyon dollar) olub.

Vasif
Sfera.az



OXŞAR XƏBƏRLƏR