Azərbaycanda insan sayını azaltmaq üçün intihar edəcəyini deyən yazıçı ilə bağlı PSİXOLOQ RƏYİ

15:15 / 30.08.2021
3771
Məlumat verdiyimiz kimi Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, kulturoloq Aydın Xan Əbilov topluma maraciət edərək, insan sayının azaldılmasına dəstək olduğunu bildirib. Yazıçı hətta lazım gələrsə, bu məqsəd uğrunda intihar edə biləcəyini də deyib.
Sfera.az-a açıqlamasında Aydın Xan Əbilovun bu çıxışına münasibət bildirən psixoloq Aytən Ələkbərova ziyalı insanların belə həssas mövzularla bağlı kütləyə müraciət etməməli olduğunu bildirib:
"Ziyalı insanlar – yazıçılar, vəkilllər, həkimlər, psixoloqlar, bir sözlə düşünən beyinlər insanlara qarşı maarifləndirici söhbətlər aparmalı, intiharla bağlı mövzularda ehtiyyatlı olmalıdırlar.
Biz bunu maarifləndirmə məqsədilə etsək belə, bəzilərinin düşüncə səviyyəsinin zəif olması ilə əlaqədar onlar bu düşüncənin arxası ilə gedə bilərlər. Misal üçün, bir insan özünü günahkar hesab etmə hissi keçirdikdə onun danışığında intihara meyilli məqamlar hiss olunur.
Qadınlar vicdan əzabı çəkdikdə günahkarlıq hissini özlərində daşıya bilirlər. Lakin kişilərdə günahkarlıq hissi həddindən artıq çətin gedir. Elə bir insan ola bilir ki, həyat yoldaşı və yaxud sevgilisi dünyasını dəyişdikdə bunda özünü günahkar bilir. Müşahidə edirik ki, həmin insan ya 40 gün içərisində depressiv vəziyyətə düşərək qəhərdən dünyasını dəyişir və yaxud intihar edir".
Psixoloq intihar edəcəyini deyən kulturoloqda psixoloji gərginliyin olduğunu deyib:
"İnsanların bu düşüncəyə gəlməməyi üçün psixoloji immunitet sistemini gücləndirmək lazımdır. Bəzi insanlarda bu zəif olduğundan onlar təsir altına düşürlər. Çünki mütəmadi olaraq özünün bacarıqsız biri olduğunu söyləmək günahkarlıq hissini yaradır və təbii ki, bu insanlar asanlıqla intihar addımını ata bilərlər.
Bu duyğu səhv hərəkət etdiyini düşünən insanın özünü bağışlaya bilməməsindən irəli gəlir. Görünür ki, həmin insanda psixoloji gərginliklər var".
Əzizə Zeynal
Sfera.az