Əri və qardaşı BTR-in içində yanan Mətanət Məmmədova: “Şəkil ermənilərin əlinə düşməsin deyə...”

15:19 / 30.08.2021
2492
Birinci
Qarabağ müharibəsi dövründə minlərlə azərbaycanlı əsir, girov və itkin düşüb.
Onların bəziləri sonradan düşmənlə aparılan danışıqlar nəticəsində geri
qaytarılsa da, hələ də gözü yollarda qalan ailələr var. İndi isə, torpaqlar öz
sahibinə qaytarılıb - həmin şəxslərin də ümidləri birə on artıb desək,
yanılmarıq. Kimisi atasının, kimisi həyat yoldaşının, qardaşının qayıdacağına
ümid edir.
Həmin zaman itkin düşənlərdən biri də Vahid Məmmədov Şahvələdoğludur. O,
1961-ci ilin sentyabrın 29-da Lənkəranda dünyaya göz açıb. Vahid iki bacının tək
qardaşı idi. Anası evdar qadın, atası isə polkovnik olub. Elə hərbçi olmaq istəyi
də burdan qaynaqlanırdı. Hələ uşaqlıqdan atasını hərbi geyimdə görməsi, onda bu
sahəyə maraq, sevgi yarada bilib. Lakin Şahvələd Məmmədov oğlunu bir neçə dəfə
yolundan döndərmək istəyib. Axı işin çətinliklərinə
ondan yaxşı bələd olan yox idi...

Bütün israrlara rəğmən, Vahid hərbçi olmaq
arzusunu boğa bilmədi – ali hərbi məktəbi bitirib istədiyi peşəyə də yiyələndi.
Sovet ordusunda kapitan rütbəsinə qədər yüksələn Vahid daha sonra Azərbaycan ordusunda fəaliyyət göstərməyə başlayıb və mayor
rütbəsində qədər yüksəlib.
9 görüş, 5
illik evlilik yolu....
Sfera.az-ın
əməkdaşı itkinin həyat yoldaşı Mətanət Məmmədova ilə söhbətləşərək onun həyat
yoluna işıq salmağa çalışıb. Müsahibimizlə elə lap başdan başladıq – Mətanət
xanım öncə Vahid bəylə yollarının necə kəsişdiyindən, hələ müharibədən öncə nələr
baş verdiyindən söz açdı. Dediyinə görə, onlar yaxınlarının vasitəsi ilə tanış
olub. Toy gününə qədər bir-birini cəmi 9 dəfə görüblər:
"Qaynatam hərbi həkim idi, eləcə də bibimin
yoldaşı - onlar bir yerdə oxuyublar, qulluq yolları eyni olub. Bizim evdə bir
adət var idi. Hər il 23 fevral tarixində mütləq bibimgilə gedər, eyni süfrə
arxasında oturub söhbətləşərdik. Vahidin də ailəsi gəlirdi. Amma özü heç vaxt şənlikdə
olmayıb. Vaxt-vədə gəlib çatanda bibim mənə Şahvələdin oğlunun instituta mənə
baxmağa gələcəyini dedi. Mən bir az kobud, oğlan kimi idim. Elə buna görə bibim
məndən xahiş etdi ki, imtina da etsən, oğlana kobudluq etmə, mənə yavaşca deyərsən
çatdıraram. Həmin zaman "Şahvələdin oğlu var?” deyib təəccübləndim. Məclisdə
görməmişdim deyə ağlıma belə gəlmirdi ki, iki bacının həm də qardaşı var. İndiyə
kimi yadımdadır, mühazirədən çıxanda xəstəxananın qabağında Vahidi gördüm. İlk
dəfə gördüyüm adamın o olduğunu bildim, çünki eynilə atasına bənzəyirdi. Həm də
formada idi. Toy günü mən onu 9-cu dəfə idi görürdüm – onun içinə nişan da,
Qurban bayramı da, gəldikləri gün də daxildir”.

