Hansı bank hansı müştərilərlə işləməyə üstünlük verir? - Araşdırma

15:25 / 23.08.2021
1455
Son illər bank müştərilərinin sayında nəzərəçarpacaq
artım müşahidə edilir. 2021-ci il iyulun 1-nə olan məlumata əsasən, bankların
10,47 milyondan artıq müştərisi var. 2014-cü ildən bəri müştərilərin sayı 2 dəfə
artıb.
Sfera.az bildirir ki, banklar üçün əsas hədəflərdən
biri müştəri məmnuniyyətini təmin edib, daha çox müştəri ilə işləməyə nail
olmaqdır. Amma bu məqsədə çatmaq üçün banklar heç də bütün şəxslərlə əməkdaşlıq
etmir. Banklar müştəri kontingentini müəyyənləşdirərkən daha çox güvəndiyi sahələrin
nümayəndələri ilə işləməyə üstünlük verirlər.
Bəs, Azərbaycanın tanınmış bankları hansı müştəri
kontingentinə üstünlük verir?
Bank müştəriləri 3 qrupa bölünür: cari hesabı
olanlar, kredit alanlar və depozit yerləşdirənlər. Rəsmi məlumatlara əsasən,
müştəri hesablarının 19,929 milyondan çoxu cari, 3,15 milyondan çoxu kredit,
235,2 mindən çoxu depozit hesabıdır.
Bunlar ümumi məlumatlardır. Bankların hər biri
ilə bağlı ayrıca məlumata isə rast gəlmək olmur. Çünki banklar müştərilərlə
bağlı məlumatları açıqlamağı sevmir. Hətta bir çox bank müştəri sayı, onun
hansı katiqoriyaya aid olması ilə bağlı hər hansı informasiya vermir.
Bununla belə bəzi banklar müştəri kontingenti
ilə bağlı səthi məlumatlar açıqlayır.
Həmin məlumatların təhlili zamanı bəlli olur
ki, Azərbaycanda ən böyük müştəri kontingenti olan bank "Kapital Bank” ASC-dır.
"Kapital Bank” 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxsə xidmət
göstərir.
Bankın məlumatlarına əsasən, müştəri
kontingentinin böyük hissəsi dövlət büdcəsindən maliyyələşən təşkilatlarda
çalışanlar, o cümlədən təhsil işçiləri, həmçinin pensiyaçılardır.
Bununla belə bankın, xidmət şəbəkəsi geniş
olduğuna və böyük maliyyə vəsaitinə sahib olduğuna görə müştəri kontingenti də
çeşidlidir. Şəxsi, ailəvi və sair məqsədlər üçün bankla əməkdaşlıq edən fiziki
şəxslər çoxdur. Bu şəxslər banklardan cəmi kreditlərin 74 faizini alıb. Müştəri
çoxluğuna görə sənaye, ticarət, informasiya və rabitə, tikinti sahələri də
seçilir.
Ölkəmizin ən böyük bankı olan "Azərbaycan Beynəlxalq
Bankı” ASC-nin 1,5 milyona yaxın müştərisi var. Onlardan 1,4 milyon nəfərdən
çoxu fiziki şəxs, 20 minə yaxını hüquqi şəxsdir.
"Azərbaycan Beynəlxalq Bankı” kiçik və orta
biznes sahələri, energetika, nəqliyyat-kommunikasiya, neft-kimya və s. sahələrdə
reallaşdırılan irimiqyaslı dövlət layihələrində, sosial proqramlarda yaxından
iştirak edir. Eyni zamanda qeyri-neft sektorunda çalışan iri, kiçik və orta
sahibkarlıq subyektlərinin maliyyələşdirilməsinə fəal dəstək verir. Həmçinin fərdi
müştərilərin pərakəndə bank məhsul və xidmətlərinə olan ehtiyaclarını
qarşılayır.
Ölkəmizin daha bir böyük bankı olan "Paşa
Bank” ASC biznes sektoru ilə işləməyə üstünlük verir. Bank əsasan ticarət və
tikinti sektorları üzrə çalışır. Sənayenin müxtəlif sahələri, kənd təsərrüfatı
sahələrində də müştəri kontingenti çoxdur.
"Xalq” Bank" ASC müştəri kontingenti əsasən sənaye
sektorunu əhatə edir. Təsadüfi deyil ki, bankdan alınan kreditlərin 26 faizi bu
sahəyə verilib. Ticarət, kənd təsərrüfatı, tikinti sahələri bankın digər müştəri
kontingentini formalaşdırır.
Müştəri məmnuniyyəti yüksək olan banklardan
biri də "Turanbank”dır. "Turanbank” biznes sektoru ilə işləməyə üstünlük verir.
Bununla bağlıdır ki, bank kreditlərin 65 faizindən çoxu biznes sahələrinə
ayırıb.
Bankın kreditlərinin 174 milyon manatını
(53,2%) korporativ kreditlər, 45 milyon manatını (13,8%) kiçik və orta biznes
kreditləri, 38 milyon manatını (11,6%) mikrokreditlər, 70 milyon manatını
(21,4%) isə pərakəndə müştərilərə verilən kreditlər təşkil edib.
"Banklar sabit və yüksək gəliri olan, yaxud
yaxşı girov qoya bilən müştərilərlə işləməyə üstünlük verir”. Bu qənaətdə olan
bank sahəsi üzrə ekspert Əkrəm Həsənov isə deyir ki, banklar rəsmi gəliri yüksək
olan bütün müştərilərlə işləməyi sevir.
Ekspert bidirdi ki, banklar rəsmi gəliri yüksək
olmayan bəzi sahələrdə çalışan müştərilərlə də əməkdaşlıq etməkdən çəkinmir:
"Banklar Azərbaycanda sahələr üzrə çalışanların gəlirinin hansı səviyyədə
olduğunu təxmini olsa da bilir. Məsələn, orta məktəb müəllimi kredit götürmək
istəyir. Bank əməkdaşı müəllimin hansı fənni tədris etməsi ilə maraqlanır. Əgər
müəllim riyaziyyatdan dərs deyirsə və iş təcrübəsi böyükdürsə, deməli həmin müəllim
böyük ehtimalla repetitorluq da edir, onun gəliri yüksəkdir. Bank bunu nəzərə
alaraq həmin müəllimlə əməkdaşlıq edir. Amma müəllim idman müəllimidirsə, ona
kredit vermir”.
Ə.Həsənov bank və sığorta qurumları, hərbi,
hüquq-mühafizə xidmətləri, təhsil, səhiyyə, energetika, ticarət, xidmət
sektorlarında çalışan işçilərlə bankların daha çox əməkdaşlıq etdiyini dedi.