Kabil terroru hansı məqsədə hesablanıb? - “Əfqanıstan terrorçular üçün çətir rolunu oynayacaq”

Kabil terroru hansı məqsədə hesablanıb? -  “Əfqanıstan terrorçular üçün çətir rolunu oynayacaq”
"Türkiyənin milli müdafiə naziri Hulusi Akar "təhlükə olacağı təqdirdə, Əfqanıstandan 24 saata çıxacağıq” demişdi və çıxmaq qərarının 24-36 saat içində icra edilməsi planı da Ankaranın təhlükədən xəbərdar olduğunu göstərir”.

Sfera.az bildirir ki, bunu politoloq Asif Nərimanlı Kabil terrorundan danışarkən deyib. O bildirib ki, Kabil terrorunu İŞİD-in üzərinə götürməsi iki ehtimalı önə çıxarır:

"Birincisi, "Taliban” daxilində monolitlik yoxdur və terrorçular siyasi qanadın mövqeyi ilə razılaşmır. İkincisi, Kabil hava limanına nəzarəti əldə etmək və əhalinin gedişinin qarşısını almaq üçün "Taliban” özü bu partlayışlarda maraqlıdır. Ən vacib məqam Türkiyənin çəkilmə qərarından bir neçə gün öncə Kabildə keçirilən ABŞ-Taliban görüşüdür.
 
"Vaşinqton Post” qəzeti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börnsün Kabildə "Taliban”ın siyasi lideri Abdülqani Bəradərlə gizli görüş keçirdiyini yazırdı. "Taliban”ın bu görüşdən sonra xarici hərbçilərin qalmasını "qırmızı xətti” elan etməsi, ardınca terror aktının törədilməsi və bu terroru məhz İŞİD-in üzərinə götürməsi diqqət çəkir: ABŞ Əfqanıstanda təhlükəsizliyə heç kimin zamin olmasını istəmir və terrorun coğrafi episentri Yaxın Şərqdən Cənub-Şərqi Asiyaya köçürülür”.

A.Nərimanlı qeyd edib ki, Əfqanıstan İslam Əmirliyi terrorçular üçün çətir rolunu oynaya bilər:

""Ərəb baharı”ndan sonra yaradılan İŞİD həm də terrorçuların yetişdirilməsi missiyasını yerinə yetirirdi: Mərkəzi Asiyadan (Özbək İslam Hərəkatı, Tacikistanda olan radikallar) Çindəki uyğurlara qədər müxtəlif qruplar "islam dövlətinin bayrağı altında” təlim keçdilər; İŞİD-in "yox olması”ndan sonra bu terrorçular "yer altına” çəkildi və mümkündür ki, "Taliban”ın İslam Əmirliyinin bayrağı altına toplanacaqlar. Yaxın Şərq müharibəsində Özbəkistan, Qırğızıstan və Tacikistanı birləşdirən Fərqanə vadisi terrorçuların Əfqanıstana keçidi və əks istiqamətə hərəkəti üçün əsas marşrut idi: mümkündür ki, bu marşrutu Əfqanıstan İslam Əmirliyinə doğru yenidən aktivləşəcək.
 
ABŞ terrorçu kimi tanıdığı "Taliban”ın Əfqanıstanda hakimiyyətə gəlişinə və İslam Əmirliyi yaratmasına "yaşıl işıq” yandırmaqla terroru legitim gücə çevirə bilər: Əl-Qaidə, İŞİD kimi təşkilatlar legitim güc deyildi, Əfqanıstan İslam Əmirliyi isə hazır dövlətdir. Kabildə İŞİD terroru bu gözləntini doğruldur. Görünür, Suriyada "dəfn edilən” terror Əfqanıstanda dirildirilir”.
 
Günay Rəsulqızı
 

OXŞAR XƏBƏRLƏR