"Sən demə,
hərbçinin həyat yoldaşı olmaq elə də asan deyil”
"O vaxt hərbi formanın kənarlarında qırmızı planka olurdu. Birinci dəfə Vahidin şalvarını yuyanda həmin planka çıxdı və atılmalı oldu. Mən nə bilim ki, şalvarın əslində yuyulma qaydası var. Onda Vahid qayıdıb dedi ki, sənə bibin şalvarı necə yumaq lazım olduğunu öyrətməyib?. Ardınca "Mən bir dəfə yuyub sənə göstərirəm. Bax öyrən” dedi. Bunun kimi bir çox hadisələr olub. Sən demə, hərbçinin həyat yoldaşı olmaq elə də asan məsələ deyil – onun öz həyat gedişatı, prinsipləri var. Amma yoldaşımın xasiyyəti yumşaq idi. Bəlkə iş yerində başqa cür olub. Ancaq Vahid qadının göz yaşını görə bilmirdi, böyük-kiçik yeri bilirdi, ailədə mülayim idi. Təkcə öz övladlarına yox, qonşunun uşaqlarına, ya da həyətdə, başqa yerlərdə gördüyü uşaqlara qarşı mehriban olub”.
Ermənilərin
başına pul qoyduğu hərbçi...
İki oğul atası olan Vahid Məmmədov Vətəninə
sevgiylə bağlı idi. Məhz bu səbəbdən Birinci Qarabağ Müharibəsi dövründə düşünmədən
cəbhəyə yola düşdü – heç kimə xəbər vermədən. Axı istəməzdi, ailəsi ona görə
narahat olsun...
Hər gün evdə, övladlarının, həyat yoldaşının
yanında olan Vahid 1991-ci ilin dekabrından etibarən 1992-ci ilin may ayına
kimi cəmi 2 dəfə ailəsini görməyə gəlib – fevralın sonu və aprelin ortaları...

Mətanət xanım deyir ki, Vahid heç vaxt evdə hərbi
söhbətlər açmaz, gərginlik yaratmazdı. Onun sözlərinə görə, Vahid hərbi hissədə
"krasavçik” ləqəbi ilə tanınırdı. Hətta ermənilər Albert Aqarunovla Vahidin
başına pul qoymuşdular - onlar artıq ölümə məhkum olunmuş adamlar idi:
"Vahid Şuşaya gedəndə bizə heç nə demədi. Elə
məzuniyyətdə olduğunu ya da rayonlara gedib ön cəbhəyə aparmaq üçün cavan
uşaqları yığdığını deyirdi. Axırıncı dəfə Xaçmazda olduğunu demişdi. Amma
1992-ci ilin fevral ayında biz Vahidi televiziyada gördük və o zaman Şuşada
olduğunu bildik. Axşam zəng etdi. Dedi ki, siz məni televiziyada gördüyünüzə
sevinirsiz, amma biz yox, çünki sizin kimi ermənilər də baxır. Nigaran qalmayaq
deyə, bu addımı atdığını bildirdi. Vahidlə axırıncı dəfə mayın 3-də telefonda
danışdıq. Mən ona sual verdim ki, uşaqları bu qədər çox istəyirsən, orda onlarsız
necə qalırsan? Cavabı belə oldu: "Nə fərqi
var? Burda olanların hamısının ailəsi var- birinin bacısı, birinin həyat
yoldaşı, uşaqları... Hərənin kimisə evdə qalıb. Mən də, onlar da gəlməsin, bəs
kim qalsın burda? Torpaqları kim qorusun? Bu, mənim vəzifəmdir, yerimiz
buradır”.
Kiçik oğlum Rüfət həmin ərəfədə əməliyyat
olmuşdu, gəzmirdi, danışa bilmirdi, yaşyarımlıq idi. Amma böyük oğlum Cavidin 4
yaşı var idi. Vahid Cavidi oyatmağımı, onunla danışmaq istədiyini dedi, amma mən
uşağı oyatmadım. Ondan sonra Vahiddən xəbər almadıq. Ayın 8-i bildik ki, Şuşa
artıq ermənilərdədir. Hərbi hissəyə müraciət edəndə əməliyyata getdiyini və
qayıtmadığını dedilər”.
Üç bacının
bir qardaşı, ilk həkim, ilk tibbi məntəqə rəisi...
Mətanət xanım həmin zaman təkcə həyat
yoldaşını yox, həm də qardaşını itirib. Gözü bir yolda, amma iki insan
axtarırdı. Ağası Hüseynov Rauf oğlu. O da Tibb Universitetinin tələbəsi idi, hələ
24 yaşı var idi:

