Bu model avtomobillər bazarda daha çox alıcı tapır

İqtisadiyyat
14:54 / 24.08.2021
956
Azərbaycana idxal edilən avtomobillərin gömrük xərclərinin artırılması bazarda satışa çıxarılan avtomobillərin model sayında dəyişikliyə səbəb olub. Əvvəllər bazarda azsayda satışa çıxarılan modellərin sayı son 2-3 ildə gömrük xərclərinin əlverişli olması səbəbindən kəskin artıb.
Sfera.az bildirir ki, bazarda hələlik ənənəvi modellər üstünlük təşkil edir. Amma mövcud dinamika qalarsa, say üstünlüyü ənənəvi olmayan avtomobil modellərinə keçəcək.
Avtomobil alqı-satqı saytı olan turbo.az-da yerləşdirilən elanlara diqqət etdikdə görürük ki, hazırda satışda daha çox "Mercedes E” klass avtomobil modeli təklif edilir. Onların sayı 2418 ədəddir.
İkinci sırada "LADA (VAZ) 2107” modelidir. Bu modeldən 2048 avtomobil satışa çıxarılıb.
"Mercedes C” klass avtomobil modeli sıralamada üçüncüdür. Satışa çıxarılan bu model avtomobillərin sayı 1877 ədəddir.
"LADA 2106”ların sayı isə 1376-dır.
Yuxarıda adıçəkilənlər əvvəllər Azərbaycana daha çox idxal edilmiş modellərdir. Artıq "LADA 2107” və "LADA 2106” modelləri istehsal edilmir, "Mercedes”in C və E klass modellərinin idxalı isə çox azalıb.
Son 2 ildə sayı sürətlə artan modellərin siyahısında "Opel Astra” modeli ilk sıradadır. Bu modeldən olan avtomobillərin idxalı kəskin artdığından bazarda satışa çıxarılanların sayı 1641-ə yüksəlib.
Sayı sürətlə artan digər model "Chevrolet Cruze”dur. Onların təklif sayı 1155-dir. Toyotanın "Prius” modelinin sayı 507-yə, "Kia Rio”ların sayı 411-ə yüksəlib.
Bunlarla bərabər "Hyundai i30” və "Kia Ceed” modellərinin də sayı sürətlə artır.
Bu model avtomobillərin ölkəmizə daha çox gətirilməsi onların gömrük xərcinin az olması ilə bağlıdır. Həmin modellər 1,3-1,5 litr mühərriklə təchiz edilib və belə mühərriklərə görə gömrük xərci 4000-5000 manat intervalında dəyişir. Bu qiymət Azərbaycan alıcısı üçün digər modellərin rəsmiləşdirilməsinə çəkilən xərclə müqayisədə əlverişli olduğundan həmin modellərin idxalı sürətlə artır.
Vasif
Sfera.az