Kabil terroru hansı məqsədə hesablanıb? - “Əfqanıstan terrorçular üçün çətir rolunu oynayacaq”

10:37 / 27.08.2021
979
"Türkiyənin milli müdafiə naziri Hulusi Akar
"təhlükə olacağı təqdirdə, Əfqanıstandan 24 saata çıxacağıq” demişdi və çıxmaq
qərarının 24-36 saat içində icra edilməsi planı da Ankaranın təhlükədən xəbərdar
olduğunu göstərir”.
Sfera.az bildirir ki, bunu politoloq Asif Nərimanlı
Kabil terrorundan danışarkən deyib. O bildirib ki, Kabil terrorunu İŞİD-in üzərinə
götürməsi iki ehtimalı önə çıxarır:
"Birincisi, "Taliban” daxilində monolitlik
yoxdur və terrorçular siyasi qanadın mövqeyi ilə razılaşmır. İkincisi, Kabil
hava limanına nəzarəti əldə etmək və əhalinin gedişinin qarşısını almaq üçün
"Taliban” özü bu partlayışlarda maraqlıdır. Ən vacib məqam Türkiyənin çəkilmə qərarından
bir neçə gün öncə Kabildə keçirilən ABŞ-Taliban görüşüdür.
"Vaşinqton Post” qəzeti ABŞ Mərkəzi Kəşfiyyat
İdarəsinin (CIA) direktoru Uilyam Börnsün Kabildə "Taliban”ın siyasi lideri
Abdülqani Bəradərlə gizli görüş keçirdiyini yazırdı. "Taliban”ın bu görüşdən
sonra xarici hərbçilərin qalmasını "qırmızı xətti” elan etməsi, ardınca terror
aktının törədilməsi və bu terroru məhz İŞİD-in üzərinə götürməsi diqqət çəkir:
ABŞ Əfqanıstanda təhlükəsizliyə heç kimin zamin olmasını istəmir və terrorun
coğrafi episentri Yaxın Şərqdən Cənub-Şərqi Asiyaya köçürülür”.
A.Nərimanlı qeyd edib ki, Əfqanıstan İslam
Əmirliyi terrorçular üçün çətir rolunu oynaya bilər:
ABŞ terrorçu kimi tanıdığı "Taliban”ın Əfqanıstanda hakimiyyətə gəlişinə və İslam Əmirliyi yaratmasına "yaşıl işıq” yandırmaqla terroru legitim gücə çevirə bilər: Əl-Qaidə, İŞİD kimi təşkilatlar legitim güc deyildi, Əfqanıstan İslam Əmirliyi isə hazır dövlətdir. Kabildə İŞİD terroru bu gözləntini doğruldur. Görünür, Suriyada "dəfn edilən” terror Əfqanıstanda dirildirilir”.
Günay Rəsulqızı