Əsas makroiqtisadi göstəricilər tədricən yaxşılaşır – Müqayisəli TƏHLİL

İqtisadiyyat
14:23 / 27.08.2021
969
2021-ci ilin birinci rübündən sonra Azərbaycanın əsas makroiqtisadi göstəricilərində yaxşılaşma müşahidə edilir. Əgər növbəti aylarda da oxşar dinamika davam edərsə, o halda Azərbaycan iqtisadiyyatının durğunluqdan inkişaf mərhələsinə keçdiyini deyə bilərik.
Əsas makroiqtisadi göstəricilər dedikdə, ümumi daxili məhsul (ÜDM), yəni əlavə dəyər istehsalı, (o cümlədən qeyri-neft sektoru üzrə əlavə dəyərin istehsalı), istehlak qiymətləri indeksi, pərakəndə ticarət dövriyyəsi, əhalinin gəlirləri, nominal orta əməkhaqqı, əsas kapitala sərmayə qoyuluşu nəzərdə tutulur.
Sfera.az bildirir ki, 2021-ci ilin ilk 7 ayında ÜDM istehsalı 2,7 faiz artaraq 47,262 milyard manata yüksəlib.
Birinci rübdə ÜDM istehsalında 1,3 faiz azalma baş vermişdi.
ÜDM-nin artmasında qeyri-neft sektorunda yaradılan əlavə dəyərin payı daha çoxdur. Bu ilin 7 ayında qeyri-neft ÜDM-si 5,3 faiz artaraq 26,512 milyard manat təşkil edib. Yanvar-iyul ayları ərzində əhalinin nominal gəlirləri 0,6 faiz artıb. Birinci rübdə nominal gəlirlər 1,1 faiz artmışdı.
Bu il orta əməkhaqqında da artım baş verib. İlin birinci rübündə orta əməkhaqqı 4,2 faiz azaldıqdan sonra birinci yarımilin yekununda 0,6 faiz artıb.
Pərakəndə ticarət dövriyyəsində də artım müşahidə edilir. Yeddi ayda pərakəndə ticarət dövriyyəsi 2,6 faiz artaraq 22,93 milyard manata çatıb. Birinci rübündə ticarət dövriyyəsi 1,1 faiz azalmışdı.
Bu il əsas makroiqtisadi göstəricilərdən istehlak qiymətləri indeksi əvvəlki illərə nisbətən daha çox yüksəlib. İlk 7 ayda qiymətlərdə 4,5 faiz artım baş verib. Birinci rübdə qiymətlər 3,9 faiz artıb.
2021-ci ildə əsas makroiqtisadi göstəricilərdən yalnız əsas kapitala investisiya qoyuluşunda azalma baş verib. Belə ki, əsas kapitala sərmayə qoyuluşu 12,1 faiz azalaraq 7,06 milyard manata düşüb. Amma bildirək ki, birinci rübdə əsas kapitala sərmayə qoyuluşu 19,4 faiz azalmışdı.
Beləliklə, birinci rüblə müqayisədə ilk 7 ayda əsas iqtisadi göstəricilərin əksəriyyətində yaxşılaşma qeydə alınıb.
Vasif
Sfera.az