Universitetlər 15 sentyabra hazırlaşır: Qaydalara əməl etməyənlər dərsə buraxılmayacaq

Universitetlər 15 sentyabra hazırlaşır: Qaydalara əməl etməyənlər dərsə buraxılmayacaq
Ümumi təhsil müəssisələrinin 2021-2022-ci dərs ili üçün tədris planları təsdiqlənib. Təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrə əsasən, məktəblərdə və universitetlərdə dərslər sentyabrın 15-də başlayacaq. Bununla da pandemiya şəraitində olmağımıza baxmayaraq, tədrisin ənənəvi vaxtda – 15 sentyabrda açılacağı elan edilib.

Universitetlərdə yeni tədris ilinə hazırlıq, eyni zamanda tələbələrin və müəllimlərin vaksinlənmə prosesi necə davam edir?

Sfera.az xəbər verir ki, Modern.az saytı bununla bağlı universitetlər arasında sorğu keçirib.

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova bildirib ki, tələbələrin vaksinasiyadan keçməsi və yeni tədris ilinə hazırlıq prosesi öz axarında davam edir:

"Azərbaycan Texniki Universitetində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir. Universitetin daxili otaqları, eyni zamanda həyəti həftəsonu dezinfeksiya olunur. Universitet daxilində pandemiya əlehinə qoruyucu vasitələrdən istifadə edilir.

Sentyabrın 15-dən dərslərin hansı formada  keçiriləcəyinə gəlincə qeyd edim ki, bununla bağlı hələlik rəsmi qərar yoxdur. Bildiyimiz kimi, Təhsil Nazirliyi və Operativ Qərargah pandemiya dövründə sözügedən məsələ ilə bağlı birgə qərar qəbul edir və ictimaiyyətə açıqlayır. Bu il də hansı qərar olacaqsa, biz həmin qərarı icra edəcəyik. Universitet olaraq həm ənənəvi, həm də distant formada təhsili davam etdirməyə hazırıq.

Tələbələrin vaksinasiyadan keçməsi ilə bağlı sualınıza gəlincə, hamı kimi AzTU tələbələri də bilir ki, sentyabrın 1-dən ölkədə müxtəlif obyektlərə, eləcə də universitetə daxil olmaq üçün COVID-19 pasportu tələb olunacaq. Universitet tərəfindən də bununla bağlı tələbələrə məlumat verilib. Hazırda tələbələrin vaksinasiyadan keçməsi prosesi davam edir və vaksinasiyadan keçən tələbələrin məlumatları toplanılır”.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova tədris prosesinin necə olacağı barədə hələlik qərar qəbul edilmədiyini, amma tələbələr və əməkdaşlar arasında vaksinlənmə prosesinin davam etdiyini deyib: 

"Sualınıza cavab olaraq bildirirəm ki, Azərbaycan Tibb Universiteti yeni tədris-təhsil ilinə hazırlıqda Nazirlər Kabinetinin 229 saylı qərarına əsaslanır. Məlum olduğu kimi, bu qərara əsasən dövlət orqanlarının əməkdaşlarının, həm də bütün elm və təhsil müəssisələrinin işçilərinin sentyabrın 1-nə qədər azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir. Biz də əməkdaşlarımızın diqqətinə çatdırmışıq. Eyni zamanda, tələbələr də vaksinlə bağlı qoyulan tələbdən xəbərdardırlar. Bu qaydalara riayət etməyən professor müəllim heyətinin üzvləri universitetə buraxılmayacaq.

Lakin universitet daxilində tədris prosesinin təşkili, tələbələrin növbəli şəkildə dərslərə gəlməsi, hansısa fakültələrdə dərslərin əyani, hansındasa online keçirilməsinə dair qərar verilməyib. Hələlik tədris prosesinin təşkili ilə bağlı universitet daxili qaydalar hazırlanmayıb”.

