Qadağalara baxmayaraq idxalda kəskin artım: 721,6 milyon dollarlıq mal gətirilib

Qadağalara baxmayaraq idxalda kəskin artım: 721,6 milyon dollarlıq mal gətirilib
2020-ci ildə fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının sərtləşdirilməsinə baxmayaraq idxal kəskin şəkildə artıb. 

Sfera.az xatırladır ki, qeyd edilən tarixə qədər fiziki şəxslər ay ərzində poçt vasitəsilə 1000 dollar dəyərində mal sifariş edə bilərdi. Dəyişiklikdən sonra limitin məbləği 300 dollara düşüb. Eyni zamanda fiziki şəxs özü ilə ölkəyə yalnız 1500 dollar dəyərində mal gətirə bilərdisə, yeni qaydalarla məbləğ 800 dollara salınıb.

Qaydaların sərtləşdirilməsinə baxmayaraq ötən müddətdə idxal daha çox artıb.

2021-ci ilin ilk 7 ayının məlumatına əsasən, fiziki şəxslər tərəfindən 721,6 milyon dollar dəyərində idxal həyata keçirilib. Eyni dövrdə idxal 2018-ci ildə 330 milyon dollar, 2019-cu ildə 502,6 milyon dollar, 2020-ci ildə 523 milyon dollar olmuşdu.

Bu il fiziki şəxslər tərəfindən gətirilən malların dəyəri ötən ilin eyni dövrünə nisbətən 198,6 milyon dollar və ya 38 faiz artıb.

Bəs, idxal şərtlərinin sərtləşdirilməsinə baxmayaraq fiziki şəxslər tərəfindən xaricdən daha çox mal gətirilməsinin səbəbi nədir?

İqtisadçı-ekspert Xalid Kərimli hesab edir ki, fiziki şəxslər tərəfindən idxalın artması elektron ticarət vərdişlərinin yaxşılaşması ilə bağlıdır. Ekspert qeyd etdi ki, xüsusi karantin rejiminin tətbiqi onlayn sifarişlərin dəfələrlə artmasına səbəb olub. Bu vəziyyətin xaricdən sifariş həcmlərini də artırdığını söyləyən X.Kərimli bununla fiziki şəxslər tərəfindən idxalda artımın baş verdiyini dedi: 

"Pandemiya dövründə istehlakçıların davranışında müəyyən dəyişikliklər ortaya çıxıb. Onlayn sifarişlər artıb, elektron ticarət dövriyyəsi genişlənib. Bu hal yalnız Azərbaycanda deyil, həm də digər ölkələrdə də müşahidə olunub. Karantinlə əlaqədar mağazalar işləmədiyindən insanlar məcbur qalıb elektron ticarət formasından istifadə ediblər. Bu formada ticarətdən ilk dəfə istifadə edən insanların sayı xeyli artıb. Həmin insanlar şəxsi istifadə üçün lazım olan malların belə xaricdən sifariş ediblər. 

Bu vəziyyət müasir vərdişləri formalaşdırdığından 2021-ci ildə də onlayn sifarişlər artmaqda davam edib. İnsanlar görür ki, elektron ticarət əməliyyatları zamanı alınan mallara çəkilən xərclər ənənəvi ticarət formasına nisbətən daha azdır. Yəni elektron ticarətlə əldə edilən mallar daha ucuz başa gəlir. Buna görə də gələcəkdə də fiziki şəxslərin idxalında artım davam edəcək”.  

Vasif
Sfera.az


OXŞAR XƏBƏRLƏR