Bakıda adambaşına düşən aylıq xərc 1000 manata yaxındır – STATİSTİKA

İqtisadiyyat
12:23 / 21.08.2021
1576
Azərbaycan əhalisinin 23 faizinin Bakıda qeydiyyatda olmasına baxmayaraq, ölkə üzrə istehlak bazarının, o cümlədən onun iki əsas hissəsi olan pərakəndə ticarət və pullu xidmətlərlər bazarının böyük hissəsi paytaxtda formalaşır.
2021-ci ilin birinci yarısının məlumatlarına əsasən, ölkə üzrə istehlak bazarının həcmi 23,24 milyard manat, pərakəndə ticarət bazarının həcmi 19,4 milyard manat, pullu xidmətlər bazarının həcmi 3,84 milyard manat olub.
Sfera.az bildirir ki, Azərbaycanın istehlak bazarının 57,3 faizi, pərakəndə ticarət bazarının 56,7 faizi, pullu xidmət bazarının 60 faizi isə paytaxtda formalaşıb.
Birinci yarımildə Bakıda əhali istehlaka 13,33 milyard manat xərcləyib. Bir ay üzrə xərc 2,21 milyard manat, hər nəfərə düşən ortaaylıq xərc isə 960 manat olub. Respublika üzrə adambaşına düşən aylıq xərc 388 manatdır. Ölkə üzrə adambaşına düşən göstərici ilə müqayisədə Bakıdakı istehlak xərci 2,47 dəfə yüksəkdir.
İstehlak bazarının əsas hissəsi pərakəndə ticarət bazarından ibarətdir. Respublika üzrə pərakəndə ticarətə xərclənən pulun 11 milyard manatı Bakıda xərclənib. Paytaxtda bir nəfər orta hesabla hər ay 797 manat ticarətdə pul xərcləyib. Adambaşına xərc göstəricisi respublika üzrə olan göstəricidən 2,47 dəfə böyükdür. Ölkə üzrə əhali ticarətdə 323 manat xərcləyib.
Bakının xidmətlər bazarında da payı çox yüksəkdir. Ölkə üzrə olan 3,84 milyard manatlıq pullu xidmətlər bazarının 2,33 milyard manatı paytaxtda formalaşıb. Xidmətlərin 234 milyon manatı ictimai iaşə xidmətlərindən ibarətdir. Ölkə üzrə ictimai iaşə xidmətlərinin 63,7 faizi Bakının payına düşür. Bir bakılı hər ay iaşə xidmətinə orta hesabla 17 manat xərcləyib. Adambaşına düşən göstərici ölkə üzrə olan göstəricidən təxminən 3 dəfə çoxdur. İctimai iaşə müəssisələrində ölkə üzrə hər ay adambaşına 6 manat xərclənib.
Bakıda digər pullu xidmətlərin həcmi 2,094 milyard manat olmaqla adambaşına 152 manat təşkil edib. Ölkə üzrə bu göstərici 63 manat olmaqla paytaxtda qeydə alınan göstəricidən 2,4 dəfə az olub.
Müqayisədən göründüyü kimi, paytaxtda əhalinin adambaşına düşən istehlak xərcləri əyalətlərlə müqayisədə xeyli böyükdür. Bunun 2 səbəbi var.
Birinci əsas səbəb əhalinin faktiki məskunlaşması ilə rəsmi qeydiyyat göstəricilərinin uyğun olmamasıdır. Belə ki, Bakıda rəsmi məlumatlarda olduğu kimi heç də 2,3 milyon insan daimi yaşamır. Paytaxt əhalisinin faktiki sayı rəsmi qeydiyyatda olan əhali sayından təxminən 2 dəfə çoxdur. Paytaxtda 4,5-5 milyon insanın daimi yaşadığı ehtimal edilir.
Buradan məlum olur ki, 5 milyona yaxın insanın ticarət və pullu xidmətlərlə bağlı xərcləri hər ay toplanaraq 2,3 milyona bölünür. Buna görə də Bakıda həm pərakəndə ticarət, həm də pullu xidmət xərclərinin adambaşına düşən hissəsi xeyli böyük olur.
Əyalətlərdə isə vəziyyət əksinədir. Regionlarda faktiki əhali sayı rəsmi qeydiyyatda olan əhali sayından azdır. Bu səbəbdən əyalətlərdə adambaşına düşən ticarət və xidmət xərcləri daha az görünür.
Bakıda adambaşına düşən xərclərin yüksək olmasının ikinci səbəbi paytaxtda gəlirlərin yüksək olmasıdır. Burada həm maaşların məbləği, həm də sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlər yüksək olduğundan əhalinin xərc imkanları əyalətlərə nisbətən yüksəkdir.
Vasif
Sfera.az