Azərbaycan qaz hasilatını artırır

İqtisadiyyat
12:06 / 24.08.2021
813
2021-ci ilin ilk 7 ayının məlumatına əsasən, Azərbaycanda 24,1 milyard kub metr qaz hasil edilib. Qazın 7,5 milyard kub metri "Azəri-Çıraq-Günəşli”dən, 12 milyard kub metri "Şahdəniz”dən, 4,6 milyard kub metri SOCAR üzrə hasil olunub.
Sfera.az bildirir ki, ötən ilin müvafiq dövrünə nisbətən Azərbaycanda qaz hasilatı 7,8 faiz, yəni 1,7 milyard kub metr artıb.
Hasilatla bərabər xaricə qaz satışı da artıb. Bu ilin 7 ayında xaricə qaz satışı təxminən 10,4 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,2 milyard kub metr, Avropaya təqribən 4 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 58,4 milyon kub metr qaz verilib.
Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,2 milyard kub metrdən çox qaz nəql olunub.
Yataqlar istismara veriləndən cari ilin avqustun 1-nə kimi "Azəri-Çıraq-Günəşli”dən 184 milyard kub metrdən çox, "Şahdəniz”dən isə 147 milyard kub metrə yaxın qaz hasil edilib. Bu dövrdə "Şahdəniz” yatağından hasil edilən qazın təxminən 100 milyard kub metrdən çoxu ixraca nəql edilib.
Vasif
Sfera.az