Azərbaycanda onlayn alış-veriş bumu: Sifarişlərin 67 %-ini qadınlar edir

Azərbaycanda onlayn alış-veriş bumu: Sifarişlərin 67 %-ini qadınlar edir
Müasir dövrdə alış-verişin ən çox yayılan formalarından biri də onlayn alış-verişdir. Xüsusilə pandemiyadan sonra getdikcə müştərilər arasında bu sahə sürətlə populyarlaşıb. Bunun əsas səbəblərindən biri də geyimdən tutmuş, məişət texnikasına qədər hər şeyin alınmasının internetdə daha sadə olmasıdır.
 
Bəs, Azərbaycanda onlayn alış-veriş sahəsinin vəziyyəti necədir?

Bununla bağlı Sfera.az-a açıqlama verən marketoloq Müzəffər Qaraxanlı qeyd edib ki, statistikalara nəzər saldıqda onlayn alış-verişin artım tendensiyasını izləmək mümkündür:

"Hər region üzrə bu artım fərqlidir. Məsələn, Azərbaycan üzrə əsas sifariş edilən bölgələr Bakıdan sonra Sumqayıt, Gəncə, Quba, Qusar, Xaçmaz, Bərdə və Şəkidir. Qeyd etdiyim bölgələrdə yaşayan insanlar daha çox onlayn alış-veriş edirlər. Ümumiyyətlə, Azərbaycanda onlayn alış-veriş tendensiyası hər keçən gün artır. Nəzərə alsaq ki, ölkənin 80 faizi internet istifadəçisidir, gələcəkdə ciddi "e-commerce” alışqanlığının olacağı gözləniləndir. 

Xatırladım ki, Azərbaycanda internet istifadəçilərinin sayı 2020-2021-ci illərdə 202 min (+2,5%) artıb. Bu ilin yanvarında ölkəmizdə 4.30 milyon sosial media istifadəçisi var idi. Pandemiyanın da ciddi təsirindən sonra, 2020-2021 -ci illərdə sosial media istifadəçilərinin sayı 600 min (+16%) artıb”.

Müsahibimizin sözlərinə görə, hazırda ölkəmizdə onlayn alış-veriş edənlərlərin 67 %-ini qadınlar təşkil edir:

"Qalan 33 % isə kişilərin payına düşür. Bu 33 %-dən 9.3%-i limiti (300 ABŞ dollar) keçdiyinə və ya limitə yaxınlaşdığına görə, ailə üzvlərində olan kişinin (qardaşı, atası və s.) adından məhsul sifariş edən qadınlardır.

Onlayn alış-veriş edənlər arasında əsasən 25-34 yaşlı insanlar üstünlük təşkil edir. Digər tərəfdən Azərbaycanın 2020-ci ilə qədər ümumi elektron ticarət gəliri 388 milyon dollar dəyərində olub. Ölkəmizdə onlayn alış-verişin illik ortalama böyümə faizi isə 7.2 faizdir”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR