"Azərbaycan “StarLink”lə əməkdaşlıq edə bilər" - İnternet problemi nəhayət həllini tapır?
11:22 / 21.08.2021
1344
Son dövrlər ölkə ərazisində internetin keyfiyyəti ilə bağlı ciddi problemlər yaşanır. Bu istiqamətdə səsləndirilən narazılıqlar hələ də davam edir, hətta artır desək, yanılmarıq.
Maraqlıdır, Azərbaycanda internet problemi necə həll olunacaq?
Bununla bağlı Sfera.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz xatırladıb ki, Azərbaycanda internetin əlçatımlığı və keyfiyyəti ilə bağlı problem uzun müddətdir ki, öz həllini tapa bilməyib:
"Hökumət tərəfindən bu problemin kökündən həlli istiqamətində müəyyən cəhdlər olsa da, indiyədək bunlar reallaşmayıb. Xüsusən də regionlarda və kəndlərdə, o cümlədən Bakı ətrafında və əhalinin daha az məskunlaşdığı ərazilərdə bu problem daha ciddidir. Ötən il Bakı ətrafında keyfiyyətli internetə əlçatımlıqla bağlı böyük həcmdə dövlət vəsaitləri ayrılsa da, hələlik real nəticələr ortada yoxdur. Qonşu ölkələrdə bu istiqamətdə müəyyən üstünlük olsa da, müşahidələr göstərir ki, elə onların da bəzilərində oxşar problemlər qalmaqdadır.
Azərbaycanda bu problemin həlli üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yeni yanaşma irəli sürüb. Nazirlik bu problemi dövlət və özəl tərəfdaşlığı çərçivəsində, yəni dövlət provayderi olan "Aztelekom" və ya "Baktelecom"la, digər özəl provayderlərin əməkdaşlığı ilə həll etmək niyyətindədir. Amma hələlik bu əməkdaşlığın prinsipləri, dövlət və özəl provayderlərin hüquq və vəzifələri haqqında heç bir açıqlama verilməyib”.
Ekspert qonşu ölkələrin təcrübəsindən də söz açıb. O qeyd edib ki, qonşu ölkələr əhalinin daha az yaşadığı ərazilərdə, ucqarlarda və kəndlərdə bu problemi həll etmək üçün son dövrlərdə daha innovativ yanaşma sərgiləyirlər:
"Qazaxıstan, Qırğızıstan və Gürcüstan artıq "StarLink” və "One Web” ilə danışıqlar apararaq onların peyklərindən internet əldə etməklə adı çəkilən ərazilərdə keyfiyyətli internetə əlçatanlıq problemini həll etmək niyyətindədir. Starlink və OneWeb dünyanın istənilən yerində internet təminatını həyata keçirməyə imkan verən qlobal peyk sistemləridir. Bu tip internetin əldə edilməsi üçün müəyyən avadanlığa və routerə sahib olmaq tələb olunur.
Azərbaycanda bu tip peyk internetinin əldə edilməsi imkanları haqqında hələlik rəsmi açıqlamalar verilməyib. Amma "Azərkosmos"un son açıqlamalarından və addımlarından belə güman etmək olar ki, bizdə də "StarLink” və ya "OneWeb” kimi operatorlardan internet əldə edilməsi istisna olunmur. Son zamanlar Azərkosmos Çinin kosmos sahəsində kommersiya fəaliyyətini həyata keçirən məşhur "Satelliteherd” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bu şirkət "Azərkosmos”un Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində diametri 4,2 metr olan yerüstü antennasını da quraşdırıb. Düşünmək olar ki, gələcəkdə Azərkosmos da qlobal peyk sistemlərindən internet əldə edilməsini nəzərdə tutur”.
Günay Rəsulqızı
Sfera.az