Azərbaycan hərbçiləri Qafan - Gorus yolunu niyə bağlayıb? – Vacib açıqlama

12:36 / 26.08.2021
1704
Ermənistan mətbuatında yayılan məlumata görə, Azərbaycan
hərbçiləri Ermənistanı İranla birləşdirən Gorus-Qafan yolunun bir hissəsini bağlayıb.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzi
məlumat yayaraq bildrib
ki, avqustun 25-də,
saat 23:00 radələrində Azərbaycan tərəfi Qafan-Gorus dövlətlərarası yolun Dərbənd-Şurnux
hissəsini bağlayıb. Yayılan məlumatda yolun açılması, insanların və nəqliyyat
vasitələrinin normal hərəkətinin bərpası üçün işlərin davam etdirildiyi
bildirilib.
Maraqlıdır, Qafan-Gorus yolu hansı səbəblə bağlana
bilər?
Mövzu ilə bağlı Sfera.az-a danışan hərbi ekspert
Ramil Məmmədli Azərbaycan əsgərlərinin üçtərəfli bəyanatdan irəli gələn müddəaları
yerinə yetirdiyini bildirib:
"Azərbaycanla Ermənistan arasında imzalanan bəyanatdan
sonra Ermənistan öhdəlik götürdü ki, Azərbaycanın işğalda olan ərazilərini geri
qaytaracaq və Zəngəzur istiqamətində nəqliyyat infrastrukturunun qurulması üçün
maneə yaratmayacaq. Lakin keçən müddət ərzində Ermənistan bu öhdəliyi icra etməyib.
Buna baxmayaraq, Azərbaycan artıq bu istiqamətdə müəyyən işlər həyata keçirməyə
başlayıb. Belə olan halda Azərbaycan tərəfini bu şəkildə ittiham etmək təxribat
xarakteri daşıyır. Azərbaycan Ermənistanın mülki vətəndaşlarına təzyiq məqsədi
ilə hansısa tədbirin həyata keçirilməsində maraqlı deyil. Ermənistan rəhbərliyi
öz xalqına izah etməlidir ki, sözügedən ərazidə hansı işlər gedir və hansı məhdudiyyətlər
tətbiq oluna bilər".
"Bütün məsuliyyəti Azərbaycan tərəfinin üzərinə yıxmaq Ermənistandakı bəzi qüvvələrin təxribat cəhdinə hesablanıb. Görülən işlər barədə bu şəkildə məlumat yaymaq informasiya təxribatı kimi beynəlxalq təşkilatların diqqətini çəkməyə, onları Azərbaycana qarşı qoymağa yönəlib".
Əzizə Zeynal
Sfera.az