Kredit faizləri yenidən ARTIR

Kredit faizləri yenidən ARTIR
Azərbaycanda kredit faizlərində artım müşahidə edilir. Bu dinamika özünü əsasən manatla verimiş kreditlərdə göstərir. 

Sfera.az Mərkəzi Banka istinadən bildirir ki, manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 2021-ci ilin avqustun 1-də 14,04 olub. Bu göstərici 2020-ci ilin sonunda 13,6 faiz səviyyəsində idi. 

Manatla kredit faizlərində artım daha çox hüquqi şəxslərin aldığı vəsaitlərdə müşahidə edilib. Ötən ilin sonlarında hüquqi şəxslərin kreditlər üzrə borcu 9,27 faiz olduğu halda, avqustun 1-də 9,7 faizə yüksəlib. 

Fiziki şəxslər tərəfindən alınan kreditlər üzrə faizlər isə 16,08-dən 16,23-ə qədər artıb. 

Faizlərin artması manatla yeni verilən kreditlərdə də qeydə alınıb. 2020-ci ilin sonunda yeni verilən kreditlər üzrə orta faiz 15,65 olmuşdusa, bu ilin avqustun 1-də 17,6 faiz olub.  

Manatla kredit faizlərinin yüksəlməsi kredit vəsaitlərinə tələbin artması ilə bağlıdır. Bu ilin əvvəlindən xüsusi karantin rejiminin yumşaldılması, bütün sahələrdə biznes və əmək fəaliyyətinə icazə verilməsi sərbəst vəsaitlərə tələbi artırıb. Buna görə də ilin əvvəlindən bəri kredit qoyuluşu 5,7 faiz artaraq 15 milyard manata çatıb. Yalnız iyulda kreditlər 110 milyon manat həcmində artıb. 
İqtisadi artım davam etdikcə, eyni zamanda iqtisadiyyatın nominal dəyəri yüksəldikcə, kreditlərə tələb bir qədər də yüksələcək. Bununla əlaqədar olaraq ilin sonuna doğru kredit faizlərinin bir qədər də artması ehtimalı güclüdür. 

Vasif
Sfera.az
 


OXŞAR XƏBƏRLƏR