"O vaxt hərbi fakültə var idi və imtahan verənlərə
leytenant rütbəsi verilirdi. Qardaşım da onların sırasında idi. 1986-cı ildə
atam vəfat etdi. Həmin zaman qardaşım yolpulu və digər xərclərini anamdan
almağa utandığını və işləmək istədiyini deyirdi. Tibb universitetinin 3-cü
kursunu bitirənlər tibb qardaşı işləyə bilərdi. Ağası da hərbi xəstəxananın
axşam növbəsinə tibb qardaşı kimi işə düzəldi – səhərlər dərsdə, axşam işdə
olurdu. Artıq müharibə başlamışdı, xəstəxanaya
dalbadal yaralılar gəlirdi. Orda yaralılardan biri qardaşıma deyir ki, əgər cəbhədə
həkim olsaydı, yaralılara ilk yardım göstərən olardı və ölənlər azalardı. Daha
sonra Ağası növbəti vertolyotla xəstə gətirməyə getmək istədiyini baş tibb
bacısına bildirib. Tibb bacısı qardaşıma anasına zəng etməyi və icazə almağı
tapşırıb, yalnız bu halda ön cəbhəyə gedə biləcəyini deyib.
Ağası anama zəng etdi, amma imtahanının
olduğunu, onu narahat etməməsini xahiş etmək üçün. Tibb bacısına isə icazə
aldığını deyib xəstə götürmək üçün vertolyotla ön cəbhəyə yola düşdü. Qardaşım
könüllü yazılanda deyib ki, Vahidin hərbi hissəsinə gedirəm. O vaxt həmin hərbi
hissədə həkim yox idi, bir tibb bacısı olub. Ağası orada ilk həkim və ilk tibbi
məntəqə rəisi olur. Qardaşım və həyat yoldaşım toydan sonra tanış olublar,
ancaq o qədər yaxın dost idilər ki. Mən oldum yalan, onlar oldu doğru”.
"Sən hara,
mən də ora”
O zaman həkim hərbi hissədə qalmalı idi, əməliyyata
getməli deyildi. Amma Ağası bu qəlibi qırıb, Vahidin ardınca döyüş meydanına
yola düşüb. Mətanət xanımın sözlərinə görə, onların ilk dəfə həmin zaman sözləri
çəp gəlib:
"Hərbçilərin ürəyinin üstündə dəmirdən bir şey
olurdu ki, güllə keçməsin. Həmin o dəmirin yanına Vahid uşaqların şəklini
qoyurdu. Mayın 7-dən 8-nə keçən gecə döyüşə gedəndə Vahid o şəkli çıxarıb stolun üstünə qoyub və
yoldaşlarına deyib ki, başına bir iş gələcəyi təqdirdə, həmin şəkli ermənilərin
əlinə düşməyə qoymasınlar, evə çatdırsınlar. İnanırsınız, o şəkil əzilmiş vəziyyətdə
mənə çatdı...