Bakı Dövlət Universitetinin mətbuat katibi Günel İsgəndərovanın sözlərinə görə, vaksinasiyanın əhatə dairəsinin genişlənməsi üçün gücləndirilmiş təbliğat aparılacaq:

"Pandemiya şərtlərinin yüngülləşməsində, eləcə də ənənəvi təhsilin bərpa olunmasında vaksinasiyanın əhatə dairəsinin genişlənməsinin önəmini nəzərə alaraq Bakı Dövlət Universitetində peyvəndlənmə ilə bağlı maarifləndirmə və təbliğat işləri gücləndiriləcək. Universitetin akademik heyəti və işçiləri məzuniyyətdən qayıtdıqdan sonra mövcud durumdan xilas olmaq üçün ən səmərəli vasitənin vaksinasiya prosesi olması ilə bağlı müvafiq maarifləndirmə işlərinin aparılması nəzərdə tutulub”.

Azərbaycan Diplomatik Akademiyasının mətbuat xidmətinin rəhbəri Şəbnəm Məhərrəmova isə deyib ki, tələbələrin və əməkdaşların vaksinasiya prosesi kompus daxilində baş tutub:

"Universitetdə 15 sentyabra lazımi qaydada işlər gedir. Kompus daxilində həm əməkdaşlarımızın, həm də tələbələrimizin vaksinasiyasını aparırıq. Online platforma üzərindən bizim tələbələrimiz qeydiyyatdan keçib, daha sonra gəlib vaksin olundular. Həftə sonları universitet xüsusi təmizləyici məhlullarla dezinfeksiya olunur. Bütün strategiyaları müəyyənləşdirməyə çalışırıq ki, yeni tədris ilində minimum yoluxma halı ilə dərsləri həyata keçirə bilək”.

Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat katibi Elnarə Məmmədova qeyd edib ki, ənənəvi tədrislə bağlı tədbirlər öz axarında davam edir:

"Universitetimiz istər hibrit, istərsə də ənənəvi qaydada dərslərin keçirilməsinə tam hazırdır. Vaksinlənmə prosesində heç bir problem yoxdur. 18 yaşdan yuxarı tələbələrimizin demək olar ki, yarıdan çoxu artıq vaksinin hər iki dozasını qəbul edib. Universitetin daxilində poliklinikamız var və içəri daxil olan hər kəsin hərarəti ölçülür. Daha sonra dezinfeksiya edici aparatdan keçirlər”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov isə vurğulayıb:

"Tələbələrin böyük bir qismi qərar qəbul edilməmişdən öncə vaksin olunmuşdu. Bu proses avqust ayının əvvəllərindən başlayaraq daha da sürətləndi. Artıq 80%-dən çox tələbəmiz vaksin olunub.

Qoruyucu tədbirlərə gəldikdə isə universitetdə hər bir qoruyucu tədbir və dezinfeksiya işləri aparılır. Yeni tədris ilində dərs prosesinin necə aparılacağı barədə hələ dəqiq məlumat yoxdur”.
 

OXŞAR XƏBƏRLƏR

İran şirkətləri Azərbaycanda infrastruktur layihələrində iştiraka dəvət edildi

Dövlət xətti ilə Azərbaycanda bir çox infrastruktur layihələri həyata keçirilir. Biz İran şirkətlərini bu layihələrdə iştiraka dəvət edirik.   Sfera....

Şuşanın işğalı əməliyyatında iştirak etdiyini təsdiqləyib

Aprelin 28-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal...

84 yaşlı həkim itkin düşdü

Qusar rayonunda 84 yaşlı kişi itkin düşüb.   Sfera.az xəbər ki, 1941-ci il təvəllüdlü Arif Uluxan oğlu Uluxanov aprelin 26-da saat 14 radələrind...

Pezeşkian Bakının ən hündür nöqtəsində- FOTOLAR

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Bacılar Xatirəyə cavab verdilər: "Vulqar şəkildə geyinmirik..."

Sevil və Sevinc Səfərova bacıları Xatirə İslamın “Oğluma onları almazdım, qısa geyinirlər” sözlərini cavabsız qoymayıblar.   Əkiz müğənni...

Kanadada festival zamanı maşın izdihamın üzərinə çırpıldı - Ölənlər var

Kanadada aprelin 26-da axşam Vankuverdəki “Lapu Lapu Day Block Party”də faciəli hadisə baş verib. İlkin məlumatlara görə, avtomobilin bayram şənliyi...