“Rusiya sülhməramlılarının problemləri artıb, Xankəndi ermənilərinə su daşıyırlar" - Politoloq

12:50 / 26.08.2021
1456
"Ermənistan
hakimiyyəti və Qarabağdakı erməni separatçılarla yanaşı Rusiyanın da regional
problemləri artıb".
Sfera.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu
deyib. Politoloq Xankəndidə bəzi problemlərin yarandığını vurğulayıb:
"Xankəndidə su kəsilir, rusiyalı hərbçilər su
daşıyırlar, silah anbarında partlayış baş verir, alovu söndürməyə çalışırlar,
mobil əlaqə kəsilir, bunun bərpası haqqında düşünmək məcburiyyətində qalırlar. İndi
də rusiyalı hərbçilər tökülüşüblər Gorus-Qafan yoluna, ərazimizə düşən və azərbaycanlı
sərhədçilərin bağladığı yolu açmağa çalışırlar.
Rusiyalı hərbçilər özlərini Abxaziyada, Cənubi
Osetiyada, qeyri-rəsmi var olduqları Dnestr və Donbass bölgəsində daha rahat
hiss edirlər, çünki ayırıcı xətlər bəllidir, toqquşmalar yox dərəcəsindədir,
mövqelərini qoruyurlar. Qarabağ və Azərbaycan-Ermənistan sərhədində isə durum
tam fərqlidir, Moskvanın vasitəçiliyi ilə müharibənin bitməsini şərtləndirən
iki bəyanatın qəbul olunmasına baxmayaraq, toqquşmalar və gərglinliklər davam
edir, faktiki münaqişənin yeni fazasına daxil olmuşuq, anti-terror əməliyyatın
həyata keçiriləcəyi də istisna deyil".
Ekspert Rusiyanın qarşısında iki seçimin olduğunu
vurğulayıb:
"Rusiya bir tərəfdən strateji müttəfiqi Ermənistanı
dəstəkləyir, onu yenidən silahlandırır, Qarabağda erməni separatçıları ilə təmas
içindədir, ancaq o biri tərəfdən Azərbaycanla münasibətləri korlamaq istəmir. Lakin
Moskva üçün ikisini bir arada tutmaq getdikcə çətinləşir. Azərbaycan cəmiyyəti
Rusiyanın siyasətindən narazıdır, əksəriyyət ordunun Laçın dəhlizini nəzarət
altına almasını və Qarabağdakı separatçıları tərksilahını tələb edir. Ermənilərin
artan təxribatları bizdən bu prosesi sürətləndirməyi tələb edir.
Kreml iki yoldan birini seçməlidir: ya Ermənistanı
təxribatlardan çəkindirməli, iki dövlət arasında sülh sazişinin imzalanmasını,
sərhədlərin müəyyənləşdirilməsini, o cümlədən Zəngəzur dəhlizinin fəaliyyətə
başlamasını sürətləndirməli və bununla bölgədə sabitliyə nail olmalı, ya da Ermənistana
və onun təxribatlarına dayaq durmaqla tədricən Azərbaycanla münasibətlərin gərginləşdirməlidir".
Əzizə Zeynal
Sfera.az