Həmin gün Ağası da otaqda olub və Vahidin şəkli
cibindən çıxardığını görəndə başa düşüb ki, bu ölüm-dirim məsələsidir, ordan gəlməmək
söhbəti var. Vahidə onunla getmək istədiyini deyib. Orda olan hərbçilərin
danışdığına görə, ilk dəfə ikisinin dalaşdığını görüblər. Vahid Ağasıya deyib
ki, evdə kişi xeylağı yoxdur və qadınlar təkdir, mənim başıma bir iş gəlsə, heç
olmasa sən qayıt. Qardaşım isə "sən hara, mən də ora” deyərək israr edib. Döyüş
yoldaşlarının sözünə görə, Vahid də, Ağası da BTR-in içində olublar və onlar
yanmağını görüblər. Lakin qaçıb gəldikdən sonra qardaşımla, həyat yoldaşımın
BTR-in içindən çıxa bilib-bilmədiklərini və ya əsir düşüb-düşmədiklərini görə
bilməyiblər, amma BTR ermənilər tərəfdə qalıb. İndiyə kimi biz də aqibətlərinin
nə olduğunu bilmirik”.
1992-ci ilində may ayından sonra Mətanət
xanımın çətin günləri başladı. Anası ilə birlikdə həm qardaşının, həm də həyat
yoldaşının sorağını almaq üçün qurumları gəzməyə başladılar. Hərbi hissələr, Qırmızı
Xaç Komitəsi, Müdafiə nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, hər yerə üz
tutdular – təki bir söz eşitsinlər, bir xəbər alsınlar. Bircə morqlardan
başqa...Anası Mətanət xanıma ora getməyə qoymurdu, özü gedirdi:
2020-ci il
8 noyabr – Ümidlərin dirçəldiyi gün
Mətanət xanım həmin gün evdə olduğunu və ölkə
başçısının çıxışına diqqətlə qulaq asdığını deyir. Onun sözlərinə görə,
Prezident Şuşanın azad edildiyini elan edəndə gözləri dolub:
"29 ildir, bizim evimizdə Şuşa söhbəti gedirdi
və onun düşməndən geri alınması ümidlərimizi bir az da çoxaltdı. Axı o
torpaqlar bizdədi, bəlkə Vahid, qardaşım oralarda basdırılıb. Çünki o zaman
dedilər ki, orda ölüb qalanlara quyu qazıblar və meyitləri traktorla quyuya itələyib
üstünü örtüblər. Nə vaxtsa onu açıb DNK ilə kimin kim olduğunu tapacaqlar. Eyni
zamanda Şuşa türməsi var. Düşünürdüm ki, bəlkə ordadılar. 8 noyabrdan sonra ailəlikcə
yenidən köhnə əsirlərlə bağlı müraciətlər etdik. 100 faiz gələcəklərinə
inanıram desəm, yalan olar. Amma 30-40 faiz ümid var ki, nəsə ola bilər. Əgər həmin
anda Vahid də, Ağası da ölməyiblərsə və ya ermənilər tapıb öldürməyiblərsə, yəqin
ki, gəlmə, tapılma ehtimalları var. Adamın ağlına min cür fikir gəlir. Onların
ölüm xəbərini eşitmək ehtimalım da çoxdur. Amma qəbirlərinin harda olduğunu da
bilmirəm axı. Heç olmasa yerlərini bilim, ziyarət edək. Mənim anam gözü açıq
getdi bu dünyadan. Bəlkə də gözümlə görməsəm inanmazdım. Mən onu yumağa girəndə
gördüm – gözü açıq idi, nə qədər gözlərini yummağa çalışsaq da, yeni eyni şey
olurdu. Ömrünün son anına kimi oğlunu gözlədi. Mən də gözümün yolda qalmasını
istəmərəm. Heç olmasa ölümümə bir saat qalmış belə olsa, onların sonrakı
taleyinin necə olduğunu bilmək istəyərdim. Ümid get-gedə azalsa da, gözləyirəm,
ölənə kimi də gözləyəcəm”.
"Vahid gedəndə
mənim ürəyimi də aparıb”
Vahid Məmmədov da, Ağası Hüseynov da tez-tez Mətanət
xanımın yuxularını ziyarət edirdi. Hərçənd ki, artıq bu olmur: "Vahidi yuxuda o
qədər əyani görürdüm ki... Sanki iyi burnuma gəlirdi. Mən ayılanda onu görmədiyimə
təəccüblənirdim. Yuxu yox, həqiqət olduğunu zənn edirdim. Bu ancaq 5-10 il
davam etdi. Mənə bəzən sual verirlər ki, niyə yenidən ailə qurmamısan. Bir
cavabım var – Vahid gedəndə mənim ürəyimi də aparıb. Ondan sonra qabağıma ancaq
uşaqları böyütməyi, yerbəyer etməyi məqsəd qoymuşam”.

Elə də oldu. Mətanət xanım iki oğlunu böyütdü,
yerbəyer etdi. Kiçik oğlu Rüfət mühəndis, böyük oğlu Cavid isə farmokoloq oldu.
Mətanət xanımın sözlərinə görə, iki qardaş bir-birindən tamamilə fərqlənir –
biri sanki atası, biri isə qardaşıdır. Rüfət atası kimi mülayim, yumşaq, Cavid
isə dayısı kimi mübariz, sərt. Sanki həyat ailədən ikisini alsa da, ikisini də əvəz
kimi verib. Hətta Mətanət xanımın anası da böyük nəvəsinə düşkün imiş, onunla nəfəs
alır, bir növ özünü bununla ovudurmuş. Elə ömrünün son anına kimi də Cavidə
oğlu kimi baxırmış.
Söhbətləşdi:
Günay Rəsulqızı
Foto: Səbuhi
Elnur