“Azərbaycanın cavabı çox ağır olacaq...” – Deputat Gorus-Qafan yolunun bağlanma səbəbindən danışdı

“Azərbaycanın cavabı çox ağır olacaq...” – Deputat Gorus-Qafan yolunun bağlanma səbəbindən danışdı
"Ermənistan Azərbaycan əsgərinə hücum edərək, sərhəddə təxribat törədirsə, unutmamalıdır ki, bunun cavabı çox ağır olacaq".

Bu sözləri Sfera.az-a açıqlamasında deputat Aydın Mirzəzadə deyib. Millət vəkili Gorus-Qafan yolunun Azərbaycan hərbçiləri tərəfindən bağlanmasına da aydınlıq gətirib:


"Azərbaycanın Gorus-Qafan yolunda gördüyü işlər beynəlxalq qanuna uyğundur. Ermənistan iki ölkənin sərhəddində müxtəlif təxribatlar törədir. Elə bir neçə gün bundan öncə hücum edərək, iki əsgərimizə ağır xəsarət yetirməsi buna nümunədir. Aydın məsələdir ki, bu təxribatların cavabı olacaq. Bu baxımdan da Gorus-Qafan yolu bağlanıb. Azərbaycan böyük güzəşt edərək Ermənistana lazımı sənədlər hələ hazır olmamış, erməni texnikasının sərhəddən keçirilməsi üçün şərait yaradır. Yerevanın cavabı isə hücum və təxribatlardır. Bunun müqabilində Azərbaycanın cavabı çox ağır olacaq. Ermənistan hələ dərk etmir ki, onun yaşamı Azərbaycandan asılıdır. Yəni, Ermənistanın yaşam səviyyəsi Azərbaycanla münasibətlər və Zəngəzur dəhlizinin açılması ilə əlaqəlidir".
 
Deputat Ermənistanın Azərbaycana müraciət etməli olduğunu bildirib:

"Hələ də Ermənistan çar Rusiyasında ona edilən güzəştlərin abu-havasında yaşayır, artıq ayılmaq vaxtı çatıb. Ermənistan indi xəritəni qarşısına qoyub, fikirləşməlidir. Düşünməlidir ki, dünyaya haradan çıxış edib, əhalisini nə ilə dolandıracaq? Artıq Sovet ittifaqı yoxdur. Bunu ona görə deyirəm ki, o vaxt Ermənistan SSRİ-yə verdiyi xidmətlərdən 10 qat daha çox qazanc əldə edirdi. İndi isə onlar öz qazancları ilə hərəkət etməyə məcburdur. Ermənistanın hazırkı məqamda kimə müraciət etməsi şəxsi işidir. Lakin müraciət üçün ölkə axtarırsa, elə Azərbaycana üz tutsun, çünki həll yolu Azərbaycandadır. Ümumilikdə isə Ermənistan Azərbaycana etdiklərinin iki qat ağır cavabını alacaq".
 
Əzizə Zeynal
Sfera.az
 
 

OXŞAR XƏBƏRLƏR