Əfqanıstandakı Azərbaycan hərbçiləri vətənə qayıdır - Açıqlama

11:47 / 26.08.2021
1214
"Əfqanıstandakı azərbaycanlı sülhməramlılar
Türkiyənin bu ölkədəki hərbi birləşməsinin tərkibindədir. Onlar ayrıca fəaliyyət
göstərmir”.
Bunu Sfera.az-a açıqlamasında hərbi ekspert,
polkovnik Şair Ramaldanov Türkiyə hərbçilərinin Əfqanıstandan çıxarılması barədə
danışarkən deyib.
Onun sözlərinə görə, sülhməramlılarımıza
Türkiyənin Əfqanıstanda olan qüvvələrinin bir hissəsi kimi yanaşmaq lazımdır:
"Ona görə də qardaş ölkə öz qüvvələrini oradan
çıxaranda Azərbaycan Ordusunun sülhməramlı kontingenti də çıxacaq və bu birmənalıdır.
Başqa variant yoxdur. Türkiyə sülhməramlılarının sözügedən ölkədə qalması yeni
hökumətlə, sülhməramlı missiyaları idarə edən NATO ilə razılaşdırılmışdı. Sadəcə,
onlar öz missiyasını yerinə yetirdilər və artıq Türkiyə planlı şəkildə öz qüvvələrinin
çıxarılması ilə bağlı qərar verib”.
Müsahibimiz Əfqanıstandakı sülhməramlılarımızla
bağlı gərginliyə ehtiyac olmadığını bir daha vurğulayıb:
"Bilirəm ki, cəmiyyətdə, ailələrdə müəyyən bir
gərginlik var idi. Bu gərginliyə səbəb olmadığı haqda Azərbaycan müdafiə naziri
Zakir Həsənov Türkiyədə olarkən öz bəyanatını vermişdi. İndi qərar qəbul edildi
və təbii ki, Türkiyənin sülhməramlı qüvvələrinin tərkibində olan azərbaycanlı hərbçilər
də çıxarılacaq. Qısa zamanda onları öz vətənimizdə görəcəyik”.
Günay Rəsulqızı